Məhkəmə qərarları › İş №2(009)-2314/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2314/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2314/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin 25.06.2019-cu il tarixli müqavilə üzrə 581 manat əsas, 183 manat cərimə borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə 25.06.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********0239 “Samsung galaxy A 10” və İMEİ kodu **********74808 “Samsung galaxy A 7” markalı telefon almış və nəticədə 764 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.06.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1022 (6ay x 153 manat+104 manat ilkin ödəniş) olan İMEİ kodu **********0239 “Samsung galaxy A 10” və İMEİ kodu **********74808 “Samsung galaxy A 7” markalı telefon üçün ümumilikdə, 764 manat olmaqla, 581 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 441 manat təşkil edir. Zamin ilə 25.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin İddiaçı MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinion ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh izahat verərək iddianın qismən təmin edilməsini və hissə-hissə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Zamin məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 25.06.2019-cu il tarixli, 00743083 nömrəli müqavilədən görünür ki, Cavabdeh 1022 manat məbləğində İMEİ kodu **********0239 “Samsung galaxy A 10” və İMEİ kodu **********74808 “Samsung galaxy A 7” markalı telefon almışdır. İş materiallarında olan Zamin ilə İddiaçı MMC arasında bağlanmış 25.06.2019-cu il tarixli, 00743083 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zaminliklə təmin edilmiş öhdəliy icra edilmədikdə alıcı ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 06.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavbdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən 581 manat ödənilməmiş borc və həmin borca 183 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan AZE No ******** serialı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur və qeydiyyatda olduğu yer Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 27, m 15-dir. İş materiallarında olan 26.07.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə "xxxx" MMC-nin Hüquq Departamenti tərəfindən 25.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********0239 “Samsung galaxy A 10” və İMEİ kodu **********74808 “Samsung galaxy A 7” markalı telefonların tam dəyərini və onlar üçün gecikmə günlərinə müfaviq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməsi ilə bağlı xəbərdar edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Ödəniş qəbzi (№ 7********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, müqavilə üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, 25.06.2019-cu il tarixli müqaviləsinə əsasən 581 manat əsas borca görə 183 manat cərimə (dəbbə pulu), tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 25.06.2019-cu il tarixli müqavilə üzrə 58 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Məhkəmə 25.06.2019-cu il tarixli, 00743083 nömrəli kredit müqaviləsi üzrə borcun cavabdehlərdən, yəni kredit alandan və zaminlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb qismən təmin edilməli, yəni tutulmalı olan borc yalnız kredit müqaviləsi üzrə borc alan Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən tələblərinə əsasən zaminlik müqaviləsində onun verilməsi müddəti göstərilməlidir. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsindən göründüyü kimi belə müddət göstərilməmişdir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsində kredit müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qalmasının göstərilməsi, müqavilənin müddəti kimi şərh edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Hazırki zaminlik müqaviləsinin qüvvədə olma müddəti konkret olaraq göstərilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı ilə Zamin arasında bağlanılmış zaminlik müqaviləsi müddəti göstərilməyən müqavilə kimi qəbul edilməlidir. Belə olan halda qanunvericilik kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən kreditorun zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən və zaminlik müqaviləsinin bağlandığı gündən artıq vaxt keçməsinə baxmayaraq kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün (kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi 24.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur), bank zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Zamin qarşı münasibətdə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 20 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25.06.2019-cu il tarixli müqavilə üzrə 581 (büş yüz səksən bir) manat əsas, 58 (əlli səkkiz) manat cərimə borcu və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.06.2019-cu il tarixli müqavilə üzrə 581 (büş yüz səksən bir) manat əsas, 58 (əlli səkkiz) manat cərimə borcu və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar