Məhkəmə qərarları › İş №2(009)-2410/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2410/2020

20.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2410/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 2213/2017 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adamdaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. Yaşayış minimumu uşaqlar üçün 2020-ci il üzrə 170 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan aliment məbləği 170 manat məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, işləyib əmək haqqı alsa da, cavabdeh tərəfindən verilən 137 manat aliment uşağın tələbatını ödəmək üçün yetərli olmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda göstərmişdir ki, məcburi köçkün olduğu üçün uşağa dövlətdən müavinət də ödənilir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir, iddiaçı özü işləyir, uşaq əlavə olaraq 60 manat dövlətdən yardım da alır, 137 manat alimentə 60 manat əlavə edilsə təxminən 200 manat edir, işləmədiyi üçün 137 manat alimenti güclə ödəyə bilir, ona görə də iddianın təmin edilməməsinin məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Xasməmmədova Könül Hasil qızıdır. İş üzrə Abşeron rayon Məhkəməsinin 2(012)-2213/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Xasməmmədova (Hüseynova) Könül Hasil qızı arasında Abşeron rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 269 sayla alınmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X1 anası Xasməmmədova Könül Hasil qızının yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 137 manat məbləğində aliment tutularaq Xasməmmədova Könül Hasil qızına ödənilməsi və alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin kserosurətinə əsasən Cavabdeh ilə Xasməmmədova Könül Hasil qızı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 132 N ilə qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Nərmin adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində 137 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni 137 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 170 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin işləməməsi, iddiaçının isə işləyib müvafiq əmək haqqı alması, o cümlədən məcburi köçkün olduğu üçün azyaşlıya hər ay 60 manat məbləğində dövlət tərəfindən müavinət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh işləmir, mövcud qətnamə qəbul edildikdən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bunula da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən məhkəmə iclasında iüəyyən edilmişdir ki, iddiaçı həm işləyir, həm də məcburi köçkün kimi uşağa görə müavinət alır. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yəni cavabdehin maddi vəziyyətində dəyişikliyin olması, onun qazancının və gəlirlərinin daha da yaxşılaşması və artması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, beynəlxalq hüquq normalarında bir çox dövlətlərin ailə qanunvericiliyində, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsində (maddə 56.1) valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması təsbit olunmuşdur. Valideynlər öz uşaqlarının tərbiyəsinə və inkişafına görə ümumi və bərabər məsuliyyət daşıma prinsipi BMT-nin “Uşaq hüquqları” Konvensiyasında da öz əksini tapmışdır. “Uşaq hüquqları Konvensiyasının” 18-ci maddəsinə əsasən uşağın ən ümdə mənafelərinin əsas qayğıkeşi olan valideynlər onun tərbiyəsi və inkişafına görə də özləri əsas məsuliyyət daşıyırlar. AR Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, uşaqların saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərinin hər ikisinin bərabər vəzifəsidir. Məhkəmə tərəfindən alimentin məbləği müəyyənləşdirilərkən tərəflərin əmlak vəziyyəti nəzərə alınaraq bərabərlik qaydasına mümkün qədər riayət olunması təmin olunmalıdır. Beləliklə məhkəmə uşaqların saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də iddiaçının vəzifəsi olması, cavabdehin işləməsini, iddiaçının isə işləməsini və dövlətdən uşağa görə əlavə təminat almasını, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-2213/2017 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar