Məhkəmə qərarları › İş №2(009)-259/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-259/2020

22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-259/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı “xxxxxxx” MMC-nin nümayəndələri X1 və Babaşov Emin Söhbət oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxxxxx” MMC-nin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” MMC – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” MMC-nin sabiq ticarət nümayəndəsi Cavabdeh1 və zamini Cavabdeh2 müştərək olaraq ümumilikdə 11441.729 (9190.269 manat vurulmuş zərər + 251.46 manat faiz +2000 min manat əldən çıxmış faydaya görə) manat pul vəsaitinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınaraq “xxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Cavabdeh1 xx xxxx 2014-cü il tarixdə “xxxxxxx” MMC-yə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və Mülki Məcəllələrin tələbinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Cavabdeh1 Ucar, Ağdaş və Göyçay rayonlarında yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələrini şirniyyat və qənnadı məmulatları ilə təmin edən Cavabdeh1 müştərilərdən istədikləri sifarişləri qəbul edib dərhal həmin qida məhsullarını sifariş olunan ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirkətin xəzinəsinə ödəyirdi. Lakin Cavabdeh1 öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti dayandırılaraq xx xxxxx 2019-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Ancaq Cavabdeh1 müqavilə şərtlərinə əməl etməmiş nəticədə hesabında qalan pul vəsaitini Cəmiyyətə təhvil vermədiyindən “xxxxxxx” MMC-yə 9190.269 manat məbləğində zərər vurmuşdur. Bundan əlavə Cavabdeh1 9190.269 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 251.46 (iki yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində faiz pulu (illik faiz pulunun hesablanma tarixi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətə yəni, 6 ay 17 gün) və əldən çıxmış faydaya görə isə 2000 (iki min) manat hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 11441.729 manat ziyan hesablanmışdır. Bundan başqa iddiaçı “xxxxxxx” MMC ilə digər Cavabdeh2 arasında öhdəlik müqaviləsi bağlanmışdır ki, həmin müqavilə ilə Cavabdeh2, Cavabdeh1 “xxxxxxx” MMC qarşısında öhdəliyinə zamin durmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxx” MMC-nin nümayəndələri X1 və Babaşov Emin Söhbət oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, xx xxxx 2014-cü il tarixdə “xxxxxxx” MMC-yə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixə kimi “xxxxxxx” MMC-nin Ucar, Ağdaş və Göyçay rayonlarında yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin dövrdə onun vəzifəsi malları qəbul edib, sifariş verilən satış nöqtələrinə çatdırıb təhvil vermək və 30 gün ərizində satışdan əldə olunan pulu toplayıb şirkətin xəzinəsinə ödəməkdən ibarət olmuşdur. O, işlədiyi dövrdə təhvil verdiyi mallar arasında zay məhsullar olmuş və ya satılmadığından vaxtı keçmiş məhsullar olmuş, sifariş verən şəxslər ona həmin malları geri götürməsini bildirsələr də, onun həmin malları götürüb anbara təhvil vermək səlahiyyəti olmadığından həmin malları təhvil verdiyi şəxslərdən götürməmişdir. Bu səbəbdən həmin mallara görə yığılan borc məbləği ondan tutulmamalıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, da “xxxxxxx” MMC şirkətində işləmişdir. O, Cavabdeh1 işə düzələn zaman onun düzgün işləyəcəyinə özünün həmin iş yerində işləyəcəyi müddət ərzində zamin olmuşdur. Lakin bir müddət sonra o, işdən çıxmış və sonrakı məsələlərdən məlumatı olmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 209 nömrəli əmək müqaviləsindən görünür ki, Cavabdeh1 “xxxxxxx” MMC-də ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan “xxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan “xxxxxxx” MMC-də əmək müqaviləsi ilə işə yeni qəbul edilən ticarət nümayəndəsinin valideyninin və ya qohumunun xx.xx.2014-cü il tarixli öhdəliyindən görünür ki, Cavabdeh2 ticarət nümayəndəsi Cavabdeh1 maddi-məsul vəzifəni həvalə edilməsinə və onun düzgün, təmiz işləyəcəyinə, heç bir mənimsəmə, israf etmə və talama hallarına yol verməyəcəyinə zamin olmuşdur. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli, xxxxxxx00001X0 nömrəli məlumatdan görünür ki, “xxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “xx.xx.2019” tarixli, “45/4-02” nömrəli, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli Balansdan görünür ki, Cavabdeh1 “xxxxxxx” MMC-yə 9190,269 manat borcu qalmışdır. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, Cavabdeh1 “xxxxxxx” MMC-yə olan 9190,269 manat borcuna görə aylıq 5 faiz dərəcəsi olmaqla 6 ay 17 günə 251,46 manat borc hesablanmışdır. İş materiallarında olan “xxxxxxx” MMC-nin təftişi Hüseyn Ələkbərov ilə ticarət nümayəndəsi Cavabdeh1 arasında olan üzləşmə aktlarından və arayışdan görünür ki, Cavabdeh1 “xxxxxxx” MMC-yə xx.xx.2019-cu il tarixdə 2990,546 manat, xx.xx.2019-cu il tarixdə 5686,529 manat və xx.xx.2019-cu il tarixdə 687 manat borcu qalmış, həmin borcdan balansda olan 173,806 manat çıxılaraq cəmi 9190,269 manat borcun qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 32365 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, “xxxxxxx” MMC üzrə Cavabdeh1 hesabında yaranmış çatışmazlıq qeyd edilən normativ hüquqi aktların tələblərinə cavab vermir. Lakin iş materiallarında alınmış mallara görə hesablaşma vərəqəsinə əsasən 9190,26 manat borc qalığının olması müəyyən edilir. Bundan başqa, “xxxxxxx” MMC tərəfindən tərtib edilmiş balans məlumatlarında da 9190,26 manat məbləğində çatışmazlıq göstərilmişdir. Beləliklə iş materiallarında öz əskini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Cavabdeh1 öhdəsində yaranan çatışmazlıq 9190,26 manat məbləğində müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxxx 2014-cü il tarixdən xx.xx.2019-cu il tarixə kimi “xxxxxxx” MMC-i ilə əmək münasibətlərində olmuşlar. 209 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh1 ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmiş, xx xxxxx 2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh işdən çıxarılmaya dair əmrini mübahisələndirməmişdir. İddia tələblərinə əsasən Cavabdeh1 müqavilə şərtlərinə əməl etməmiş nəticədə hesabında qalan pul vəsaitini Cəmiyyətə təhvil vermədiyindən “xxxxxxx” MMC-yə 9190.269 manat məbləğində zərər vurmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx xxxx 2014-cü il tarixdə “xxxxxxx” MMC-yə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixə kimi “xxxxxxx” MMCnin Ucar, Ağdaş və Göyçay rayonlarında yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin dövrdə onun vəzifəsi malları qəbul edib, sifariş verilən nöqtələrinə çatdırıb təhvil vermək və 30 gün ərizində satışdan əldə olunan pulu toplayıb şirkətin xəzinəsinə ödəməkdən ibarət olmuşdur. Lakin cavabdeh malları sifariş nöqtələrinə çatdırsa da, müqavilədə nəzərdə tutulmuş müddət ərzində satışdan əldə olunan pulları iddiaçıya təhvil verməmiş, bunu isə işlədiyi dövrdə təhvil verdiyi malların arasında zay məhsullar olması və həmin zay məhsulların satış nöqtələri tərəfindən geri qaytarılması, iddiaçının nəzdində olan anbar tərəfindən qəbul edilməməsi ilə əsaslandırmışdır. Bu səbəbdən həmin mallara görə yığılan borc məbləğinin ondan tutulmalı olmadığını göstərərək iddiaya etiraz etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin 3.1-ci bəndindən görünür ki, işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: - satış planına uyğun olaraq geniş əhatəli və keyfiyyətli distribusiyanı həyata keçirir; - marşrut siyahısı üzrə mütəmadi olaraq müştərilərə baş çəkir; - müştərilərlə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq orlardan satılmış malların pulunu alır, həmin gün kassa mədaxil orderi yazıb maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim edir; - müştərilərdən yeni sifarişlər qəbul edir və sifariş vərəqəsini doldurur; - daim müştəri bazasının artmasına və genişləndirilməsinə çalışır; - ticarət obyektlərinə çatdırılan malların fakturada göstərilən məbləğdə və çeşiddə tam həcmdə çatdırılıb-çatdırılmamasını yoxlayır; - müştərilərdən alınmış pullara yerində kassa mədaxil orderi yazır, onun bir nüsxəsini müştəriyə və ikinci nüsxəsini elə həmin gün maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim edir; müştərilərin debitor borclarını daim nəzarətdə saxlayır və bağlanmış müqavilə şərtlərinə uyğun borcları vaxtında alır; - satış planına uyğun olaraq müştərilərin mal ehtiyatı ilə təmin olunmasını təmin edir; - özünün kitabında hər bir ticarət obyekti və müştəri barəsində məlumatların ətraflı qeydiyyatını aparır; - müştərilərlə daim təmkinli davranmalı, səliqəli geyinməli, danışıq və hərəkətləri müştəriləri qıcıqlandırmamalı və onların rəğbətini qazanmalıdır; - “alıcı”ya satış üçün verilmş malların qaytarılması 3 gün müddətində həyata keçirilir. Həmin Müqavilənin 5.1-ci bəndindən görünür ki,bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həmçinin “xxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. Həmin müqaviləyə əsasən ticarət nümayəndəsi vəzifəsində işləyən «işçi» ona həvalə edilmiş maddi (malların) və natural vəsaitlərin (pul) qeydiyyata alınmasını, qorunmasını, saxlanmasını təmin etmək üçün aşağıdakılar üzrə tam maddi-məsuliyyəti öz öhdəsinə götürür: - ticarət obyektlərinə satılmış malların satışından toplanması ona həvalə edilmiş şirkətin maddi vəsaitinə (pul) cavabdeh olmaq, maddi vəsaitlərə ciddi yanaşmaq və maddi zərərin vurulmasının qarşısını almaq; - toplamış və ona həvalə edilmiş maddi və natural saxlanmasına təhlükə yörada bilən amillər haqqında vaxtında məlumat vermək; tapşırılmış maddi qiymətlilərin (pul) təftişində iştirak etmək; - yanğından mühafizə tədbirləri və antisanitariya qaydalarına əməl etmək; şirkət müəyyən edilmiş qaydada maddi və natural vəsaitlərin təftişini təşkil edilməsini öhdəsinə götürür; - şirkət, işçinin günahı üzündən müəssisəyə maddi zərər vurularsa, zərərin miqdarını müəyyənləşdirir və dəyərin ödənilməsi mövcud qanunvericiliyə uyğun surətdə həll edilir. Əmək Məcəlləsinin 10-cu maddəsində qeyd edilən - əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq və s. əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasına daxil edilmişdir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə və s. hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin zərər vurulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və Cavabdeh1 arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, hazırki işdən göründüyü kimi, tərəflər arasında cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə Cavabdeh1 Ucar, Ağdaş və Göyçay rayonlarında yerləşən satış nöqtələri ilə işləyərək onları şirniyyat və qənnadı məmulatları ilə təmin etməli, müştərilərdən istədikləri sifarişləri qəbul edib dərhal həmin qida məhsullarını sifariş olunan ünvanlara göndərməli və 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirkətin xəzinəsinə ödəməli idi. Lakin Cavabdeh1 öhdəliyə əməl etməməsi nəticəsində iddiaçı MMC-nin cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmışdır. Müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə Cavabdeh1 iddiaçı qarşısında tam maddi məsuliyyət daşıması barədə müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklərin icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüqu-qunun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyənləşdirlməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (448.2) Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. (448.3) Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların Cavabdeh1 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və maddi zərərin ödənilməsi tələbi üzrə irəli sürülmüş hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmənin qənaətinə görə, Cavabdeh1 müqavilə şərtlərinə əməl etməməsi, yəni hesabında yaranan borc qalığını Cəmiyyətə ödəməməsi nəticəsində “xxxxxxx” MMC-yə 9190.269 manat məbləğində zərər vurulmuşdur. Məhkəmə iddia tələbinin bu hissəsi üzrə nəticəyə gələrkən, həmçinin cavabdehin 9190,269 manat borcunun qaldığı müəyyən edilməsinə dair “xxxxxxx” MMC-nin təftişçisi Hüseyn Ələkbərov ilə ticarət nümayəndəsi Cavabdeh1 arasında olan üzləşmə aktlarını və arayışını, eləcə də Cavabdeh1 öhdəsində yaranan çatışmazlığın 9190,26 manat məbləğində müəyyən olunmasına dair Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 32365 saylı ekspert rəyini sübut kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İşin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından məhkəmə Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 32365 saylı ekspert rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və qeyri-müəyyən xarakter daşımır. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə sözügedən rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, Cavabdeh1 iddiaçıya vurulmuş zərərinin məbləğinin 9190,26 manat məbləğində olması işin araşdırılmış və tədqiq edilmiş sübutları əsasında tam təsdiq edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehin 9190.26 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi vaxt üçün illik 5% olmaqla 251.46 manat məbləğində faiz pulu tutulmasına dair hissəsini də qanunverciliyin tələbinə uyğun olduğu üçün təmin edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə,həmçinin iddia üzrə tələb edilən bu məbləğlərin cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 müştərək qaydada tutulması tələbinidəəsaslıhesab edir. Beləki, işin materiallarından görünürki, xx.xx.2014-cü il tarixdə Cavabdeh2 imzaladığı öhdəliyi ilə ticarət nümayəndəsi Cavabdeh1 maddi-məsul vəzifənin həvalə edilməsinə və onun düzgün, təmiz işləyəcəyinə, heç bir mənimsəmə, israf etmə və talama hallarına yol verməyəcəyinə zamin durmaqla yanaşı, eyni zamanda Cavabdeh1 işlədiyi müddətdə yaranma mənbəyindən asılı olmayaraq hər hansı bir maddi çatışmamazlığı, borcu olduğu, mənimsəmə, israf etmə, yəni etibar edilmiş özgə əmlakını talama halları olduğu halda çıxışı dayandırıldığı gündən etibarən bir ay ərizində çatışmayan məbləğin ödənilməsini öz üzərinə götürmüşdür. Məhkəmə Cavabdeh2 Cavabdeh1 işə düzələn zaman onun düzgün işləyəcəyinə zamin olsa da, bir müddət sonra onun işdən çıxması və sonrakı məsələlərdən məlumatı olmaması əsası ilə iddianın ona qarşı olan hissəsinə etirazına qiymət verərək hesab edir ki, o, “xxxxxxx” MMC-də əmək müqaviləsi ilə işə yeni qəbul edilən «ticarət nümayəndəsinin valideyninin və ya qohumunun xx.xx.2014-cü il tarixli öhdəliyi»ndə Cavabdeh1 maddi-məsul vəzifənin həvalə edilməsinə və onun düzgün, təmiz işləyəcəyinə, heç bir mənimsəmə, israf etmə və talama hallarına yol verməyəcəyinə zamin olmaqla yanaşı, eyni zamanda onun işlədiyi müddətdə yaranma mənbəyindən asılı olmayaraq hər hansı bir maddi çatışmamazlığı, borcu olduğu, mənimsəmə, israf etmə, yəni etibar edilmiş özgə əmlakını talama halları oduğu halda çıxışı dayandırıldığı gündən etibarən bir ay ərizində çatışmayan məbləğin ödənilməsini öz üzərinə götürmüşdür. Hazırki iş üzrə zamin statusu olan Cavabdeh2 Cavabdeh1 işə düzələn zaman onun düzgün işləyəcəyinə zamin olmasını təsdiq etsə də, ondan əvvəl işdən çıxdığına görə və onun özünün işlədiyi müddət ərzində zamin olduğundan sonuncunun hərəkətlərinə görə cavabdehlik daşımamasına dair izahatını məhkəmə onun zamin kimi məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir və hesab edir ki, o, qeyd edilən öhdəliyin özünün işlədiyi dövrə münasibətdə yaranmasını düzgün qeyd etmir. Çünki, imza etdiyi öhdəlikdə o, Cavabdeh1 işlədiyi müddətdə yaranma mənbəyindən asılı olmayaraq hər hansı bir maddi çatışmamazlığı, borcu olduğu və s. hallar üçün çatışmayan məbləğin ödənilməsini öz üzərinə götürdüyündən hazırki vəziyyətdə də onunla birlikdə iddiaçı qarşısında (zamin kimi) mülki məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, zaminlik elə bir hüquq münasibətidir ki, buna görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərindən biri odur ki, bu öhdəlik hüquq münasibətidir. Zaminlik üzrə münasibətlərdə üç kateqoriya subyekt (tərəf) - borclu, kreditor və zamin iştirak edir. Beləliklə də məhkəmə hesab edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlərin iddiaçının qarşısında müqavilədən və öhdəlik barədə razılaşmadan irəli gələn birgə borclular kimi çıxış etmələri və müvafiq olaraq da götürdükləri öhdəlikləri birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilənlərlə yanaşı, məhkəmə iddia tələbinin 2000 min manat əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutulması hissəsinin təmin edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası MMnin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2. qaytarmaqdan boyun qaçırma; 3. ödənilməsini digər şəkildə gecikdirmə; 4. başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir... Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” Məhkəmənin qənaətinə görə, iddiaçı əldən çıxan fayda ilə bağlı qanunvericiliyin tələbləri baxımından tələbinin bu hissəsini kifayət qədər əsaslandıra bilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat və 40 qəpik (xidmət haqqı) məbləğində dövlət rüsumunun-məhkəmə xərcinin 20 (iyirmi) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 10.40 (on manat qırx qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 9190.26 (doqquz min yüz doxsan manat iyirmi altı qəpik) manat, gecikdirilmiş vaxta görə 251.46 (iki yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu, cəmi 9441,72 (doqquz min dörd yüz qırx bir manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun-məhkəmə xərcinin 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxxxxx” MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumunun – məhkəmə xərcinin 10,40 (on manat qırx qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 9190.26 (doqquz min yüz doxsan manat iyirmi altı qəpik) manat, gecikdirilmiş vaxta görə 251.46 (iki yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu, cəmi 9441,72 (doqquz min dörd yüz qırx bir manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun-məhkəmə xərcinin 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar