Məhkəmə qərarları › İş №2(009)-2441/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2441/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2441/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.11.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC-yə ödənilməmiş 849 (səkkiz yüz qırx doqquz) manat əsas borc, 79 (yetmiş doqquz) manat dəbbə pulu, 25.11.2019-cu il tarixli, ******* nömrəli alqısatqı müqaviləsi üzrə isə 1430 (bir min dörd yüz otuz) manat əsas borc, 440 (dörd yüz qırx) manat dəbbə pulu, hər iki müqavilə üzrə cəmi 2.279 (iki min iki yüz yetmiş doqquz) manat əsas borc, 519 (beş yüz on doqquz) manat dəbbə pulu, 30 (otuz) manat dövlət rüsumu məbləğini, ümumilikdə 2828 (iki min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05.11.2019cu il tarixində ******* nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləni tərkib hissəsi olan 1 saylı əlavə, sonradan isə 25.11.2019-cu il tarixində isə ******* nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləni tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. 05.11.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 1049 (bir min qırx doqquz) manat olan «Demirdöküm Atron 24» markalı, 1 (bir) ədəd kombi almışdır. Müqavilə bağlanıldıqdan sonra cavabdeh ilkin ödəniş olaraq 52 (əlli iki) manat və sonradan isə əsas borcundan cəmi 148 (bir yüz qırx səkkiz) manat ödəmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək ilə, alınan kombinin dəyərini tam ödəməli idi. Ancaq ümumi olaraq yuxarıda qeyd edilən ödənişləri etdikdən sonra cavabdeh qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdehin 05.11.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cəmiyyətimizə 26 avqust 2021-ci il tarixədək olan əsas borcu 849 (səkkiz yüz qırx doqquz) manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci avqust ayının 26-na cərimə (dəbbə pulu) 79 (yetmiş doqquz) manat təşkil edir. 25.11.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 1680 (bir min altı yüz səksən) manat olan «Samsung G960 Black» markalı 1 (bir) ədəd telefon almışdır. Cavabdeh ilkin ödəniş olaraq 250 (iki yüz əlli) manat ödəmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək ilə, alınan telefonun dəyərini ödəməli idi, ancaq qeyd olunan ilkin ödənişi etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətimizə bu günə olan borcu 1430 (bir min dörd yüz otuz) manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı Müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il avqust ayının 26-na dəbbə pulu 440 (dörd yüz qırx) manat təşkil edir. Dəfələrlə xəbərdar etməklərinə baxmayaraq cavabdeh üzrlü səbəblər olmadan qeyd olunan müqavilələr üzrə ümumi borcların ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə cavabdehə ərizə formasında qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanlara pretenziya məktubu göndərilmiş, lakin məktubun göndərildiyi zərf poçt rabitəsi xidməti tərəfindən (bu ünvanda yaşamır qeydi ilə) geri qaytarılmışdır. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, o məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.11.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ümumi dəyəri 1049 (bir min qırx doqquz) manat olan «Demirdöküm Atron 24» markalı, 1 (bir) ədəd kombini 12 ay müddətinə ödəmək şərtilə alıcı Cavabdeh satmışdır. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% faizi miqdarında dəbbə pulu ödəməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.11.2019cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ümumi dəyəri 1680 (bir min altı yüz səksən) manat olan «Samsung G960 Black» markalı 1 (bir) ədəd telefonu 12 ay müddətinə ödəmək şərtilə alıcı Cavabdeh satmışdır. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% faizi miqdarında dəbbə pulu ödəməlidir. İşdə olan "xxxx" MMC-nin 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanılmış 05.11.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh cəmiyyətimizə olan əsas borcu 849 (səkkiz yüz qırx doqquz) manat təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci ilin avqust ayının 26-a dəbbə pulu 79 (yetmiş doqquz) manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə ümumi borcu 928 (yeddi yüz otuz altı) manat təşkil edir. İşdə olan "xxxx" MMC-nin 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanılmış 25.11.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh cəmiyyətimizə olan əsas borcu 1430 (bir min dörd yüz otuz) manat təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci ilin avqust ayının 26-a dəbbə pulu 440 (dörd yüz qırx) manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə ümumi borcu 1870 (bir min səkkiz yüz yetmiş) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin cavabdehdən 05.11.2019-cu il tarixli müqavilə üzrə «Demirdöküm Atron 24» markalı, 1 (bir) ədəd kombi üçün 849 manat yaranmış əsas borcun və 25.11.2019-cu il tarixli müqavilə üzrə «Samsung G960 Black» markalı 1 (bir) ədəd telefon üçün 1430 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilələr üzrə tələb edilən 79 manat və 440 manat cərimə borcunun tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn «Demirdöküm Atron 24» markalı, 1 (bir) ədəd kombi üçün 849 manat və «Samsung G960 Black» markalı 1 (bir) ədəd telefon üçün 1430 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq müqavilələr üzrə “79 manat dəbbə pulunun azaldılaraq 20 manat və 440 manat dəbbə pulunun azaldılaraq 50 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «Demirdöküm Atron 24» markalı, 1 (bir) ədəd kombi üçün 849 (səkkiz yüz qırx doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 869 (səkkiz yüz altmış doqquz) manat və «Samsung G960 Black» markalı 1 (bir) ədəd telefon üçün 1430 (bir min dörd yüz otuz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu, cəmi 1480 (min dörd yüz səksən) manat, ümumilikdə 2349 (iki min üç yüz qırx doqquz) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «Demirdöküm Atron 24» markalı, 1 (bir) ədəd kombi üçün 849 (səkkiz yüz qırx doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 869 (səkkiz yüz altmış doqquz) manat və «Samsung G960 Black» markalı 1 (bir) ədəd telefon üçün 1430 (bir min dörd yüz otuz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu, cəmi 1480 (bir min dörd yüz səksən) manat, ümumilikdə 2349 (iki min üç yüz qırx doqquz) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar