Məhkəmə qərarları › İş №2(009)-2456/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2456/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2456/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4888.47 (dörd min səkkiz yüz səksən səkkiz manat qırx yeddi qəpik) manat əsas borc, 14.72 (on dörd manat yetmiş iki qəpik) manat faiz borcu və 11.73 (on bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 4914.92 (dörd min doqquz yüz on dörd manat doxsan iki qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 09.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 5629.74 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31.08.2021-dək Cavabdeh1 banka 09.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4888.47 (dörd min səkkiz yüz səksən səkkiz manat qırx yeddi qəpik) manat əsas borc, 14.72 (on dörd manat yetmiş iki qəpik) manat faiz borcu və 11.73 (on bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 4914.92 (dörd min doqquz yüz on dörd manat doxsan iki qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul edərək İddiaçı ASCyə borcunun olduğunu etiraf etmiş, həmin borc məbləği üzrə hissə-hissə ödənişlər etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, "xxxx" İKB ASC borcluya 60 ay müddətinə, illik 1 faiz hesablanmaqla 5629,74 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31.08.2021-ci il tarixinə banka 4888.47 (dörd min səkkiz yüz səksən səkkiz manat qırx yeddi qəpik) manat əsas borc, 14.72 (on dörd manat yetmiş iki qəpik) manat faiz borcu və 11.73 (on bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4914.92 (dörd min doqquz yüz on dörd manat doxsan iki qəpik) manat borcu vardır. İşə əlavə edilmiş 17.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17.11.2021-ci il tarixinə banka 4017,47 (dörd min on yeddi manat qırx yeddi qəpik) manat əsas borc, 24,26 (iyirmi dörd manat iyirmi altı qəpik) manat faiz borcu və 28,38 (iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4070,11 (dörd min yetmiş manat on bir qəpik) manat borcu vardır. İş materiallarında olan 16.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 5 bank günü ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişlər. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" İKB ASC-nin adı İddiaçı ASC-yə çevrilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli istehlak krediti müqaviləsinə əsasən "xxxx" İKB ASC borcluya 60 ay müddətinə, illik 1 faiz hesablanmaqla 5629,74 manat məbləğində kredit vermiş, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli zaminlik müqaviləsinə əsasən isə zamin 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşımışdır. Cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh1 "xxxx" İKB ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə ləğv edilməklə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, sonuncu - 17.11.2021-ci il tarixli maliyyə arayışında əsas borcun 4017,47 (dörd min on yeddi manat qırx yeddi qəpik) manat, faiz borcunun 24,26 (iyirmi dörd manat iyirmi altı qəpik) manat və cərimə borcunun 28,38 (iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat olduğu göstərilmişdir. Lakin iddiaçı iddia tələbində 14.72 (on dörd manat yetmiş iki qəpik) manat faiz və 11.73 (on bir manat yetmiş üç qəpik) manat cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində sonuncu - 17.11.2021-ci il tarixli maliyyə arayışında göstərilən 4017,47 (dörd min on yeddi manat qırx yeddi qəpik) manat həcmində, faiz və cərimə borcu hissəsində isə iddiaçının iddia tələbində tələb etdiyi faiz borcu olaraq 14.72 (on dörd manat yetmiş iki qəpik) manat və cərimə borcu olaraq 11.73 (on bir manat yetmiş üç qəpik) manat həcmində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli kredit müqaviləsi ləğv edilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 24-MZ-1-0-376-14 nömrəli kredit müqaviləsi üzrə 4017,47 (dörd min on yeddi manat qırx yeddi qəpik) manat əsas borc, 14.72 (on dörd manat yetmiş iki qəpik) manat faiz borcu, 11.73 (on bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4043,92 (dörd min qırx üç manat doxsan iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 24- MZ-1-0-376-14 nömrəli kredit müqaviləsi ləğv edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 24- MZ-1-0-376-14 nömrəli kredit müqaviləsi üzrə 4017,47 (dörd min on yeddi manat qırx yeddi qəpik) manat əsas borc, 14,72 (on dörd manat yetmiş iki qəpik) manat faiz borcu, 11,73 (on bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4043,92 (dörd min qırx üç manat doxsan iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar