Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2320/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Maraqlı şəxs kimi göstərilməklə Cavabdeh qarşı “mənzildən istifadə qaydalarının müəyyən edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Maraqlı şəxs kimi göstərilməklə Cavabdeh qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh ilə 2001-ci ildə ailə qurmuşdur. 03.10.2019-cu il tarixdə rəsmi şəkildə boşanmışlar və övladları onun himayəsində saxlanılmışdır. Bundan sonra da ünvan 1nvanında övladları ilə birgə yaşamağa davam etmişdir. Bildirmək istəyir ki, qeyd edilən ünvanda yerləşən ev özü tikilidir. Mənzilin 15 kv.m, 11.73 kv.m olan iki otağından və 31 kv.m olan mətbəxindən istifadə edir. Mətbəxinə bitişik 30 kv.m-dən artıq torpaq sahəsindən cavabdeh tək özü istifadə edir, onlara həmin torpaq sahəsindən istifadə etməyə imkan vermir. Göstərilən mənzilin mülkiyyət hüququ olmadığından mənzildən istifadə qaydalarının məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir. Odur ki, Bakı şəhəri, Səbail rayonu, İsrafil Məmmədov küçəsi 24 saylı mənzilin istifadə qaydasının müəyyən edərək, mənim istifadəmdə olan 15 kv.m, 11.73 kv.m olan iki otağından və 31 kv.m olan mətbəxinə bitişik torpaq sahəsinin 12 kv.m sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, həmin evlə bağlı məhkəmədə mübahisə olmuş, ev bölünməsə də, iddiaçıya yaşayış hüququ verilmişdir. O yenidən ailə qurmuş, evi tam ikiyə bölərək girişləri ayırmışdır. Beləliklə evin yarısında keçmiş həyat yoldaşı və uşaqları, digər yarısında isə o və həyat yoldaşı yaşayır. Təkcə kommunal xərclər ümumi gəlir, onu isə tən yarı bölürlər. İddia tələbini qəbul etmədiyini bildirərək onun təmin olunmamasını xahiş etmişdir. İş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahdan 05.04.2003-cü il təvəllüdlü Quliyeva Arzu Hicran qızı və 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlu adlı uşaqları var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1558/2019 saylı, 03.10.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X3 arasında 30 dekabr 2001-ci il tarixdə bağlanmış və 1981 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Yetkinlik yaşına çatmayan 05.04.2003cü il təvəllüdlü Quliyeva Arzu Hicran qızı və 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlu cavabdeh (anası) X7 qızının yanında saxlanılsın. 03.10.2019-cu il tarixdən başlayaraq 05.04.2003-cü il təvəllüdlü Quliyeva Arzu Hicran qızının və 13.04.2005-ci il təvəllüdlü Quliyev Vəli Hicran oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq X7 qızına ödənilsi qət edilmişdir. İş üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 45 saylı MKİS arayışından görünür ki, İddiaçı, Quliyeva Arzu Hicran qızı, Quliyev Vəli Hicran oğlu, X4 və Cavabdeh ünvan 1nvanında qeydiyyatdadırlar. İş üzrə ünvan 1nvanın özbaşına tikilinin faktiki sxeminə əsasən həmin ev yaşayış sahəsi 11.73 kv.m, 15 kv.m, 19.20 kv.m, 30.66 kv.m və 19,0 kv.m olan 5 yaşayış otağından, sahəsi 12.31 kv.m və 12 kv.m mətbəxdən, sahəsi 1.80 kv.m və 3.90 olan sanitar qovşağından, sahəsi 13.13 kv.m olan dəhlizdən ibarətdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş tələblərə hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, İsrafil Məmmədov küçəsi 24 saylı ev daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir və öz hüquqi statusuna görə özbaşına tikilidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə razılığı ilə faktiki olaraq bölünmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbayjan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.» Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə ilə əlaqədar məhkəmədə iddia qaldırmağı məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Qeyd edilən Məcəllənin 158.1-ci maddəsiən əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən bu hüquqların xüsusiyyəti ondadır ki, onlar mülkiyyətçi olmayan şəxslərə də mənsub olurlar. Mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istinilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Məhkəmə iddiaçının irəli sürdüyü iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, onun tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, tərəflərdən heç biri həmin evdən istifadə ilə əlaqədar üstünlük hüquqlarına malik deyillər. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı və cavabdeh mübahisəli evdə 2001-ci ildən bərabər yaşayaraq ondan istifadə etdiklərindən, iddiaçının həmin evdən istifadə ilə əlaqədar hər hansı üstünlük hüquqları yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdən istifadə ilə əlaqədar hər hansı üstünlük hüquqları olmadığından istifadə qaydasının müəyyən edilməsi barədə tələbi cavabdehin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da yolverilməzidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər 2001-ci ildə yaranmış və onlar 2001-ci ildən mübahisəli evdə yaşayırlar. Tərəflər arasında hüquq münasibətləri yaranan vaxt (tərəflər mübahisəli evdə yaşamağa başladıqları vaxt) 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Məhkəmə qeyd edir ki, tərəflər həmin əmlakdan məhkəməyə müraciət etməmişdən əvvəl bərabər istifadə etdikdərindən, hazırda aralarında nikah pozulsa da, onlar həmin evdən istifadə ilə əlaqədar bərabər hüquq və vəzifələrə malikdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində xahiş etdiyi qaydada istifadə qaydasının müəyyən edilməsi cavabdehin və orada yaşayan digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələndiyindən, iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən yalnız yaşayış evinin paylı mülkiyyətçi öz payına düşən hissənin ayrılmasını tələb edər. Mülkiyyətçi olmayan şəxsin isə yaşayış evinin ayrı-ayrı hissələrindən (yaşayış və yaxud yardımçı sahələr) onun istifadə qaydasının müəyyən edilməsini tələb etməyə hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2320/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2320/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver