Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2222/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin iştirakları ilə, iddiaçı «xxxxxxxxxxx» MMC-nin – Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə tarixdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə ilə mobil telefon almış və nəticədə 3351 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 2847 manat olan mobil telefon üçün ümumilikdə 3351 manat ödənilməmiş məbləğ hesablanmışdır. Cavabdehin ödədiyi məbləğ 219 manat təşkil edir. Qeyd edilənlərə əsasən, ümumilikdə 3351 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 3381 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib və iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini əsas borc hissəsində qəbul etmiş, cərimə borcu hissəsində isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00952890 nömrəli müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə cəmi 2847 manat məbləğinin ödənilməsi şərti ilə mobil telefonu alıcı Cavabdeh satmışdır. Həmin tarixli müqavilə əsasında sözügedən əşya alıcı tərəfindən qəbul edilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2628 manat ödənilməmiş əsas borcu, 723 manat dəbbə pulu olmaqla ümumilikdə 3351 manat borcu vardır. Sözügedən müqavilənin mahiyyəti və onlun əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Az. Res. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələb olunan borcun məbləği hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, cavabdeh tərəfindən əsas borca hesablanmış 219 manat ödəniş edilmiş və 2628 manat məbləğində ödənilməmiş əsas borc qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələblərinin ödənişi gecikdirməyə görə hesablanmış cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin cərimə azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn ödənilməmiş əsas borcun 2628 manat məbləğində müəyyən olunduğu halda, ödənişin gecikdirilməsinə görə hesablanmış 723 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 70 manat məbləğində müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi isə qismən təmin olunduğundan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 2628 manat əsas borc və 70 manat dəbbə pulu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi olmaqla, cəmi 2713 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 2628 manat əsas borc və 70 manat dəbbə pulu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi olmaqla, cəmi 2713 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2222/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2222/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver