Məhkəmə qərarları › İş №2(009)-225/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-225/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-225/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19.11.2020-ci il tarixli, 106804-821609/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 34 ay müddətinə, illik 23% dərəcəsi ilə 11.360 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 25.11.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 10.916,15 manat məbləğində əsas borc və 3566,26 manat faiz borcu olmaqla, ümumilikdə 14.482,41 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 10.916,15 manat məbləğində əsas borc və 3566,26 manat faiz borcu olmaqla, ümumilikdə 14.482,41 manat borcun və 133.85 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi H.Əliyeva məhkəməyə ünvanlanmış ərizədə işlərin çoxluğu ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Borclu ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Bank» qismində kredit təşkilatı olan İddiaçı ASC ilə «Borc alan» qismində Cavabdeh arasında bağlanmış 19.11.2020-ci il tarixli 106804-821609/2 saylı kredit müqaviləsinə əsasən bank digər məqsədlər üçün 34 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla 11360 manat məbləğində pul vermiş, borcalan isə kreditin vaxtında, tamamilə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 25.11.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Bank ilə bağlanmış 19.11.2020-ci il tarixli, 106804-821609/2 nömrəli kredit müqaviləsinə əsasən 23% dərəcəsilə, 34 ay müddətinə 11360 manat məbləğində kredit götürmüşdür. Belə ki, 25.11.2021-ci il tarixə borcalanın banka 10916,15 manat əsas borcu, 3566,26 manat faiz borcu, ümumilikdə 14482,41 manat borcu mövcuddur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, 19.11.2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında 34 ay müddətinə, illik 23% olmaq şərti ilə 11360 manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin lazımınca icra etməməsi ilə əlaqədar iddiaçıya 25.11.2021-ci il tarixədək ödənilməmiş 10916,15 manat əsas borcu və 3566,26 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133,85 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 noyabr 2020-ci il tarixli 106804-821609/2 saylı kredit müqaviləsi üzrə 25.11.2021-ci il tarixədək yaranmış 10916,15 manat əsas borc və 3566,26 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133,85 manat, cəmi 14616,26 (on dörd min altı yüz on altı manat, iyirmi altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar