Məhkəmə qərarları › İş №2(009)-2488/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2488/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2488/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Qəhrəmanovun iştirak ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 16.07.2020-ci il tarixli və 23.08.2020-ci il tarixli müqavilələrinə əsasən “Hoffmann” LED” markalı televizor və İMEİ kodu **********73605 olan “Samsung Galaxy A51” markalı telefon almış və nəticədə 2220 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.07.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1380 manat (24 ay x 57,5 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” LED” markalı televizor üçün ümumilikdə 1364 manat olmaqla, ondan 1193 manat ödənilməmiş məbləğ, 171 manat dəbbə pulu; 23.08.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 872,4 manat (18 ay x 46,8 manat + 30 manat ilkin ödəniş) olan İMEİ kodu **********73605 “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə 856 manat olmaqla, ondan 717,2 manat ödənilməmiş məbləğ, 138,8 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 342,2 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı 16.07.2020-ci il tarixli müqaviləsinə əsasən “Hoffmann LED” markalı televizor üçün 1193 manat əsas borc, 171 manat dəbbə pulu; 23.08.2020ci il tarixli müqaviləsinə əsasən “Samsung Galaxy A51” markalı telefon üçün 717,2 manat əsas borc, 138,8 manat dəbbə pulu, ümumilikdə 2220 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, həmin bildirişlər “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bu səbəbdən məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16 iyul 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Hoffmann LED” markalı televizoru 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 57,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1380 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 23 avqust 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung Galaxy A51” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 46,8 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 872,4 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 08.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16.07.2020-ci il tarixli müqavilə üzrə 1193 manat əsas, 171 manat cərimə, 23.08.2020-ci il tarixli müqavilə üzrə 717,2 manat əsas, 138,8 manat cərimə, cəmi 2220 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 16.07.2020-ci il tarixdə və 23.08.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1380 manat olan “Hoffmann LED” markalı televizor və alqı-satqı qiyməti 872,4 manat “Samsung Galaxy A51” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilədə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 16.07.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1193 manat və 23.08.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 717,2 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin 16.07.2020-ci il tarixli müqavilə üzrə 171 manat və 23.08.2020-ci il tarixli müqavilə üzrə 138,8 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 16.07.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 17 manat və 23.08.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 13,8 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 16.07.2020-ci il tarixli 21023484 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 08.09.2021-ci il tarixə yaranmış 1193 manat borc, 17 manat dəbbə pulu, 23.08.2020-ci il tarixli 21102769 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 08.09.2021-ci il tarixə yaranmış 717,2 manat borc, 13,8 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1971 (bir min doqquz yüz yetmiş bir) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar