Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2208/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanmış 18.02.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinə xitam verildikdən sonra ödənilmiş, lakin nəzərə alınmamış 15.255,36 (on beş min iki yüz əlli beş dollar 36 sent) ABŞ dolları məbləğində pulun alınaraq (ödəniş günü Mərkəzi Bank tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsinə uyğun hesablanmaqla) ona qaytarılması və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 18.02.2009-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-dən illik 26 faizlə 24 ay müddətinə 153.060 ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsinin müddəti 18.02.2011-ci il tarixdə bitmiş və həmin müqavilə üzrə borc tamamilə bağlanmışdır. Lakin, cavabdeh bankın əməkdaşları borc bağlandıqdan sonra onu aldadaraq faiz borcu qaldığını bildirmiş və onlara inanaraq 18.02.2011-ci il tarixdən sonrakı dövrdə ümumilikdə banka 15.255,36 (on beş min iki yüz əlli beş dollar 36 sent) ABŞ dolları məbləğində pul ödəmişdir. Həmçinin 2019-cu ildə bankın İddiaçı qarşı iddiasına müvafiq məhkəmələrdə baxılarkən hazırda mübahisələndirdiyi məbləğin kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənildiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Q.Qarayev iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki iddiaçı ilə təmsil etdiyi bank arasında sözügedən kredit müqaviləsi üzrə müvafiq borcun (əsas borc, faiz borcu və cərimə olmaqla ümumilikdə 322.482,08 ABŞ dolları) tutulması, tələbin əmlaka yönəldilməsi barədə iddiaya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində və hər iki yuxarı instansiya məhkəmələrində baxılmış və məhkəməyə verilmiş sözügedən iddia üzrə tələbdə hazırda mübahisələndirilən məbləğ nəzərə alınmışdır. O, həmçinin qeyd etmişdir ki, sözügedən məhkəmə mübahisəsində bankın iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasının əsası İddiaçı kredit borcunu tam ödəməsi deyil, bankın qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları, habelə iş materiallarının dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 100/2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 0902-3604/0044 saylı 18.02.2009-cu il tarixli «Kredit Müqaviləsi»nə əsasən Bank Borc alana 200.000 ABŞ dolları məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 26 faiz ödəməyi öhdəsinə götürür. Kredit 24 ay müddətinə 18.02.2011-ci il tarixədək verilmişdir. Həmin iş üzrə rayon məhkəməsi 09.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ASC 26.05.2017-ci il tarixdə kreditin qaytarılması üçün nəzərdə tutulmuş son müddətdən 6 il sonra müraciət etməklə iddia müddətini ötürdüyündən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.02.2021-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Kredit müqaviləsi 18 fevral 2009-cu il tarixdə bağlanmış, həmin müqavilə ilə cavabdehə 200.000 ABŞ dolları məbləğində borc verilmiş və borcun qaytarılması üçün son müddət 18 fevral 2011-ci il göstərilmişdir. Lakin müqavilənin müddəti bitdikdən sonra İddiaçı tərəfindən ümumilikdə 15255,36 ABŞ dollar məbləğində pul vəsaiti borcdan çıxılması məqsədilə ödənilmiş və həmin pul bank tərəfindən qəbul edilərək, borclunun borcundan silinmişdir. Sonradan bank “kredit borcu və s.” tələbi ilə məhkəməyə müraciət etmiş və borcludan ümumilikdə 322,482,08 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. Bank məhkəməyə bu tələblə müraciət edərkən, İddiaçı tərəfindən müqavilə müddəti bitdikdən sonra ödənilmiş 15255,36 ABŞ dolları pul vəsaitini onun borcuna hesablamaqla qalan yekun məbləğin borcludan tutulmasını xahiş etmişdir. Məhkəmə isə bankın iddiasını borclunun borcunu tam ödəməsi səbəbindən deyil, bankın iddia müddətini ötürməsi səbəbindən təmin etməmişdir. Beləliklə, İddiaçı iddia etdiyi 15.255,36 (on beş min iki yüz əlli beş dollar 36 sent) ABŞ dolları məbləğində pul vəsaitinin bankın müvafiq iddiasına məhkəmədə baxılarkən ümumi borc məbləğindən çıxılmadığını təsdiqləyən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafıq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığı halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2208/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2208/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver