Məhkəmə qərarları › İş №2(009)-2218/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2218/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2218/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Qəhrəmanovun Cavabdeh, tərcüməçi R.E.Nəsibovun iştirakları ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Apple MacBook Pro 15” markalı kompyuter almış və nəticədə 4819 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 5000 manat (12 ay x 416 manat + 8 manat ilkin ödəniş) olan “Apple MacBook Pro 15” markalı kompyuter üçün ümumilikdə 4819 manat olmaqla, ondan 3696 manat ödənilməmiş məbləğ, 1123 manat dəbbə pulu (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 1304 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Apple MacBook Pro 15” markalı kompyuter üçün 3696 manat ödənilməmiş məbləğ, 1123 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 4849 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o fotoqraf işləyir. İş olmadığı üçün hazırda maddi imkanı yoxdur ki, aylıq ödənişləri həyata keçirsin. Əgər aylıq ödənişlərin məbləği azalarsa, o kiçik ödənişlərlə borcu bağlaya bilər. Eyni zamanda dəbbə pulu da iddia ərizəsində çox göstərilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxxx 2020-ci il tarixli əşyanın alqı-satqısına dair müqaviləyə əsasən «xxxxxxxxxxx» Cavabdeh “Apple MacBook Pro 15” markalı kompyuter 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 416 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 5000 manat təşkil edir. İş üzrə «ABC Telekom» tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3696 manat əsas, 1123 manat dəbbə pulu, cəmi 4819 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 5000 manat olan “Apple MacBook Pro 15” markalı kompyuter pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni kompyuter Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 3696 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə 1123 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulu 74 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxxx» MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 00927218 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixə yaranmış 3696 manat borc, 74 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3800 (üç min səkkiz yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar