Məhkəmə qərarları › İş №2(009)-2364/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2364/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2364/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı – Cavabdehnə (üçüncü şəxslər kimi "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC qeyd edilən) qarşı “hüquqlarının pozulmasının aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdehnə (üçüncü şəxslər kimi "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC qeyd edilən) qarşı “hüquqlarının pozulmasının aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik cərəyanının verilməsinin bərpa edilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə Cavabdeh MTK tərəfindən elektrik cərəyanının verilməsinin əsassız olaraq dayandırılmasının (kəsilməsi) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC ilə bağlanmış 15.02.2021ci il tarixli, DKM/**********74921 saylı kredit (ipoteka) müqaviləsi əsasında verilmiş kredit əsasında Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2, 123 saylı mənzili almışdır. Həmin mənzilin onun tərəfindən alınması və xüsusi mülkiyyətində olması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ona ********** qeydiyyat nömrəli, 26.02.2021-ci il tarixli çıxarış verilmişdir. Belə ki, 2021-ci ilin mart ayından etibarən o, əri və körpə uşağı olmaqla mənzildə yaşamağa başlamışlar. Lakin, 2021-ci ilin avqust ayından etibarən Cavabdeh MTK-nın Bayıl filialının sədri X11 qanunsuz olaraq onlara məxsus olan mənzilə gələn elektrik cərəyanının verilməsinin dayandırılması (kəsilməsi) barədə göstəriş vermiş və nəticədə onların mənzilinə gələn elektrik cərəyanı şəbəkədən ayrılmışdır. O, bildirmişdir ki, “sizin mənzildə yaşamağınız qanunsuzdur, sizi aldadıblar, həmin mənzil sizdən əvvəl "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir və siz mənzili tərk etməlisiniz”. Bununla bağlı sənəd tələb etdikdə, heç bir sənəd və ya sübut təqdim edə bilməmiş, elektrik cərəyanının verilməsini bərpa etməkdən imtina etmişdir. Halbuki, onlar Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2, 123 saylı mənzili qanunla nəzərdə tutulmuş notarial qaydada alqısatqı yolu ilə almışlar. Həmin mənzilə görə "xxxx" ASC tərəfindən ipoteka verilərkən müvafiq yoxlamalar aparılmış və "xxxx" ASC və digər bank tərəfindən yüklülüyünün olmadığı aşkar edilmiş və bundan sonra müvafiq olaraq onlara mənzillə bağlı kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən qanunsuz və əsassız hərəkətləri ilə onun xüsusi mülkiyyətində olan mənzildə yaşamaqlarını mümkünsüz edir və bu hərəkətlər halhazırda da davam etməkdədir. Abonent olaraq onun "xxxx" ASC-yə, "xxxx" ASC-yə və “Azəriqaz” İB-yə heç bir borcu yoxdur. Kredit borcunun qrafik üzrə ödənilməsində də heç bir gecikməyə yol verməmişdir. Bundan əlavə binanın kommunal xərclərini davamlı olaraq ödəmiş lakin, son 2 ayda kommunal ödənişinin ondan alınmasından MTK tərəfindən imtina edilmişdir. Onun xüsusi mülkiyyətində mənzili ola-ola cavabdehin qanunsuz hərəkətləri nəticəsində körpə uşağı, əri və o, anasına məxsus 1 otaqlı mənzildə əlverişsiz şəraitdə yaşamaq məcburiyyətində qalmışlar. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehdən əlavə olaraq vurduğu mənəvi zərərə görə 2000 (iki min) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində yəni İddiaçı məxsus mənzilə gələn elektrik cərəyanının verilməsinin qanunsuz dayandırılması, Cavabdeh MTK-nın Bayıl filialının sədri X7 iddiaçıya və onun ailəsinə qarşı mənzildən çıxarılacaqları barədə təhdidləri, iddiaçının ailəsi ilə birlikdə məcburiyyət qarşısında qalaraq körpə uşaqları ilə birgə mənzili tərk etməsi iddiaçının mənəvi sarsıntı və iztirab keçirərək - stres, əsəb, həyəcan, təşviş yaşamasına səbəb olmuş və nəticədə onun sağlamlığı həm psixi həmdə fiziki cəhətdən pozulmuşdur. İddiaçı qeyd edilənlərlə bağlı həkimə müraciət etmək məcburiyyətində qalmış və ona 311748 nömrəli reseptlə müxtəlif əsəb sakitləşdirici, psixotrop, yuxu tənzimləyici dərman preparatları təyin edilmişdir. Bütün bunların nəticəsində iddiaçıya 2000 (iki min) manat mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MTK-nın nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2 saylı binanın 123 saylı mənzil iddiaçıdan əvvəl başqa şəxs tərəfindən "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə görə əldə edilmiş pul vəsaiti hesabına alınmışdır. "xxxx" ASC ilə həmin şəxs arasında olan razılaşmaya əsasən mənzilə çıxarış aldıqdan sonra mənzil bank qarşısında həmin kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilməli idi. Həmin şəxs isə bank qarşısında öhdəliyini yerinə yetirməmiş, mənzili İddiaçı satmışdır. Hazırda həmin məsələ ilə bağlı səlahiyyətli dövlət orqanında araşdırma aparılır. MTK-nın nümayəndəsinin bununla bağlı iddiaçı ilə danışıqları olub düzdür, lakin mənzilə elektrik enerjisinin verilməsi onlar tərəfindən dayandırılmayıb, avqust ayında 10-15 gün müddətində həmin mənzilə verilən elektrik enerjisi xəttində texniki nasazlıq baş verib, bu səbəbdən həmin mənzilə elektrik enerjisinin verilməsində fasilə yaranıb, sonradan MTKnın işçiləri elektrika məlumat veriblər və elektrik gəlib təmir etdikdən sonra elektrik enerjisinin verilməsi bərpa edilib. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 izahatında mənzillərə elektrik enerjisinin verilməsi və kəsilməsinin yalnız "xxxx" ASC-nin səlahiyyətində olduğunu, hazırda iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2 saylı binanın 123 saylı mənzilinə dair hər hansı bir borcun olmadığını və elektrik enerjisinin verilməsi ilə bağlı hər hansı bir texniki nasazlığın olmasına dair ASC-yə məlumat daxil olmadığını, həmin mənzilə verilmiş elektrik enerjisinin "xxxx" ASC tərəfindən dayandırılması və ya kəsilməsi halının olmadığını bildirmişdir. İş üzrə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili X10 izahatında "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2021-ci il tarixli, DKM/-**********74921 nömrəli kredit müqaviləsinə əsasən kreditor Borcalana Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına görə illik 7% dərəcəsi ilə 300 ay müddətinə 105.000 (bir yüz beş min) manat məbləğində ipoteka krediti vermişdir. İş üzrə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2021-ci il tarixli, DKM/-**********74921 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor Borcalana Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 19 Noyabr 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********93-05301-093127 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına görə illik 7% dərəcəsi ilə 300 ay müddətinə 105 000 (bir yüz beş min) manat məbləğində ipoteka krediti vermişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2, 123 saylı mənzil xüsusi mülkiyyət növü kimi 26.02.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2, 123 saylı mənzilə dair su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə 23.04.2021-ci il tarixli, 44145255 nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2, 123 saylı mənzilə dair qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısı barədə 23.04.2021-ci il tarixli, 44145255 nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş AB001966 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanında yaşayan **********B0123 kodlu abonent İddiaçı 30.08.2021-ci il tarixə "xxxx" ASC-yə elektrik enerjisindən istifadəyə dair borcu yoxdur. İş materiallarına əlavə edilmiş Mərkəzi Klinika tərəfindən verilmiş 10.09.2021-ci il tarixli, 311748 nömrəli reseptdən görünür ki, İddiaçı müalicə kursu keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.11.2018-ci il tarixli AZ-İV seriyalı, 200030 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 02.11.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin etmə tədbiri barədə ərizə verərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik cərəyanının verilməsinin Cavabdeh MTK tərəfindən bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(009)-2364/2021 saylı qərardadı ilə ərizə təmin edilərək mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik cərəyanının verilməsi Cavabdeh MTK tərəfindən bərpa edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 03.09.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(009)-2364/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbkar İddiaçı 08.09.2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik cərəyanının verilməsi Cavabdeh MTK tərəfindən bərpa edildiyindən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 09.09.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(009)-2364/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15.02.2021-ci il tarixli kredit (ipoteka) müqaviləsi əsasında verilmiş kredit əsasında Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2, 123 saylı mənzili almış, həmin mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən 26.02.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı 2021-ci ilin mart ayından etibarən ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş-2, 123 saylı mənzilə dair "xxxx" ASC-yə elektrik enerjisindən istifadəyə dair borcu olmadığı halda, avqust ayında mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, məhkəmə tərəfindən iddianın təmin tədbiri barədə qərardad qəbul edildikdən və icraya yönəldikdən sonra elektrik enerjisinin verilməsi bərpa edilmiş və tələbkarın-iddiaçının ərizəsi əsasında icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM 152.5) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM 157.4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 9.13-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər: - istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. Məhkəmə işin faktiki hallarını məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək, İddiaçı "xxxx" ASC-yə elektrik enerjisindən istifadəyə dair borcunun olmadığının müəyyən edildiyini, eləcə də mənzilə verilən elektrik enerjisinin hər hansı bir texniki nasazlıq səbəbindən kəsilməsi halının sübuta yetirilmədiyini, yalnız məhkəmənin iddianın təmin etmə tədbiri barədə qərardadı icraya yönəldikdən sonra elektrik enerjisinin bərpa edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik cərəyanının verilməsinin bərpa edilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə Cavabdeh MTK tərəfindən elektrik cərəyanının verilməsinin əsassız olaraq dayandırılmasının (kəsilməsi) qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabeh tərəf mənzilə verilən elektrik enerjisinin kəsilməsini texniki nasazlığın olması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilən normaların tələbindən və işdə iştirak edən şəxslərin izahatından da aydın olur ki, mənzillərə elektrik enerjisinin verilməsi və dayandırılmasının əsasları müvafiq qaydalarla müəyyən edilməklə "xxxx" ASC-nin səlahiyyətinə aid edilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik enerjisinin verilməsinin cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq dayandırılması öz təsdiqini tapmışdır. Məhkəmə, hazırda məhkəmənin iddianın təmin tədbirinə dair qərardadının icra edilməsi nəticəsində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik enerjisinin verilməsinin cavabdeh tərəfindən bərpa edilsə də, məhkəmə qərardadının qanunvericiliyin tələbinə əsasən müvəqqəti xarakter daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi “Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik cərəyanının verilməsinin bərpa edilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə Cavabdeh MTK tərəfindən elektrik cərəyanının verilməsinin əsassız olaraq dayandırılmasının (kəsilməsi) qadağan edilməsi” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi tələbini, eləcə də özünün mənəvi sarsıntı və iztirab keçirərək - stres, əsəb, həyəcan, təşviş yaşamasına səbəb olması və nəticədə onun sağlamlığının həm psixi, həm də fiziki cəhətdən pozulmasını, bunun nəticəsində ona müxtəlif əsəb sakitləşdirici, psixotrop, yuxu tənzimləyici dərman preparatları təyin edilməsini “cavabdehin qanunsuz hərəkətləri nəticəsində yəni İddiaçı məxsus mənzilə gələn elektrik cərəyanının verilməsinin qanunsuz dayandınılması, Cavabdeh MTK-nın Bayıl filialının sədri X7 iddiaçıya və onun ailəsinə qarşı mənzildən çıxarılacaqları barədə təhdidləri, iddiaçının ailəsi ilə birlikdə məcburiyyət qarşısında qalaraq körpə uşaqları ilə birgə mənzili tərk etməsi” ilə əsaslandırsa da, iddiaçının məhz hazırki iddia tələbi üzrə Cavabdeh MTK tərəfindən mənzilə verilən elektrik enerjisinin dayandırılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə o halı da nəzərə alır ki, iddiaçı bununla bağlı məhkəməyə müraciət etmiş və məhkəmənin iddianın təmin tədbiri barədə qərardadı icraya yönəldikdən sonra mənzilə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Odur ki, məhkəmə iddiaçının bununla bağlı dəlilləri ilə razılaşmır və hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik cərəyanının verilməsinin bərpa edilməsi Cavabdeh MTK-ya həvalə edilməklə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə Cavabdeh MTK tərəfindən elektrik cərəyanının verilməsinin əsassız olaraq dayandırılması (kəsilməsi) Cavabdeh MTK-ya qadağan edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə elektrik cərəyanının verilməsinin bərpa edilməsi Cavabdeh MTK-ya həvalə edilməklə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, Giriş-2, 123 saylı mənzilə verilən elektrik cərəyanının əsassız olaraq dayandırılması (kəsilməsi) Cavabdeh MTK-ya qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar