Məhkəmə qərarları › İş №2(009)-2264/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2264/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2264/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 27.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin 2 saylı filialından illik 25%-lə 60 ay müddətinə 36000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən, 38,4 kv.m. ümumi, 19,6 kv.m. əsas, 18,8 kv.m. köməkçi sahədən ibarət 17 nömrəli qeyri-yaşayış sahəsi 27.10.2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeyd alınmışdır. 27.10.2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 22.07.2021-ci il tarixədək Cavabdeh 27.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 32247,9 manat əsas, 39837,24 manat faiz, 7073,55 manat cərimə borcu, kredit müqaviləsi üzrə 27.11.2019-cu il tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2672 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 81830,69 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. 27.10.2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqasiləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 32247,9 manat əsas, 39837,24 manat faiz, 7073,55 manat cərimə borcu, kredit müqaviləsi üzrə 27.11.2019cu il tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2672 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 81830,69 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 38,4 kv.m. ümumi, 19,6 kv.m. əsas, 18,8 kv.m. köməkçi sahədən ibarət 17 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən, 38,4 kv.m. ümumi, 19,6 kv.m. əsas, 18,8 kv.m. köməkçi sahədən ibarət 17 nömrəli qeyri-yaşayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən, 38,4 kv.m. ümumi, 19,6 kv.m.əsas, 18,8 kv.m. köməkçi sahədən ibarət 17 nömrəli qeyriyaşayış sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən, 38,4 kv.m. ümumi, 19,6 kv.m. əsas, 18,8 kv.m. köməkçi sahədən ibarət 17 nömrəli qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ekspert rəyləri lə razı deyil, mühasibatlıq ekspertizasında əsas və faiz borcu kimi müəyyən edilən məbləğlər onların təqdim etdiyi maliyyə arayışında göstərilən məbləğlərdən aşağı həddədir, onlar hesab edirlər ki, əsas və faiz borcu hesablanarkən ekspert tərəfindən ödənişlərin ilkin cərimə borcuna silinməli olması nəzərə alınmamışdır. İpoteka predmeti olan daşınmaz əmlakın ekspert tərəfindən müəyyən edilmiş bazar və likvid qiyməti ilə də razı deyil. Bank tərəfindən məhkəməyə təqdim olunmuş qiymətləndirmə aktında həmin əmlakın bazar dəyərinin 110.000 manat, likvid dəyəri isə 66.000 manat olması müəyyən olunmuşdur. Ona görə də ipoteka predmetinin hərraca onlar tərəfindən müəyyən edilən likvid dəyər kimi 66.000 manat müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, banka cavabdeh tərəfindən borcu olmasını etiraf edir. lakin hesab edir ki, cərimə və faiz borcu çoxdur, onlar məhkəmə tərəfindən azaldılmalıdır. İpoteka predmeti olan evin bazar və likvid dəyərini məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında müəyyən edilən məbləğlə razılaşır, İddiaçı tərəfindən həmin əmlakla bağlı göstərilən qiymətlə razı deyil, likvid dəyər bazar dəyərinin təxminən 50%-i həddində müəyyən edilmişdir, bu isə real deyil. Dəyərlər arasında fərq maksimum 10-20% ola bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Kreditor» qismində "xxxx" İKB ASC ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh arasında bağlanmış 27.10.2014-cü il tarixli 2-G-1-0-850-14 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 25%-lə, 36.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində "xxxx" İKB ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh arasında bağlanılmış 27.10.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 27.10.2014-cü il tarixli 2-G-1-0-850-14 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli 5 mərtəbəli binanın yarımzirzəmisində 38,4 kv.m. ümumi, 19,6 kv.m. əsas, 18,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak “İpoteka saxlayan” tərəfindən qiymətləndirilir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 90.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli evin 5 mərtəbəli bi nanın yarımzirzəmisində 38,4 kv.m. ümumi, 19,6 kv.m. əsas, 18,8 kv.m.köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın kserosurətindən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 27.10.2014-cü il tarixli, 2-G-1-0-850-14 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə ipoteka müqaviləsi üzrə «Nikoyl Bank» İKB-nin 2 saylı Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh 27.05.2021-ci tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 04.06.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən və həmin ərizə üzərində aparılmış qeyddən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsinə dair bildiriş 07.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 22.07.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 27.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 22.07.2021-ci il tarixə əsas borcu 32247,9 manat, müqavilə müddəti üçün hesablanmış 39837,24 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7073,55 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 2672 manat borc, cəmi 81830,69 manat borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 04.11.2021-ci il tarixli 9/6751 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 27.10.2014-cü il tarixli, 2-G-1-0-850-14 saylı bağlanmış kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İlyas qızının İddiaçı ASC-yə olan borcu 27.10.2019-cu il tarixə əsas borc üzrə - 31.421,47 manat, faiz borcu üzrə - 33.476,05 manat, 27.10.2019-cu il tarixdən 22.07.2021-ci il tarixədək 5% ilə hesablanmış faiz borcu üzrə - 2.723,19 manat müəyyən edilmişdir. İş üzrə “X2” MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlak obyektinin hazırki dövrə olan orta bazar və likvid qiymətinin müəyyən edilməsinə dair 23.11.2021-ci il tarixli, 089/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli qeyri-yaşayış sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 150.000 manat, likvid qiyməti 140.000 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 27.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 25% dərəcəsi ilə 36.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi Bank Cavabdeh arasında 27.10.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit razılaşması üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 31.421,47 manat, faiz borcu 33,476,05 manat və müqavilənin bitdiyi tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 2.723,19 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 32.247,9 manat, faiz borcu kimi müqavilə müddətinin sonunadək hesablanmış 39.837,24 manat, illik 5% müqavilə müddətindən sonrakı müddət üçün 2.672 manat məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə illik 5 faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi illik 5 faiz borcunun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 32.247,9 manat əsas borcun və 39.837,24 manat faiz borcunun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən tutulmalı olan əsas və faiz borcu ekspert rəyi ilə müəyyən həddə, yəni 31.421,47 manat əsas və 33.476,05 manat faiz borcu məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 7073,55 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 270,48 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka saxlayan tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 90.000 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən daşınmaz əmlakın qiymətləndirmə aktında həmin əmlakın bazar dəyəri 110.000 manat, likvid dəyəri 66.000 manat kimi müəyyən edilmişdir. Həmin akt İddiaçı ASC-nin əməkdaşları tərəfindən tərtib edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli qeyri-yaşayış sahəsininbazar dəyəri 150.000 manat, likvid dəyəri 140.000 manatdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “X2” MMC-nin verdiyi rəy əsas götürülməlidir. Belə ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini 2014-ci ildə qiymətləndirilmiş və həmin vaxtdan hazıra kimi daşınmaz əmlak bazarında əmlakların qiymətlərində əsaslı dəyişikliklər baş vermişdir. Eyni zamanda bankın özü tərəfindən qiymətləndirmə aktı kimi tərtib edilmiş sənəddə göstərilən qiymətlər (bazar dəyəri 110.000 manat, likvid dəyəri 66.000 manat qiymətlər) və onlar arasında kifayət qədər böyük fərqin olması, aktın maraqlı şəxs olan bank işçiləri tərəfindən tərtib edilməsini nəzərə alaraq məhkəmə həmin sənədləri sübut növü kimi qiymətləndirilməsini mümkün hesab etmir. Belə olan halda, eyni zamanda “X2” MMC tərəfindən tərtib edilmiş rəyi məhkəmə daha mötəbər sübut kimi qəbul edərək ipoteka predmetinin hazırki vaxta olan real likvid dəyərini əks etdirdiyini nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilən likvid dəyər nəzərə alınmaqla hərraca çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar məhkəməyə təqdim edilsə də məhkəmə tərəfindən qəbul edilmədiyindən,həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş qeyri-yaşayış sahəsi satıldıqda ipoteka qoyan Cavabdeh istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi hissəsində də təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində cavabdeh tərəfindən boşaldılmalı, əks təqdirdə cavabdeh məcburi qaydada qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində qeyri-yaşayış sahəsi üzrə qeydiyyatdan çıxmazsa, bu halda onun istifadə hüquqlarına məcburi qaydada xitam verilməlidir. Məhkəmə ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqdan sonra onun banka təhvil verilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi açıq hərracdan satıldıqdan və Cavabdeh tərəfindən boşaldıldıqdan sonra qeyri-yaşayış sahəsini almış şəxsə təhvil verilməlidir. Bank iş üzrə ipoteka saxlayan olsa da və qeyri-yaşayış sahəsi açıq hərracdan satılarkən onu əldə etmək hüququ olsa da, bunun isə qabaqcadan müəyyən edilməsi mümkün olmadığı üçün, ipoetka predmetinin açıq hərracdan satıldıqdan sonra banka təhvil verilməsi barədə tələb əsassızdır. Məhkəmə qeyd edir ki, həmin əmlak hərracı udmuş və ya qeyri-yaşayış sahəsini əldə etmiş şəxsə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 120 manat xidmət haqqı da tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri də Cavabdeh aid edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2-G-1-0-850-14 saylı, 27.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 22.07.2021-ci il tarixə yaranmış 31.421,47 manat əsas borc, 33.476,05 manat faiz, 270,48 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 22.07.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 2672 manat faiz borcu,həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumu və 120 manat xidmət haqqı, cəmi 68.000 (altmış səkkiz min) manat məbləğində pul tutulsun. Həmin tutma Cavabdeh mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 38,4 kv.m. ümumi, 19,6 kv.m.əsas,18,8 kv.m. köməkçi sahədən ibarət 17 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti (likvid dəyəri) 140.000 (bir yüz qırx min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılsın. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın, Cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılsın və qeyri-yaşayış sahəsi onu əldə etmiş şəxsə təhvil verilsin. Cavabdeh qeyri-yaşayış sahəsi satıldıqdan 1 ay sonra həmin sahədən qeydiyyatdan çıxmazsa, onun istifadə hüquqlarına 10 təqvim günü müddətində məcburi qaydada xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 50 (əlli) manat məbləğində pul tutulsun. Cavabdeh “X2” MMC-nin ("xxxx" ASC, kodu: 201025, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, SWİFT kod: AİİBAZ2XXXX, H/h: AZ48AİİB400600C**********142) xeyrinə qiymətləndirmə hesabatının verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar