Məhkəmə qərarları › İş №2(009)-2190/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2190/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2190/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iddia ərizəsinin mümkünlüyü məsələsini öyrənərək hesab edir ki, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi prosedurana “İpoteka haqqında” AR Qanununun tələblərinə uyğun əməl olunmamışdır. Bu isə mübahisənin məhkəmədənkənar həlli qaydasının pozulması kimi qiymətləndirilir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «İpoteka haqqında» AR Qanununun 36.1-cı maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Göstərilən Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı orqanında qeydiyyat alınmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyindən, tutulmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başalnıla bilməz. Belə ki, iş materiallarında iddiaçı tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ƏMDX yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişin qeydə alınması ilə bağlı müraciət göndərilməsi barədə sübutlar mövcud deyil. Hakim izah edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl tutmanın ipoteka predmetinə yönəlidməsi barədə bildirişi ipotekanın dövlət qeydiyyatı orqanında qeydə almalı (ərizə əsasında bildirişin qeydə alınması barədə müvafiq qeyd aparılmalıdır), həmin ərizə qeydiyyat orqanı tərəfindən qəbul edilməli və müvafiq qeydiyyat aparılaraq ərizəçiyə geri qaytarıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddət keçdikdən sonra tutulmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılmalıdır. «İpoteka haqqında» AR Qanununun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Beləliklə hakim hesab edir ki, qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyat orqanında qeydiyyata alınması proseduru nəzərdə tutulsa da, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada bu prosedura riayət olunmadığından (bildirişin qeydə alınmasını təsdiq edən sübutlar olmadığından), bununla da mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət olunmadığından, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim həmçinin qeyd edir ki, iddiaçı tərəfindən həmçinin tutmanın yönəldilməsi haqqında bildirişdən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət də gözlənilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Hakim izah ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizə dövlət qeydiyyatına alındıqdan sonra bu barədə cavabdehə bildiriş göndərilməli və 21 təqvim günə keçdikdən sonra həmin bildirişdən cavabdeh tərəfindən məhkəməyə şikayət verilmədiyi halda, tutmanın məhkəmə qaydasında ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəməyə müraciət oluna bilər. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar