Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2666/2021 07.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 2564,30 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2894,30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 16.03.2020-ci il tarixində 06/80 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X1”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında” Qanununun 8.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 464,40 manat, 30.11.2019-cu il tarixli ******* saylı akt əsasında 195,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 244,80 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 244,80 manat 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 244,80 manat, 16.03.2020-ci il tarixli ******* saylı akt əsasında 192 manat məbləğlərində aktlar tərtib olunmuşdur. Cavabdehin AGİS üzrə saldosundan göründüyü kimi, aktlar üzrə hesablanmış borcların ümumi cəmi 1586,40 manat təşkil etməkdədir. Cavabdehin eyni zamanda GASREPORT üzrə saldodan göründüyü kimi, 06/2014-07/2019-cu il tarixlər arasında sərfiyyata uyğun olaraq ödənişlər və borca görə tutulmalarla birlikdə 897,40 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 2564,30 manat təşkil etməkdədir (1586,40 manat + 897,40 manat + 2020-ci il üzrə sərfin məbləğinin cəmi) = 2564,30 manat). Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 1-ci Məktəb döngəsi, ev 4 ünvanında yaşayır. Onlar qazdan istifadəyə görə “Azəriqaz” İB-yə hər ay mütəmadi olaraq ödənişlər edirlər. Belə ki, onların yaşadığı ünvana heç vaxt əlavə qaz xətti quraşdırılmamışdır. Həmin ünvanda bir kombi, dörd gözlü qaz və üç batareya vardır, samovar yoxdur. Sayğac evin içərisindədir, əvvəllər sayğac həyətdə olmuş, sonra evdə quraşdırılmışdır. Sayğac həmişə olmuş, əvvəl kartla ödəniş olmuş, kombi işlətməmişlər, tək dörd gözlü qaz işlətmişlər. Təxminən 2020-ci ildə onların yaşadıqları məhəlləni təmir edəndə qaz sayğaclarını yenisi ilə əvəz etmişlər, bu zaman onlara qaz sayğacının işləmədiyini və bu səbəbdən cərimələr hesablandığını bildirmişlər. Sonra isə mexaniki sayğac quraşdırılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16.03.2020-ci il tarixli, 06/80 nömrəli müqavilədən görünür ki, “Azəriqaz” İB ilə Cavabdeh arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə”si bağlanmış və Bakı şəhəri, Səbail rayonu, 1-ci Məktəb döngəsi, ev 4 ünvanına qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş “Azəriqaz” İB tərəfindən tərtib olunmuş 30.09.2019cu il tarixli, ******* saylı akt əsasında 464,40 manat, 30.11.2019-cu il tarixli ******* saylı akt əsasında 195,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 244,80 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 244,80 manat 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 244,80 manat, 16.03.2020-ci il tarixli ******* saylı akt əsasında 192 manat olmaqla, cəmi 1586,40 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəydiyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “Azəriqaz” İB tərəfindən verilmiş 16.03.2020-ci il tarixli abonentin AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolarının surətindən aydın olur ki, **********00040 nömrəli abonent Cavabdeh 2019-2020-ci illərdə qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 1586,40 manat + 897,40 manat + 2020-ci il üzrə sərfin məbləğinin cəmi 2564,30 (iki min beş yüz altmış dörd manat otuz qəpik) manat borc hesablanmışdır. Belə ki, işin faktiki halları və rəsmi sənədlərlə təsdiq edilir ki, cavabdeh ünvan 2 ünvana dair 16.03.2020-ci il tarixdə “Azəriqaz” İB ilə Cavabdeh arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. Lakin “Azəriqaz” İB tərəfindən Cavabdeh yaşadığı ünvana dair təbii qazdan qanunsuz olaraq istifadə edilməsi əsası ilə 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 464,40 manat, 30.11.2019-cu il tarixli ******* saylı akt əsasında 195,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 244,80 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 244,80 manat 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 244,80 manat, 16.03.2020-ci il tarixli ******* saylı akt əsasında 192 manat olmaqla, cəmi 1586,40 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərər hesablanmış, abonentin AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolarına əsasən **********00040 nömrəli abonent olan Cavabdeh 2019-2020-ci illərdə qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 1586,40 manat + 897,40 manat + 2020-ci il üzrə sərfin məbləğinin cəmi 2564,30 (iki min beş yüz altmış dörd manat otuz qəpik) manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2 və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəf sayğacdan kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktlardır ki, həmin Aktlar (“Azəriqaz” İB ilə Cavabdeh arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair 16.03.2018-ci il tarixli, 06/80 nömrəli müqavilə bağlandıqdan və sayğac quraşdırıldıqdan sonra) iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa təqdim edilən fotoşəkil də sayğacdan kənar xətdən istifadə edilməsi halının təsdiq edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilmir. Cavabdeh özü də məhkəmə iclasında bu halı təsdiq etməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının özü tərəfindən tərtib edilən yuxarıda qeyd edilən aktlara əsaslanmaqla cavabdehdən istifadə etmədiyi təbii qaza görə ödəniş tələb etməsi qanunsuz və əsassızdır. Cavabdeh sayğac göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə borcunu ödəmiş, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsi və iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin istifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərilən borc məbləği, istehlakçı kimi cavabdehdən tələb edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə onu da qeyd edir ki, Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2666/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2666/2021
07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver