Məhkəmə qərarları › İş №2(009)-2266/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2266/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2266/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh2 arasında 20.08.2013-cü il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsində bağlanmış və 381 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli 2(009)-1745/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə rəsmi nikahdan 05.05.2014-cü il təvəllüdlü X2 və 06.03.2016-cı il təvəllüdlü Cavabdeh1 Sənan qızı adlı uşaqları var. Cavabdehlə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamışdır, adi bir ailə kimi həyatları davam etməmişdir. Buna görə də məhkəməyə müraciət edərək Cavabdeh2 ilə aralarında olan nikah münasibətlərinə xitam verilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-1745/2021 saylı, 26.07.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh2 ilə onun arasında olan nikaha xitam verilmişdir. Həmçinin sözügedən məhkəmə qətnaməsi əsasında övladlarının onun yanında saxlanılması və cavabdehin övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 260 manat sabit pul məbləğində aliment öhdəliyi yaranmışdır. O, halhazırda övladları ilə birlikdə Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Həmin mənzildə o, və bvladlarından başqa keçmiş qayınanası, keçmiş həyat yoldaşı və keçmiş iki qaynı olmaqla onlardan birinin ailəsi birlikdə ümumilikdə 8 səkkiz nəfər tərkibdən ibarət olmaqla yaşayırlar. Övladları ilə birlikdə Cavabdeh1 məxsus evin bir otağında yaşayırlar. Lakin, buna baxmayaraq, cavabdeh və onun ailə üzvləri onu və övladlarını həmin mənzildən çıxarmaları barədə bir neçə dəfə xəbərdar ediblər. Onun isə başqa sığınacaq yeri yoxdur. ünvan 2 ünvanında yerləşən mənzil ümumilikdə 3 otaqdan ibarətdir, kifayət qədər geniş sahəsi olan mənzildir. Bundan əlavə bir sıra yardımçı sahələri də mövcuddur. Həmin mənzilin təmirinə onun də şəxsi vəsaiti xərclənmişdir. Sözügedən mənzil keçmiş qaynanası Cavabdeh1 məxsusdur. Göstərilənlərə əsasən iddiaçı onun və övladları 05.05.2014-cü il təvəllüdlü X1 və 06.03.2016-cı il təvəllüdlü Cavabdeh1 Sənan qızının Cavabdeh1 Topdıq qızına məxsus olan və ünvan 3 ünvanında yerləşən mənzilinə olan sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, hazırki tələblə məhkəməyə müraciət etdikdən sonra cavabdehlər iki azyaşlı uşağı ilə birlikdə onu evdən çıxarmışlar. Məhkəmə iclasında izahatı alınmış cavabdehlərin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, mənzil cavabdehin Cavabdeh1 məxsusdur. Ev özbaşına tikilidir, özbaşına tikiliyə istifadə hüququnun tanınması tələbi əsassızdır. Tərəflər arasında nikah 2013-cü ildə 2021-ci ildə pozulmuşdur. Yəni Mənzil Məcəlləsinin tələblərinə əsasən ailə münasibətlərinə xitam verildiyindən, yaşayış sahəsinə istifadə hüququ ilə bağlı tələb irəli sürməyə heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən mənzilin təmiri ilə bağlı hər hansı vəsit xərclənməmişdir. İddia ərizəsində sadalanan maddi hüquq normalarının isə hazırki mübahisəyə aidiyyəti yoxdur. Hətta mənzil mülkiyyətdə olsa belə, iddiaçı qaynanasının mənzilinə hüquq əldə etməmiş olur, ailə münasibətlərinə xitam verildiyindən, belə bir hüququn tələb edilməsi də əsassız hesab edilərdi. Göstərilənləri nəzərə alaraq cavabdehlərin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Cavabdeh2 ilə İddiaçı birgə nikahdan 05.05.2014-cü il təvəllüdlü X2 və 06.03.2016-cı il təvəllüdlü Cavabdeh1 Sənan qızı adlı uşaqları var. İş üzrə Səbail rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(009)-1745/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 20.08.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və 381 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 05.05.2014-cü il təvəllüdlü X1 və 06.03.2016-cı il təvəllüdlü Cavabdeh1 Sənan qızının anası İddiaçı yanında saxlanılması, Cavabdeh2 08.06.2021-ci il tarixdən başlayaraq, 05.05.2014-cü il təvəllüdlü X2 və 06.03.2016-cı il təvəllüdlü Cavabdeh1 Sənan qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, Cavabdeh2 30 manat dövlət rüsumunun tutulması, aliment tələbi hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 20.08.2013-cü il tarixdə rəsmi nikah bağlanılmış, toydan sonra iddiaçı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, 4 saylı evə gəlin kimi köçüb orada yaşamağa başlamış və tərəflərin birgə nikahdan həmin evdə iki uşağa anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah Səbail rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikah pozluduqdan sonra iddiaçı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, 4 saylı evdə yaşamağa davam etmiş, lakin cavabdehlər ona həmin evdə yaşamağa maneçilik törədir və mənzildən çıxması ilə bağlı xəbərdarlıq edirlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, 4 saylı ev qaynanası Cavabdeh1 məxsusdur və həmin evin təmirinə onun də şəxsi vəsaiti xərclənmişdir. İddiaçı həmin evdə yaşamasını nəzərə alaraq həmin evə uşaqları ilə birlikdə istifadə hüquqlarının müəyyən edilərək istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli məktubla müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, 4 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və öz hüquqi statusuna görə özbaşına tikili hesab edilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli ev Cavabdeh1 məxsusdur, iş üzrə digər cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır və işin bu halı mübahisəsizdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə hüquqi qiymət verilərkən işin bu faktiki halları nəzərə alınmalıdır. AR Mülki Məcəllənin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Mübahisəli ev özbaşına tikili olsa da, mülki dövriyyədə yol verilməyən əşyalar kateqoriyasına aid olmadığı üçün, iddiaçının həmin evdən istifadə ilə bağlı pozulmuş hesab etdiyi hüquqların müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ var. AR Konstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.11.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən: “...Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).” Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyini, hazırki mübahisənin mənzildən istifadə ilə bağlı olduğunu və mübahisəli hüquq münasibətlərinin 2013-cü ildə yarandığını nəzərə alaraq hesab edir ki, bu mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair AR kontsitusiya Məhkəməsinin 16.12.2014-cü il tarixli qərarında yaşayış sahəsindən “istifadə hüququ”nun mülki və ailə qanunvericiliyinə münasibətdə fərqli hüquqi rejimi olması xüsusilə qeyd edilmişdir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə Mənzil Məcəlləsinin 30cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Yəni “istifadə hüququ” özü-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətlərini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətlərinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahyyətlərini təmin etsələr də, bu imkan təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyətləri aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarılə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci mаddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir”. Göründüyü kimi Konstitusiya Məhkəməsinin göstərilən qərarında formalaşan hüquqi mövqeyə əsasən Mənzil Məcəlləsinin 30.2-ci maddəsində müəyyən edilmiş “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəklini (formasını) nəzərdə tutur. Beləliklə iddiaçının mübahisəli evə istifadə haqqının (hüququnun) müəyyən edilməsi üçün onun AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən evin sahibinin ailə üzvü, yaxud “digər qohumu” olması tələb olunur. Nəzərə alsaq ki, evin sahibi Cavabdeh1 münasibətdə iddiaçı onun ailə üzvü (digər qohumu) hesab edilmir və evin sahibinin oğlu ilə iddiaçının ailə münasibətlərinə də xitam verilmişdir, iddiaçının mübahisəli evə istifadə hüquqlarının (haqqının) müəyyən edilməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 özünün saxlanılması üçün iddiaçıdan hər hansı vəsait tələb etmək hüququ olmadığı üçün, iddiaçı onun digər qohumu sayılmır və bu səbəbdən iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının (haqqının) yaranması istisna olunur. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçının mübahisəli evə istifadə hüquqları eyni zamanda cavabdehlə notariat qaydada müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə yarana bilər (Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından). Mübahisəli ev isə özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, iddiaçının mübahisəli evə istifadə hüquqlarının müəyyən edilməsi bu əsasla da yolverilməzdir. Yəni iddiaçının mübahisəli evə istifadə hüquqlarının yaranması üçün həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, eyni zamanda evin mülkiyyətçisi ilə iddiaçı arasında notariat qaydada müqavilənin bağlanması tələb olunur. Beləliklə iddiaçının mübahisəli evə istifadə hüquqlarının müəyyən edilməsi üçün hər hansı hüquqi əsas olmadığı üçün onun bu tələbi təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə eyni zamanda iddiaçının mübahisəli evdən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı irəli sürdüyü tələbi üzrə qeyd edir ki, onun bu tələbi də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə bir tələblə çıxış etmək üçün mübahisəli ev üzrə hər hansı hüquqa malik olması tələb olunur. İddiaçının isə mübahisəli evə istifadə hüquqlarının müəyyən olunması ilə bağlı tələbi təmin edilməmişdir. Bu səbəbdən mübahisəli evdən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı tələb də əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsassız olması müəyyən olunduğundan, iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı övladları 05.05.2014-cü il təvəllüdlü X1 və 06.03.2016-cı il təvəllüdlü Cavabdeh1 Sənan qızı ilə birlikdə ünvan 3 ünvanında yerləşən evə istifadə hüquqlarının müəyyən edilərək həmin mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər

Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar