Məhkəmə qərarları › İş №2(009)-257/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-257/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-257/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh və onun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılması, 11 il ərzində həmin su çənlərindən suyun axıdılması nəticəsində onun evi və həyəti yararasız hala salındığı üçün ona dəymiş zərərə görə 7000 (yeddi min) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində torpaq sahəsi alaraq ev tikmiş və həmin vaxtdan istifadəsində və qeydiyyatda olduğu ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, yaşadığı evə aid torpaq sahəsini qonşusu hazırki iş üzrə cavabdeh olan Cavabdeh aldığı üçün ona məxsus su çənləri onun evinin yaxın məsafəsində yerləşir. Həmin su çənlərinin istismar müddəti başa çatmış, baxımsızlıq nəticəsində evinə və həyətinə su axmış, hazırda da su axaraq ziyan vurmaqda davam edir. Cavabdehə dəfələrlə bildirilsə də, heç bir nəticə verməmiş və nəticədə evinə zərər dəymişdir. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus su çənləri onun öz vəsaiti hesabına çıxarılmalı və 11 il ərzində həmin su çənlərindən suyun axıdılması nəticəsində evi və həyəti yararasız hala salındığı üçün ona dəymiş zərərə görə 7000 manat məbləğində pul ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X3 iddia tələbini müdafiə edib, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, 1988-ci il tarixindən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində 7 sot torpaq sahəsində 220 kv.m sahəsi olan həyət evi tikib yaşamağa başlamış və 1995-ci ildən evi tikib başa çatdırmışdır. Belə ki, 2010-cu il tarixdə iş üzrə İddiaçı onların həyətində tikilmiş və onlara məxsus olan bir otaqlı evdə kirayə yaşamağa başlamışdır. O, iki ilə yaxın həmin evdə yaşamış və aralarında münasibətlər normal olmuşdur. Onlar öz torpaq sahələrindən hasar çəkərək 40kv.m torpaq sahəsini İddiaçı ev tikib yaşaması üçün vermişlər. İddiaçı evin sahəsini bir qədər də artıraraq 60 kv.m-ə çatdırmışdır. Onlar evlərini tikdikdən sonra öz torpaq sahələrini əhatə edən dəmirdən hasar çəkmişlər. İddiaçı evinin arxasında olan dəmirdən olan hasarı sökərək həmin torpaq sahəsinə sahib çıxmaq istəmişdir. Onlar evin arxasında 1995-ci ildən daşdan su çənləri tikmişlər, həmin çənlərlə İddiaçı evi arasında dəmir hasarı onlar çəkmişlər, onların çənlərindən heç yerə su axıdılmır. Neçə ildir ki, həmin çənlərdən istifadə edirlər, heç bir yerə də su axıdılmır. İddiaçı onların evinin arxasında olan həyətyanı sahəyə sahib çıxmaq istəyir və buna görə də aralarında mübahisə yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hər iki tərəfi tanıyır, onların yaşadığı ərazinin sakinidir, əvvəllər isə Cavabdeh evində kirayədə qalmışdır. Belə ki, İddiaçı ona müraciət edərək pandemiya vaxtı rayona gedib-gəlmək üçün icazə arayışını almaq məqsədi ilə qonşularından imzalar topladığını bildirmişdir. Lakin o, çəndən su axıdılması ilə bağlı aktı imzalamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hər iki tərəfi tanıyır, onların yaşadığı ərazidə yaşayır. O, çəndən su axıdılma ilə bağlı aktı imzalamamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş X7, X5 və X4 tərəfindən imzalanmış 02.10.2020-ci il tarixli aktdan görünür ki, imza edən qonşular Ə.Nəzmi küçəsi ev ö/t 2B-də qeydiyyatda olan və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayan İddiaçı qonşuluqda yaşayan Cavabdeh məxsus su çənləri onun evinə yaxın məsafədə yerləşir. Həmin su çənlərinin istismar müddəti başa çatmışdır. Baxımsızlıq nəticəsində həmin çənlərdən İddiaçı evinə, həyətinə su axaraq ziyan vurmaqda dəvam edir. Dəfələrlə deyilsə də, heç bir nəticə verməmiş, hətta təhqir etmişdir. Bu su axınından olan ziyan ailədə uşaqların xəstələnməsinə səbəb olur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.07.2018ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamenti tərəfindən Cavabdeh barəsində qəbul edilmiş 25 may 2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.12.2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı - Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Belə ki, iddiaçı iddia edir ki, ünvan 1 ünvanında cavabdehə məxsus su çənlərindən suyun axıdılması nəticəsində ona məxsus ev və həyət yararasız hala salınmış, bununla bağlı, dəfələrlə tərəfindən cavabdehə müraciət edilmiş, lakin müraciətlərinə heç bir məhəl qoymamışdır, cavabdehin bu hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən də görünür ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş CD diskdə olan video-görüntüyə baxış keçirilmiş, ünvan 3 ünvanına suyun axıdıldığı müəyyən edilmiş, lakin həmin suyun məhz Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 3A saylı fərdi yaşayış evinin həyətyanı sahəsində olan çənlərdən axıdıldığını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair 2(009)-257/2021 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.06.2021-ci il tarixli, 10/610 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilən zamanı suyun sızma və ya axıdılması halı müşahidə olunmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilən zamanı yaşayış evində və yaşayış evinin, həyətyanı torpaq sahəsinə su sızma nəticəsində ziyanın dəymədiyi və konstruktiv elementləri üzərində qüsurların olmadığı müəyyən edilmiş, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 3A saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən (foto şəkillərdə əks olunan) çənlər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə 2,25 metr ara məsafəsində yerləşdiyi müəyyən edilir. Həyətyanı sahələrin sərhədləri müəyyən edilmədiyindən həmin çənlərin 2B saylı evin həyətyanı sahələrindən nə qədər məsafədə yerləşməsini müəyyən etmək mümkün olmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində su sızmaya aid qüsurların olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi 02.10.2020-ci il tarixli aktı imzalayan şəxslərdən X4 və X7 məhkəmədə şahid qismində dindirilən zaman hər iki tərəfi tanıdıqlarını, lakin çənlərdən su axıdılma ilə bağlı aktı imzalamadıqlarını göstərmişlər. Belə olan halda, məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul etmir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ona məxsus ünvan 4 ünvanına suyun məhz Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən su çənlərindən axıdılması, eləcə də bunun nəticəsində ona zərər vurulması ilə bağlı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı iddia tələbində həmçinin “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılmasını” xahiş etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 3A saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən (foto şəkillərdə əks olunan) çənlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə 2,25 metr ara məsafəsində yerləşdiyi müəyyən edilmiş, həyətyanı sahələrin sərhədləri müəyyən edilmədiyindən həmin çənlərin 2B saylı evin həyətyanı sahələrindən nə qədər məsafədə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi mübahisəli çənlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (və ya onun həyət yanı sahəsində) yerləşməsi təsdiq edilməmiş, eləcə də ünvan 1 ünvanında yerləşən ev hüquqi statusuna görə özbaşına tikili olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı bir hüquq müəyyən edici sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının özbaşına tikili statusuna malik olan həmin fərdi yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsinə hər hansı hüquq əldə etməməsi ilə yanaşı, mübahisəli çənlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşməsi də öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddiaçının “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılması” ilə bağlı tələb irəli sürmək üçün hazırda subyektiv hüququ da yoxdur. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar