Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2623/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 665,89 manat əsas borcu, 547.77 manat faiz borcu, 1160.02 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 203.85 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC «Qara Qarayev» filialı ilə borclu Cavabdeh oğlu arasında 04 fevral 2013-cü il tarixli № 17-831 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə, 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəmək bərədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.05.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2577.53 manat təşkil edir. Bundan 665.89 manat əsas, 547.77 manat faiz, 1160.02 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 203.85 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********694 saylı 24.05.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetrrsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC-nin «Qara Qarayev» filialı ilə borclu Cavabdeh arasında 04 fevral 2013-cü il tarixli № 17-831 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə, 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan 31.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.05.2021-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 665.89 manat, faiz borc 547.77manat, cərimə borcu 1160.02 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 203.85 manat faiz borcu təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin 04.03.2013-cü il tarixdən başlayıb, hər ay 111.83 manat ödəməklə 04.02.2015-ci il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh oğluna kredit verilmiş, Cavabdeh kredit və kreditə hesablanmış faiz borclarını vaxtı-vaxtında qaytarmamış və tərəflər arasında mübahisə də məhz borc məbləginin vaxtında qaytarılmaması nəticəsində yaranmışdır. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıda sadalanan qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı “AmrahBank» ASC arasında 04.02.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% dərəcəsi olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə qeyd edilən məbləğdə kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə ödəniş etsə də, müqavilə öhdəliyini pozaraq tam borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin 665,89 manat əsas və 547.77 manat faiz borcu yaranmışdır ki, məhkəmə hesab edir ki, həmin borcun tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). İş materiallarında olan maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh müqavilənin bitdiyi 04.02.2015-ci il tarixdən 5 % dərəcəsi ilə 203.85 manat faiz borcu yaranmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, kredit müəyyən müddətə borc verilən pul vəsaitidir. Yəni kredit müqaviləsi müddətlidir və müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozulması hesab olunmalıdır. Çunki hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən, bu hərəkətin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. Müqavilədə müddət öz əksini Azərbaycan Respublikası MM-nin müddətlər haqqında müddəalarına (AR Mülki Məcəlləsinin 367.2, 367.3-cü mad.) uyğun olaraq tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X1 iddiaçının xeyrinə kredit müqaviləsinin bitdiyi tarixdən 203.85 manat faiz borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh X2 tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə 665,89 manat, 547,77 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra 5%-lə 203,85 manat faiz borcunun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Lakin cavabdeh X1 1160,02 manat məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu hissədə iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 66 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 665,89 (altı yüz altmış beş manat səksən doqquz qəpik) manat əsas borc, 547,77 (beş yüz qırx yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 66 (altmış altı) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5% hesablanmış 203,85 (iki yüz üç manat səksən beş qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan huissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2623/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2623/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver