Məhkəmə qərarları › İş №2(009)-2201/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2201/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2201/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh 13.04.2021-ci il tarixli, MOB03-2833 No-li alqı-satqı müqaviləsi əsasında “Texnoplus” mağazasından 336 manat dəyərində “Samsung SM-A025S 32gb black” almışdır. Alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanılmışdır. Müqaviləyə əsasən qalıq məbləğ 336 manat təşkil etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 28 manat ödəniş edir. Cavabdeh isə heç bir ödəniş etməmişdir. Qalıq borc 336 manat olaraq qalmışdır. Gecikdirmə ilə əlaqədar 22.07.2021-ci il tarixə qədər yaranan dəbbə pulu isə 32 manat təşkil etmişdir. Cavabdeh 336 manat əsas borc, 32 manat dəbbə pulu və məhkəməyə ödənilən 20 manat dövlət rüsumu ilə birlikdə "xxxx" MMC-yə 388 manat ödənilməlidir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsin, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə Cavabdeh ödənişlə əlaqədar 26.07.2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçı alqısatqı müqaviləsindən irəli gələn müddəalar əsasında 336 manat məbləğində əsas borcun, 32 manat məbləğində dəbbə pulunun və 20 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 388 manat pul məbləğinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 13 aprel 2021-ci il tarixli, MOB03-2833 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh «Samsung SM-A025S 32 GB Black» markalı mobil telefonu 12 ay müddətinə, aylıq 28 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 336 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 13.04.2021-ci il tarixli müqavilə üzrə 22.07.2021-ci il tarixə 336 manat ödənilməmiş əsas borcu və 32 manat cərimə məbləği, cəmi 368 manat borcu vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 13.04.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh aldığı «Samsung SM-A025S 32GB Black» markalı mobil telefona görə 12 ay ərzində hər ay 28 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, yəni telefon cavabdehə təhvil verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə ödənilməmiş 336 manat əsas borcu və gecikdirmə ilə əlaqədar 32 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 336 manat əsas borc, 32 manat cərimə, cəmi 368 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 13.04.2021-ci il tarixli, MOB03-2833 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 336 manat əsas borc, 32 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 388 (üç yüz səksən səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar