Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-236/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab eilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 27 saylı notariat kontorunda bağlanmış 17.02.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, cavabdeh iddiaçının qardaşından şikayət etdiyinə görə ərizəsini geri götürməsi üçün formal borc müqaviləsi bağlamışlar. İddiaçı ilə cavabdeh bir-birilərini tanımayırlar. Cavabdeh Binəqədi Rayon Məhkəməsinə müraciət etdikdən sonra Asif Anara zəng edərək səbəbini soruşmuş, Anar müddəti ötürməmək üçün iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Anar Asifə teleqram vuraraq iclasın təxirə salınmasını istəməyini söyləmişdir. Birinci instansiya məhkəməsi Asifin iştirakı olmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyasında isə teleqramı iclasdan məlumatlı olma kimi qiymətləndirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. İş materiallarında teleqram olsa da cavabdehin iddia ərizəsini qəbul etməsi barədə sübut olmamışdır. Eyni zamanda, Apellyasiya icraatı zamanı müddət mübahisələndirilmiş, lakin, birinci instansiyada bu barədə ərizə verilmədiyi üçün nəzərə alınmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatr verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Birinci instansiya zamanı məhkəmə iclas katibi cavabdehi SMS bildiriş vasitəsilə məlumatlandırmış, onun iştirakı üçün hardasa yeddi dəfə iclas təxirə salınmışdır. Teleqram gəldikdən sonra iclas iki dəfə təxirə salınmış, sonra qətnamə qəbul edilmişdir. Cavabdeh bu gün, sabah ödəyəcəyini dediyi üçün iddia müddətini ötürmüşlər. Ali Məhkəmənin qərarı predisual əhəmiyyət daşıyır. Bu səbəbdən də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) 27 noyabr 2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh İddiaçı 17 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 (bir yüz min) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) 16 mart 2021-ci il tarixli, 2(103)-696/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(001)- 6863/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-696/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi müqavilə ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilənin qanuniliyi yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Həmin işdə İddiaçı cavabdeh qismində tərəf olmuş və Cavabdeh ilə onun arasında olan müqavilə məhkəmə tədqiqatının predmeti olmuşdur. Həmin məhkəmələr müqavilənin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və hazırki iddiaçıdan borc tutmuşdur. Düzdür, hazırki işdə iddiaçı mübahisələndirdiyi müqavilə formal borc müqaviləsi olduğunu, çünki, heç vaxt cavabdehi tanımadığını bəyan edir. Lakin bu halların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab eilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-236/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-236/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver