Məhkəmə qərarları › İş №2(009)-2291/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2291/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2291/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, abunə müqaviləsi üzrə xidmət müqabilində 52,60 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Borclu Cavabdeh bağladığı xidmət müqaviləsinə əsasən telekommunikasiya xidmətlərindən istifadə edərək, *** ** ** saylı telefon nömrəsi üzərindən abunə haqqına görə 22,60 manat, internetdən istifadəyə görə 30 manat, ümumilikdə 52,60 məbləğində borc yaranmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməkdən yayınmışdır. Tərəflər arasında bağlanan xidmət müqaviləsinə əsasən telefon rabitəsi, mültimedia və internet xidmətlərindən isdifadəyə görə aylıq abunə haqqı cari ayın 05-dək ödənilir. Cari ay ərzində isdifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 05-dək ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Borclu Cavabdeh bağladığı müqaviləyə əsasən telekommunikasiya xidmətlərindən istifadə etmiş, *** ** ** saylı telefon nömrəsi üzərindən abunə haqqına görə 22,60 manat, internetdən istifadəyə görə 30 manat, ümumilikdə 52,60 məbləğində borc yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında rabitə xidmətlərindən istifadəyə görə abunə müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, Cavabdeh abunə müqaviləsi üzrə şərtləri pozaraq, üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır. Buna görə də iddiaçı "xxxx" MMC-nin Cavabdeh 22,60 manat, internetdən istifadəyə görə 30 manat, ümumilikdə 52,60 manat ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2015-ci il tarixli müqavilə üzrə xidmət müqabilində 22,60 (iyirmi iki manat altmış qəpik) manat, internetdən istifadəyə görə 30 (otuz) manat, ümumilikdə 52,60 (əlli iki manat altmış qəpik) manat, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 233, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il tarixli müqavilə üzrə xidmət müqabilində 22,60 (iyirmi iki manat altmış qəpik) manat, internetdən istifadəyə görə 30 (otuz) manat, ümumilikdə 52,60 (əlli iki manat altmış qəpik) manat, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar