Məhkəmə qərarları › İş №2(009)-2495/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2495/2020

03.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2495/2020 03.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(009)-111/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilərək, xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər biri üçün 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(009)-111/2012 saylı qətnaməsi ilə xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, X2 3 yaşına çatanadək 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh bu günə qədər alimenti stabil ödəməyib, hər dəfə bildirir ki, işləmir bu səbəbdən hesab edir ki, cavabdehdən tutulan aliment dəyişdirilərək sabit məbləğdə tutulmalıdır. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər, lakin hər iki tərəf ərizə ilə müraciət edərək iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki iş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(009)-111/2012 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, X2 3 yaşına çatanadək 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 256600 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx xxxxxx 2018-ci il tarixdə bağlanmış, 555 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Rüstəmov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 446709 və AZ-İV 446710 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X4 və X5 xx.xx.2020-ci il tarixdə (əkiz) Bakı şəhərində doğulmuşdurlar. Ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Məhkəmə qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin qazancının aşağı olması onu uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Qeyd olunan maddi hüquq normasının məzmunundan görünür ki, tutulmuş alimentin məbləğinin dəyişdirilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətindəki dəyişikliyin mövcudluğu ilə şərtləndirilmişdir. İş materiallarından görünür ki, cavabdeh rəsmi nikaha daxil olmaqla ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan 2 uşağı doğulmuşdur və hal-hazırda işləmir. Bununla bağlı hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, yaşayış minimumu haqqında qanunvericiliyin tələblərini, uşaqların əvvəlki təminatını, onların üstün mənafeyini, cavabdehin əmək haqqına dair hər hansı sənədin mövcud olmadığını, əksinə yuxarıda şərh olunan mənada, yəni cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişikliyin olmadığını, onun ikinci nikahından 2 azyaşlı uşağının olmasını və Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(009)-111/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını, qanunvericiliyin tələbləri baxımından alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıdan olan uşağın saxlanılması üçün cavabdehdən sabit pul şəklində aliment məbləği hər ay, hər bir uşağa 150 manat olmaqla cəmi 300 manat məbləğində müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, işin müəyyən edilmiş hallarına əsasən alimentin müəyyən edilmiş həcmi hazırki qətnamənin icrasının gələcəkdə qeyrimümkün olan akta çevrilməsi ilə nəticələnməsin. Məhkəmə həmçinin hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən tutulmalı olan 300 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qararının 82/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(009)-111/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər biri üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar