Məhkəmə qərarları › İş №2(009)-2365/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2365/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2365/2021 01.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi G.Q.Sadıqsoyun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh 23.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatından illik 22 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış X2 03.12.2020-ci il tarixli müqaviləyə 1 No-li Əlavə Sazişə əsasən Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il avqust ayının 20-dək Cavabdeh banka 23.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2212,18 manat əsas borc, 271,86 manat faiz borcu, 399,69 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2883,73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı 23.01.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2212,18 manat əsas borc, 271,86 manat faiz borcu, 399,69 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2883,73 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin qeydiyyat ünvanı Səbail rayonu Polis İdarəsinin inzibati binası olduğu üçün onu məhkəmə iclasına dəvət edilməsi mümkün olmadığından, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «Kredit verən» qismində "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh arasında bağlanılmış 23 yanvar 2020-ci il tarixli BAKU2-14419- 17988 saylı kredit müqaviləsinə əsasən BOKT tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22%-lə 3000 manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış X2 03.12.2020-ci il tarixli müqaviləyə 1N-li Əlavə Sazişə əsasən Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə (hazırki İddiaçı ASC) ötürülmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 23.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 20.08.2021-ci il tarixə əsas borcu 2212,18 manat, 271,86 manat faiz, 399,69 manat cərimə, cəmi 2883,73 manat borcu var. İş üzrə tərəflər arasında bağlanmış 23.01.2020-ci il tarixli razılaşma müqaviləsinə əsasən ilkin kredit müqaviləsinin illik faiz dərəcəsi və müddəti dəyişdirilmiş, bu razılaşmaya əsasən borcalan illik 22%-lə 36 ay müddətinə 3000 manat kreditin götürülməsi barədə razılaşma əldə olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 23.01.2020-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən "xxxx" BOKT MMC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22%-lə 3000 manat məbləğində kredit verilmişdir. "xxxx" BOKT MMC ilə "xxxx" İKB ASC (hazırda “YeloBank ASC”) arasında bağlanmış X2 03.12.2020-ci il tarixli müqaviləyə 1 No-li Əlavə Sazişə əsasən Cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə (hazırda “YeloBank ASC”) ötürülmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və 20.08.2021-ci il tarixə 2212,18 manat əsas, 271,86 manat faiz və 399,69 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 399,69 manat cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə borcunun ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə tutulacaq dəbbə pulunun miqdarı 39,96 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 23.01.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli və cavabdehdən iddiaçının xeyrinə 2212,18 manat əsas, 271,86 manat faiz, 39,96 manat cərimə, cəmi 2524 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanılmış 23.01.2020-ci il tarixli BAKU2-14419-17988 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 23.01.2020-ci il tarixli BAKU2-14419-17988 saylı kredit müqaviləsi üzrə 20.08.2021-ci il tarixə yaranmış 2212,18 manat əsas borc, 271,86 manat faiz borcu və 39,96 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2554 (iki min beş yüz əlli dörd) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar