Məhkəmə qərarları › İş №2(009)-2194/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2194/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2194/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 780,51 manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 43,67 manat, cəmi 824.18 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, ******* №-li kredit müqaviləsinə əsasən ona illik 10 faiz dərəcəsi ilə 780.51 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılması, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit 36 ay müddətinə verili rvə həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.2.-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca ica etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə iddia qaldıran günə onun banka əsas borc üzrə 780.51 manat, xx.xx.2020ci il tarixə faiz borcu üzrə 43.67 manat, cəmi 824.18 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, xx.xx.2013cü ildə “Sunny Elektroniks” adlı mağazadan notebuk almış, həmin əmlakın pulunu ödəmək üçün İddiaçı ASC-nin Həyat filialı ilə kredit müqaviləsi bağlamaqla bankdan 1120 manat kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə ilkin ödəniş etmiş, sonra “Sunny Elektroniks” adlı mağazadan ona Vüsal və Heydər adlı şəxslər zəng edərək növbəti ayın ödənişlərinin mağazaya ödənilməsini tələb etmiş və qeyd etmişlər ki, bundan sonra ödənişlər yalnız mağazaya edilməlidir. Bundan sonra o, aldığı notebukun pulunu Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən “Sunny Elektroniks” mağazasına ödəmişdir. Onun aldığı notebuka görə heç bir borcu qalmamışdır. Bununla yanaşı, xx.xx.2020-ciil tarixdə həmin mağaza bağlanmış və onun harada yerləşdiyi məlum deyil. Bu ilin mart ayında onu İddiaçı ASC-nin Nərimanov filialına dəvət edərək bildirmişlər ki, o, 7 il bundan əvvəl onun mağazadan aldığı 1120 manat bir ədəd notebukun pulunu ödəməmişdir və ona görə də, onunla problemli kreditin restrukturizasiya edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, yeni ödəniş cədvəli açılaraq ayda 25,10 manat ödəniş etməli olduğu ona bildirilmişdir. O, iddia tələbində göstərilən həmin borcu qəbul etmir. Belə ki, onun mağazaya heç bir borcu qalmamışdır. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir, belə ki, mağaza ona bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. O, “Sunny Elektroniks” mağazası tərəfindən aldanıldığı barədə dəfələrlə polisə müraciət etmiş, lakin hər dəfə mağaza müdiri Musayev Ramil tapılmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı tərəf ona təkli etdi ki, onlarla müqavilə bağlamalıdır və o, məcburiyyət qarşısında qalaraq müqaviləyə imza etmişdir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli problemli kreditin (Sunny Electronics) Restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən illik 10 faiz dərəcəsi ilə 780.51 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc üzrə qalıq məbləğ 780.51 manat, faiz borcu üzrə qalıq məbləğ 43.67 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, «Ödəniş cədvəli»nə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka xx xxxxx 2020-ci il tarixdə başlamalı, hər ay 25.18 manat ödəməklə, xx xxxxx 2023-cü il tarixdə bitirməli idi. Məhkəmə iclasında təqdim olunmuş xx xxxx 2020 və xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı ASC-ti arasında xx.xx.2020-ci il tarixdə ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə 780.51 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. Nəticədə cavabdehin banka 780.51 manat əsas, 43,67 manat faiz borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini icra etməmiş, pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh dair iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 2821.16 manat əsas, 19.27 manat faiz borcunun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, ******* №-li kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 780,51 manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 43,67 manat, cəmi 824.18 manat borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, ******* №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 780,51 (yeddi yüz səksən manat əlli bir qəpik) manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 43,67 (qırx üç manat altmış yeddi) manat, cəmi 824.18 (səkkiz yüz iyirmi dörd manat on səkkiz qəpik) manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar