Məhkəmə qərarları › İş №2(009)-26/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-26/2022

17.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-26/2022 17.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçılar İddiaçı1 və X2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X5 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 2760 (iki min yeddi yüz altmış) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat, dövlət rüsumu 30 (otuz) manat olmaqla ümumilikdə dəymiş maddi ziyan kimi 2990 (iki min doqquz yüz doxsan) manat pulun tutalaraq X2 xeyrinə ödənilməsi və 3480 (üç min dörd yüz səksən) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat, dövlət rüsumu 30 (otuz) manat olmaqla ümumilikdə dəymiş maddi ziyan kimi 3710 (üç min yeddi yüz on) manat pulun tutalaraq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 13 dekabr 2014-cü ilə tarixdə Cavabdeh MMC-dən müqavilələr üzrə iki mənzil yəni Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,9 kv.m olan 4 (dörd) otaqlı 62 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112,8 kv.m olan 3 (üç) otaqlı 79 saylı mənzili tərəfimizdən hər kv.m üçün 1200 (bir min iki yüz) manat ümumilikdə 304.440 (üç yüz dörd min dördyüz qırx) manat ödəməklə almışlar. 31 avqust 2020-ci il və 01 sentyabr 2020-ci il tarixlərdə mənzillərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət haqqında **********00-05301-093011 və **********00-05301- 093010 saylı çıxarışlar verilmişdir. Həmin çıxarışlarda mənzillərin ümumi sahələri 138 kv.m və 110.5 kv.m göstərilmişdir. Bu barədə Cavabdeh MMC-yə bildirsələr də heç bir məhəl qoymamışlar. Müqavilələrdə göstərilmiş sahələrin möcud vəziyyətdə 5.2 kv.m sahələrin olmamasına baxmayaraq onları aldadaraq həmin sahənin pulunu almışlar. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi həcminin artırılmasına dair ərizə təqdim edərək, 8208 (səkkiz min iki yüz səkkiz) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat, dövlət rüsumu 30 (otuz) manat ümumilikdə dəymiş maddi ziyan 8438 (səkkiz min dörd yüz otuz səkkiz) manat pulun Cavabdeh MMC-dən tutalaraq İddiaçı1 xeyrinə ödənilməsi və 5112 (beş min yüz on iki) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat, dövlət rüsumu 30 (otuz) manat, ümumilikdə dəymiş maddi ziyan 5612 (beş min altı yüz on iki) manat pulun Cavabdeh MMC-dən tutalaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, X5, onların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC-nin və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların və nümayəndələrinin (vəkilin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 2-000101 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki, ümumi sahəsi 140.9 kvm olan 4 (dörd) otaqlı 62 saylı mənzili «Alıcı»nın mülkiyyətinə verir, «Alıcı» mənzili qəbul edib əvəzində dəyərini Satıcıya ödəyir. - Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli, 2-000101 nömrəli qəbzdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki, ümumi sahəsi 140.9 kvm olan 4 (dörd) otaqlı 62 saylı mənzilin dəyəri olan 169.080 manat məbləğində pul ödənilmişdir. -Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli, 2-000101 nömrəli maliyyə arayışıdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa edilən 2-ci yaşayış binasının, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 140.9 kvm olan 4 (dörd) otaqlı, 62 saylı mənzilinin dəyəri tam ödənilmişdir. Bu mənzilə görə borc yoxdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 1,2,3, ümumi sahəsi 138 kv.m olan mənzil 62 (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 138, M9, m6) xx.xx.2020-ci il tarixdən İddiaçı1 adına qeydiyyata alınmışdır. - Cavabdeh MMC ilə X5 arasında bağlanmış 3-00048 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 3-cü yaşayış binasının 11-ci mərtəbəsindəki, ümumi sahəsi 112.8 kv.m olan 3 (üç) otaqlı 79 saylı mənzili «Alıcı»nın mülkiyyətinə verir, «Alıcı» Mənzili qəbul edib əvəzində dəyərini Satıcıya ödəyir. - Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli, 3-00048-1 nömrəli qəbzdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 3-cü yaşayış binasının 11-ci mərtəbəsindəki, ümumi sahəsi 112.8 kv.m olan 3 (üç) otaqlı 79 saylı mənzilin dəyəri olan 135.360 manat məbləğində pul ödənilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli, 3-00048-1 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 3-cü yaşayış binasının 11-ci mərtəbəsindəki, ümumi sahəsi 112.8 kv.m olan 3 (üç) otaqlı 79 saylı mənzilinin dəyəri tam ödənilmişdir. Bu mənzilə görə borc yoxdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 1,2,3, ümumi sahəsi 110,50 olan mənzil 79 (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 140, M11, m7) xx.xx.2020-ci il tarixdən X2 adına qeydiyyata alınmışdır. - Cavabdehin vəkili tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddia tələbi bağlanmış müqavilələr üzrə daşınmaz əşyanın (mənzillərin) təhvil verilməsi, qüsurların aradan qaldırılması və sair, yəni, bilavasitə daşınmaz əşyanın (mənzillərin) özləri ilə bağlı deyildir. İddia tələbi bağlanmış müqavilələr üzrə ödənilmiş pul vəsaiti ilə bağlıdır. Bu halda hesab edirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375-ci maddələrinə əsasən həmin tələblərə 6 illik deyil, 3 illik iddia müddəti tətbiq edilərək iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və X5 Cavabdeh MMC ilə 13 dekabr 2014-cü ilə tarixdə 2-000101 və 3-00048 nömrəli mənzilin alqı-satqı müqavilələri bağlayaraq müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki, ümumi sahəsi 140.9 kvm olan 4 (dörd) otaqlı 62 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa etdiyi 3-cü yaşayış binasının 11-ci mərtəbəsindəki, ümumi sahəsi 112.8 kv.m olan 3 (üç) otaqlı 79 saylı mənzilləri əldə etmişlər. 31 avqust 2020-ci il və 01 sentyabr 2020-ci il tarixlərdə mənzillərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət haqqında **********00- 05301-093011 və **********00-05301-093010 saylı çıxarışlar veriləndən sonra iddiaçılar çıxarışlarda mənzillərin ümumi sahələri 138 kv.m və 110.5 kv.m göstərilməsi ilə iddiaçılar göstərilmiş sahələrin müqavilədə göstərilən sahələrə uyğun olmamasına əsaslanaraq cavabdeh tərəfindən onların aldadılmasını və həmin sahələrin pulunu onlardan almalarını iddia edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçılar mülkiyyət haqqında **********00-05301- 093011 və **********00-05301-093010 saylı çıxarışlarda göstərilən sahələrlə 13 dekabr 2014-cü ilə tarixdə 2-000101 və 3-00048 nömrəli mənzilin alqı-satqı müqavilələrində göstərilən sahələrin fərqli olmasına görə müqavilələr üzrə ödənilmiş pul vəsaitindəki qiymət fərqini, yəni İddiaçı1 3480 (üç min dörd yüz səksən) manat, X5 isə 2990 (iki min doqquz yüz doxsan) manat məbləğlərinin cavabdehdən onların xeyrinə tutulmasını tələb edərək tələblərinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.1 və 152.1-ci maddələrinə istinad etmişlər. Daha sonra isə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 8208 (səkkiz min iki yüz səkkiz) manat İddiaçı1 xeyrinə, 5112 (beş min yüz on iki) manat isə pulun Cavabdeh MMC-dən tutalaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf iddianın əsaslı olub-olmaması ilə bağlı deyil, vəkilləri vasitəsilə iddianın bağlanmış müqavilələr üzrə ödənilmiş pul vəsaiti ilə bağlı olduğundan hazırki iddialara iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar mövqe bildirmiş və Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166 məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış kompleksinin bina-2 və bina 3-ə aid memarlıq hissələrinin işçi layihələrinin təsdiq edilmiş surətlərini təqdim etməklə kifayətlənmişlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İddiaçılar əvvəl iddialarını mənzillərə dair onlara verilmiş mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışlarla əsaslandırsalar da, sonradan məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə uyğun olaraq iddianın həcmini artırmışlar. Məhkəmə iddiaçılara verilmiş çıxarışlarla bağlı dəlillərə münasibət bildirərək qeyd edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, başqa sözlə iddiaçılarla cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə şamil edildiyi iddiaçılar tərəfindən əsaslandırılmamışdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrinin adlarının alqı-satqı müqaviləsi göstərilməsinə baxmayaraq, müqavilələrin məzmunundan aydın görünür ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə podrat müqaviləsi kontekstində baxılıb, hüquqi qiymət verilməlidir. Belə ki, müqavilələrdən görünür ki, Cavabdeh MMC müqavilədə özünü satıcı kimi qeyd edərək mənzillərin iddiaçılara, yəni alıcılara satılması barədə razılığa gəldiklərini göstərsələr də, satılan mənzillərin binanın tikintisindən sonra alıcılara təhvil verilməsi şərtləndirilmişdir. (müqavilələrin 3.2.1, 3.2.2, 3.3.1-ci bəndləri) Göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri faktiki olaraq bir növ podrat müqaviləsi üzrə qurulmuş münasibətləri tənzimləyir. İşin faktiki araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən müqavilə münasibətlərinə, onun şərtlərinə uyğun olan podrat müqaviləsinin tələblərinə (mənzilin sahələrinin düzgün göstərilməməsi) tam riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. - 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. - 578.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 59.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. - 59.3-cü bəndinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhərrəclərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın(buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8 bəndinə görə mənzilin ümumi sahəsi hesablanarkən balkon və terasların sahələri 0,3 şüşəbənd və lociyalar-0,5, eyvanlar (verandalar)-1,0 azalma əmsalına vurulmaqla hesablanır. Məhkəmə yaranmış mübahisənin həlli baxımından iş üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək 6 sual qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/4214 nömrəli rəyindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin faktiki ümumi sahəsi 134,06 kv.m olmaqla, 62 saylı mənzil ilə hazırda həmin ünvanda və sahədə yerləşən mənzilin faktiki sahəsi və ölçüləri ilə üst-üstə düşmür. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,9 kv.m təşkil edən 62 saylı mənzili ilə Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsində göstərilən mənzilin faktiki sahəsinin ölçüləri və hüdudları arasında uyğunsuzluqlar və fərq 6,84 kv.m. (140.9-134,06 kv.m) təşkil edir. Cavabdeh MMC ilə X5 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin faktiki ümumi sahəsi 108,54 kv.m olmaqla, 79 saylı mənzil ilə hazırda həmin ünvanda və sahədə yerləşən mənzilin faktiki sahəsi və ölçüləri ilə üst-üstə düşmür. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112,8 kv.m təşkil edən 79 saylı mənzili ilə Cavabdeh MMC ilə İddiaçı2 Nürəddin qızı arasında bağlanmış 13 dekabr 2014cü il tarixli alqı-satqı müqaviləsində göstərilən mənzilin faktiki sahəsinin ölçüləri və hüdudları arasında uyğunsuzluqlar və fərq 4,26 kv.m. (140.9-134,06 kv.m) təşkil edir. Bundan sonra məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti texniki ekspertizası (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə) təyin edilərək yenidən 6 sual qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli 10/3427 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin faktiki sahəsinin 132,6 kv.metr təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üst-üstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-132,6) 8,3 kv.metr az təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin faktiki sahəsinin 110,4 kv.metr təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11 -ci mərtəbəsində yerləşən 79 saylı mənzilin ümumi sahəsinin 112,8 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üstüstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (112,8-110,4) 2,4 kv.metr az təşkil etdiyi müəyyən olunur. Həmin rəylərin əsaslandırıcı hissəsindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8 bəndinə istinad edilərək qeyd olunan rəy verilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/4214 və 28 sentyabr 2021-ci il tarixli 10/3427 nömrəli rəyləri kifayət qədər aydın və ya tam olmadığından iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və məhkəmə tikinti texniki ekspertizası təyin edilərək 6 sual qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 13 iyun 2022-ci il tarixli 10/6823 nömrəli rəyindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan divarlar arası içdən-içə faktiki sahə hesablanmaqla) faktiki sahəsi 135,2 kv.metr (azalma əmsalı tətbiq edilmədən) təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə 62 saylı mənzilin faktiki sahəsinin üst-üstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-135,2) 5,7 kv.metr az təşkil etdiyi müəyyən olunur. Qeyd olunur ki, müqavilədə göstərilən sahə ilə mənzilin faktiki sahəsi arasında yaranan fərq, həmin mənzilin ayrı-ayrı tikililərinin faktiki ölçülərinin layihədə göstərilən ölçülərdən fərqli olması səbəbindən əmələ gəlmişdir. Rəyə əsasən həmçinin, Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan divarlar arası içdən içə faktiki sahə hesablanmaqla) faktiki sahəsi 112,7 kv.metr (azalma əmsalı tətbiq edilmədən) təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin 112.8 kv.m göstərildiyini, faktiki sahə 112.7 kv.m təşkil etdiyini ( fərq 0,1kv.m) nəzərə alınaraq müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üçt-üçtə düşdüyü müəyyən olunur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün o vaxt əsas ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Məhkəmə nəticəyə gələrkən sonuncu, yəni əlavə təyin edilmiş məhkəmə ekspertizası rəyini mötəbər sübut kimi qiymətləndirir və rəydə göstərilənləri nəzərə alır. Belə ki, əvvəlki ekspertiza rəyləri ilə qoyulan suallara tam və düzgün olmayan cavablar verilmiş və yalnız əlavə ekspertiza təyin etmək yolu ilə natamamlıq aradan qaldırılmışdır. Məhkəmə İddiaçı1 iddia tələbi üzrə qeyd edir ki, onunla bağlanmış 2-000101 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsində aldığı 4 (dörd) otaqlı 62 saylı mənzilin sahəsinin 140.9 kv.m olması qeyd edilmişdir. Sonuncu məhkəmə ekspertizasının rəyi ilə, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə 62 saylı mənzilin faktiki sahəsinin üst-üstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-135,2) 5,7 kv.metr az təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəf İddiaçı1 ilə 2-000101 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsini bağlayarkən satılan mənzilin sahəsi 140.9 kv.m olmadığı halda onunla qeyd edilən sahənin satılması ilə bağlı müqavilə bağlayaraq ondan həmin sahənin dəyəri olan 169.080 (140,9kv.m x1200 manat) manat məbləğində pul vəsaiti alınmışdır. Bu isə 140,9 kv.m sahə üçün ödənilmiş 169.080 manat vəsaitin (5,7kv.m x 1200 manat) 6840 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıdan artıq alınmasını təsdiq edən haldır. Məhkəmə İddiaçı2 iddia tələbi üzrə qeyd edir ki, onunla bağlanmış 3-00048-1 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsində aldığı 3 (üç) otaqlı 79 saylı mənzilin sahəsinin 112.8 kv.m olması qeyd edilmişdir. Sonuncu ekspert rəyinə əsasən həmçinin, Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan divarlar arası içdən içə faktiki sahə hesablanmaqla) faktiki sahənin 112,7 kv.metr (azalma əmsalı tətbiq edilmədən) təşkil etdiyi müəyyən olunur. Ekspert tərəfindən, Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin 112.8 kv.m göstərildiyi, faktiki sahənin 112.7 kv.m təşkil etdiyi, yəni fərqin 0,1 kv.m təşkil etdiyi nəzərə alınaraq müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsinin üst-üstə düşdüyü müəyyən olunsa da, məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 13 dekabr 2014cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166 saylı məhəllədə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin 112.8 kv.m göstərildiyi halda, 112.7 kv.m təşkil edən faktiki sahə arasında 0,1 kv.m fərq nəzərə alınmaqla tələbə qiymət verilməlidir. Cavabdeh tərəfin onunla 3-00048-1 nömrəli, 13 dekabr 2014-cü il tarixli mənzilin alqısatqı müqaviləsini bağlayarkən satılan mənzilin sahəsi 112.8 kv.m olmadığı halda onunla qeyd edilən sahənin satılması ilə bağlı müqavilə bağlayaraq ondan 135.360 (112,8 kv.m x 1200 manat) manat məbləğində pul vəsaiti alması, həmin vəsaitin (0,1 kv.m x 1200 manat) 120 manat hissəsinin cavabdeh tərəfindən İddiaçı2 artıq alınması halını təsdiq edir. Məhkəmə hesab edir ki, müqavilələrin mənzillərin sahəsi ilə bağlı şərtləri onların bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadələrinə tam uyğun olmamış, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması zamanı cavabdeh qismən səhvə yol verərək mahiyyəti üzrə podrat olan, lakin alqı-satqı adlandırılan müqavilələrdə təhvil veriləcək mənzillərin sahələrini 62 saylı mənzil üzrə 5,7 kv.metr, 79 saylı mənzil üzrə isə 0,1 kv.m çox göstərmələri nəticəsində iddiaçılar həmin sahələr üzrə artıq vəsait ödəmişlər ki, sonuncular da cavabdehin müqavilə öhdəliklərinin düzgün yerinə yetirilməməsi səbəbindən hazırki iddianı qaldırmaqda haqlı olmuş və onların iddialarının yuxarıda göstərilən qaydada qismən əsaslı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək ilk öncə onu qeyd edir ki, cavabdehin iddianın əsaslı olub - olmamasına dair mövqe bildirmədən hazırki ərizə ilə müraciət etməsi bir növ onların iddianı etiraf etməsinə dəlalət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. (MM 377.1) Həmin Məcəllənin Mülki Məcəllənin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçıların aldıqları mənzil sahələrinin cavabdehlə bağladıqları müqavilə şərtlərindən fərqlənməsi halı onlara 2020-ci ilin müvafiq olaraq avqust və sentyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışları aldıqları vaxt onlara məlum olmuş və onlar 2020-ci ilin oktyabr ayında məhkəməyə hazırki iddia tələbləri ilə müraciət etmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə iddiaçılar tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gələrək cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsassız hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh MMC-dən 6840 (altı min səkkiz yüz qırx) manat İddiaçı1 xeyrinə ödənilməli, 120 (bir yüz) manat tutularaq X2 xeyrinə ödənilməlidir. Məhkəmə, iddia tələbinin iddiaçılar İddiaçı1 və X2 hər birinin ödədiyi 200 (iki yüz) manat məbləğində hüquqi xidmət xərclərinin tutulmasına dair hissə üzrə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Express pay” ödəniş sistemindən görünür ki, X5 tərəfindən “Pro Bono” Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul ödənilmişdir. “Express pay” ödəniş sistemindən görünür ki, İddiaçı1 tərəfindən “Pro Bono” Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi xidmət xərclərinin İddiaçı1 xeyrinə 150 (bir yüz əlli) manat və X2 xeyrinə 50 (əlli) manat məbləğində Cavabdeh MMC-dən tutularaq iddiaçılar İddiaçı1 və X3 verilməli olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri ümumilikdə 300 (üç yüz) manatdır. İş materiallarına əlavə edilmiş “Asan ödəniş” sistemindən görünür ki, X5 tərəfindən 30 manat və İddiaçı1 tərəfindən 30 manat məbləğlərində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi və iddiaçı X5 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi cavabdehdən tutularaq müvafiq olaraq iddiaçıların xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissələrdə iddiaçılara aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 100 (bir yüz) manat hissəsi İddiaçı1, 100 (bir yüz) manat hissəsi iddiaçı X1 və 100 (bir yüz) manat hissəsi Cavabdeh MMC-dən tutulmaqla Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6840 (altı min səkkiz yüz qırx) manat pul, hüquqi xidmətin əvəzi olaraq 150 (bir yüz əlli) manat, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi ümumilikdə 7010 (yeddi min on) manat pul tutalaraq İddiaçı1 xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 120 (bir yüz) manat pul, hüquqi xidmətin əvəzi olaraq 50 (əlli) manat, dövlət rüsumunun 5 (beş) manat hissəsi olmaqla, ümumilikdə 275 (iki yüz yetmiş beş) manat pul tutalaraq X2 xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 100 (bir yüz) manat hissəsi İddiaçı1, 100 (bir yüz) manat hissəsi iddiaçı X1 və 100 (bir yüz) manat hissəsi Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar