Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2680/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 (otuz min) ABŞ dolları əsas borc, 18.000 (on səkkiz min) ABŞ dolları borc məbləğindən istifadə haqqı olmaqla, cəmi 48.000 (qırx səkkiz min) ABŞ dollarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Səlimova X18 ödənilməsi barədə qətnamə çıxarılmasını və Cavabdeh1 Salyan rayonu Arbatan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə olan payının və Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 93, ünvan 1 ünvanlarında yerləşən daşınmaz əmlaklarının ötürülməsinin (özgələşdirilməsinin) qadağan edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən Cavabdeh1 (prosessual hüquqi varisi Cavabdeh3) ödənilməli olan pul vəsaitinin üzərinə iddia tələbi həcmində həbs qoyulması haqqında iddianı təmin etmə tədbirinin tətbiqi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağladığı borc müqaviləsi əsasında 30 dekabr 2020-ci ilədək Cavabdeh1 tərəfindən qaytarılması şərtilə 30.000 (otuz min) ABŞ dollarını borc vermişdir. Müqavilədə bu öhdəliyin hər hansı halla əlaqədar dəyişdirilə və ya azaldıla və ya aradan qalxa bilməyəcəyi razılaşdırılmış və borc alan təsdiq və bəyan etmişdir ki, bu müqavilə üzrə öhdəliklərinin təminatı kimi onun və ailə üzvlərinin Azərbaycan Respublikasında evləri (mənzilləri), torpaq sahələri, avadanlıqları, avtomaşınları və s. əmlakı vardır və borcun qaytarılmasında hər hansı çətinlik yarandığı halda, əmlakları dərhal realizəyə başlayıb borc məbləğini vaxtında qaytaracaqdır (Müqavilənin 1.8-ci və 1.12-ci bəndləri). X11 üzrə öhdəliklərini icra etməmiş, borc məbləğini qaytarmamış və istifadə haqqını ödəməmişdir. İddiaçı öhdəliyin icra edilməsi və mübahisənin məhkəmədən kənar həlli üçün Cavabdeh1 və onun övladlarına dəfələrlə müraciət etmiş, lakin onlar öz öhdəliklərini yerinə yetirməmişdirlər. Məlum olmuşdur ki, borc alan Cavabdeh1 işini itirdikdən sonra bır müddət işsiz qalmış, fərdi hüquqi xidmətlər göstərmiş, qəflətən xəstələnərək 2020-ci ilin avqust ayında vəfat etmişdir. İddiaçı onun ölümü barədə məlumat aldıqdan sonra nəzakət əlaməti olaraq 40 mərasiminin çıxmasını gözləmişdir. Sonra onun ailə üzvlərinə müraciət etdikdə, onlar onun alacaqlarını əldə etməyə çalışdıqlarını bildirmişlər. Lakin borc öhdəliyi borc alanın vərəsələri Cavabdeh3 və Cavabdeh2 tərəfindən də icra olunmadığından, onlara bir neçə dəfə şifahi və 23 fevral 2021-ci il və 17 sentyabr 2021-ci il tarixli yazılı bildirişlərlə müraciət edilmişdir. Müraciətlərə cavab verilməmiş, borc öhdəliyinin icrası təmin olunmamışdır. Borc müqaviləsi üzrə ödənilməli məbləğ əsas borcdan başqa, həm də, Müqavilənin 1,4-cü bəndinə əsasən, borc məbləğindən istifadəyə görə hər ay üçün borc alanın borc verənə ödəməli olduğu 600 (altı yüz) ABŞ dolları, 05 mart 2019-cu ildən 24 sentyabr 2021-ci ilədək olan dövr üzrə (30 ay) 18.000 (on səkkiz min) ABŞ dolları, cəmi 48.000 (qırx səkkiz min) ABŞ dolları təşkil edir. Borc Müqaviləsinin 1.14-cü bəndinə görə, borc müqaviləsi ilə bağlı əmələ gələn mübahisəli məsələlər razılaşma yolu ilə həll edilməzsə, onda mübahisə müvafiq qaydada Azərbaycan Respublikası qanunvericiliyi əsasında və iddiaçının seçməsi üzrə Bakı şəhərinin rayon və ya inzibati-iqtisadi məhkəməsində həll edilir. Mərhum borclu Cavabdeh1 borc pul vəsaitini ipoteka ilə mənzil almaq məqsədilə aldığını bildirmişdi, əmək haqqı hesabına və hərbi prokurorluqda xidmətə görə alacağı haqqlar və sosial ödəmələr hesabına ödəyəcəyini vəd vermişdi. Onun verdiyi məlumatlara görə, onunla respublika hərbi prokurorluğu arasında məhkəmə mübahisəsi gedirdi. Araşdırmalarla da aydın oldu ki, həqiqətən uzun müddət ərzində Cavabdeh1 cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası üzrə mübahisə gedir. Mübahisə üzrə Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2-1(120)-114/2020 saylı qərarı ilə iddia təmin olunmuşdur. Həmin mübahisə üzrə icraatda (apelyasiya baxışında) Cavabdeh3 iddiaçı Cavabdeh1 prosessual hüquqi varisi qismində tanınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(106)-310/2021 saylı qərarı ilə Şirvan İnzibatı Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2-1(120)-114/2020 saylı qərarı qüvvəsində saxlanılmışdır. Habelə, məlum olmuşdur ki, Cavabdeh1 Salyan rayonu Arbatan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə dair JN: 344A olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçisidir. Bundan əlavə, onun mülkiyyətində ünvan 2 ünvanlarında yerləşən daşınmaz əmlaklar vardır. İddia tələbinin təmin olunması haqqında qətnamə çıxarıldığı təqdirdə, onun icrasını təmin etmək və cavabdehin icradan yayınmasının qarşısını almaq məqsədilə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi və Cavabdeh1 Salyan rayonu Arbatan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə olan payının və Salyan şəhəri, Ə Qasımzadə küçəsi, ev 93, ünvan 3 ünvanlarında yerləşən daşınmaz əmlaklarının ötürülməsinin (özgələşdirilməsinın) qadağan edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən Cavabdeh1 (prosessual hüquqi varisi Cavabdeh3) ödənilməli olan pul vəsaitinin üzərinə iddia tələbi həcmində həbs qoyulması haqqında iddianı təmin etmə tədbirinin tətbiqi barədə qərardad çıxarılması zəruridir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 22.11.2021-ci il tarixdə iddia ərizəsinə etiraz ərizəsi ilə müaciət edərək bildirmişlərdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və 48 000 ABŞ dolları məbləğində borcun tələb edilməsinin əsası kimi çıxış edən borc müqaviləsi etibarsızdır. Belə ki, 05.03.2019-cu ildə bağlandığı iddia edilən və 2 (iki) səhifədən ibarət müqavilənin ikinci səhifəsinin sonunda Səlimova X19 və Cavabdeh1 imzası mövcud olsa da, həmin müqavilənin ilk səhifəsinin sonunda tərəflərin iradə ifadəsini təsdiq edən imza mövcud deyil. Müqavilənin ikinci səhifəsində - 1.13-cü bənddə tərəflərin müqaviləni imzalamasının müqavilənin əvvəlində göstərilən tarixdə 30 000 (otuz min) ABŞ dolları miqdarında borc məbləğinin Borc verənin borc alana verməsini, Borc alanın borc verəndən həmin məbləği almasını təsdiq etdiyi, 1.15-ci bənddə isə Müqavilənin imzalandığı gündən qüvvəyə mindiyi göstərilmişdir. Lakin müqavilənin mühüm şərti hesab edilən predmetinə dair şərtlər, müqavilənin imzalandığı tarix, borcun alındığı tarix, borc məbləğindən istifadəyə görə ödəniləcək haqq və s. şərtlər ilə bağlı borc alanın iradəsi bəyan edilməmiş, müqavilənin bağlanması üçün zəruri olan forma tələbinə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1,-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Yuxarıda göstərildiyi kimi dəyəri 3000 (üç min) manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanılmalı olması, sadə yazılı müqavilənin yalnız müvafiq qaydada imzalandığı andan bağlanmış sayılması, yazılı əqdin onun məzmununu ifadə edən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalı oduğu, müqavilənin bütün mühüm şərtləri, o cümlədən predmetinə dair şərtlər barəsində yalnız tələb olunan formada razılığa gəldikdə müqavilənin bağlanmış sayıldığı barədə qanunvericiliyin imperativ tələblərini əsas götürdükdə sözügedən borc müqaviləsində bu şərtlərin heç birinə əməl olunmadığı, tərəflərin iradə ifadəsinin qanunvericiliyin tələblərinə uyğun bəyan edilmədiyi aydın olur. Bu isə müqavilənin bağlanmamış sayılmaqla etibarsız olması barədə qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarına əsasən yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Ə. İbrahimovun şikayəti üzrə 2004-cii il 12 aprel tarixli Qərarına əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun T. Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci və 337.3-cü maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Həmin Qərara əsasən qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Həmin Qərarda qeyd olunur ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İlk növbədə borc müqaviləsinin etibarlılığı məsələsinə baxılmalı və yuxarıda qeyd olunanlara əsasən borc müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hətta borc müqaviləsi etibarlı olmuş olsaydı belə, iddia ərizəsində qeyd olunmuş Cavabdeh1 məxsus əmlaklar faktiki olaraq cavabdehlər tərəfindən miras əmlak kimi qəbul edilməmişdir. Bu səbəbdən cavabdehlər iddiaçıya münasibətdə birgə borclu kimi çıxış edə bilməzlər. Əmlaka həbs qoyulması haqqında müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı isə iddiaçı Cavabdeh1 Salyan rayonu Arbatan kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsinə olan payının və Salyan şəhəri, Ə.Qasımzadə küçəsi ev 93, ünvan 4 ünvanlarında yerləşən daşınmaz əmlaklarının özgəninkiləşdirilməsinin qadağan edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən Cavabdeh1 ödənilməli olan pul vəsaitinin üzərinə iddia tələbi həcmində həbs qoyulması haqqında tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki -Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı Salyan şəhəri, Ə.Qasımzadə küçəsi ev 93, ünvan 4 ünvanlarında yerləşən daşınmaz əmlaklarının Cavabdeh1 məxsus olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir və qeyd olunan əmlaklar Cavabdeh1 mülkiyyətində olmamışdır. Azərbaycan Respublikası Mülki -Prosessual Məcəlləsinin 157.5.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Lakin tələbin əsası kimi çıxış edən və sübut kimi təqdim edilən borc müqaviləsi əhəmiyyətsiz əqd olduğundan ümumiyyətlə iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddiaçının əmlak üzərində həbs qoyulması haqqında tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Mübariz müəllimlə aralarında borc müqaviləsi bağlanmışdır. Sadəcə tanışı olmuşdur, onun hakim işlədiyini bilirdi. Özü hüquqşünas olduğundan proseslərdə iştirak etmişdir. Onunla borc müqaviləsi bağlamaları birinci dəfə deyildi, ondan öncə də olmuşdu. Hətta birinci müqavilə ilə bağlı borcu özü gətirib verə bilməyəndə bir neçə dəfə olub ki, oğlu vasitəsi ilə göndərmişdir. Birinci dəfə ondan pul alanda demişdi ki, qızı Bakıda universitetə qəbul olub, ona mənzil alacaq, bununla bağlı götürür borcu. Amma o pulu qaytardı. Daha sonra yenə müraciət etdi, dedi ki, başqa işləri var, onları qaydasına qoymalıdır. Danışıb şərtləri, borcu hansı qaydada qaytaracağını razılaşmışlar. Sonra özü ilə əlaqə saxlayanda işlərinin qaydasında getmədiyini, işdən azad olunduğunu, ona bir az möhlət verilməsini istədiyini bildirmişdir. Sonuncu dəfə onunla danışanda isə xəstəxanada olduğunu, koronaya yoluxduğunu demişdir. Əlavə olaraq demişdir ki, əlində iddia ərizəsi var, məhkəməyə müraciət edəcək, 200000-ə yaxın alacağı vardır. Alıb gəlib tam borcunu bağlayacaq. 1 həftə, 10 gün keçdikdən sonra Mübariz müəllimin dünyasını dəyişdiyi xəbərini almışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlandıqdan qısa müddət sonra Cavabdeh1 işi ilə bağlı problemlər yaranıb və heç bir ödəniş edə bilməyib. Hakim vəzifəsindən geri çağırılıb, Məhkəmə hüquq şurası qərar qəbul edib. Sonra o hansısa bir işlə məşğul olmağa başladığını bildirmişdir. Onlar araşdırıb öyrənmişlər ki, həqiqətən də hüquqi şəxs yaradıb, hüquqi xidmətlər göstərir. Bunu özü də etiraf edib demişdi ki, işlərini səhmana salıb ödənişləri edəcəkdir. Prinsip etibarı ilə onun düşdüyü vəziyyət nəzərə alınıb. Daima istinad edirdi ki, prokurorluqla onun arasında mübahisə var və o həqiqətən də pul almalıdır. Bir tərəfdən hərbi xidmətlə bağlı, digər bir tərəfdən isə onun təqaüd hüququ yaranır. Bütün bunlar və s. nəzərə alınaraq ona güzəştli yanaşılıb. Bir dəfə Apellyasiya Məhkəməsi onun zərərinə qərar qəbul etmişdi, sonra Ali Məhkəmə həmin qərarı ləğv edib təkrar baxışa işi qaytarmışdı və təkrar baxışın gedişində də Cavabdeh1 rəhmətə getdi. Onlarla bir dəfə danışıb, onlara deyilənə görə guya bu şəxsi hüquqdur və onun vərəsəliyi ola bilməz. O izah edib ki, bu yanlış məlumatdır, siz gedib işə daxil olmalısınız və tələb hüququnuz var. Sonra onlar gedib işə qoşuldular və Apellyasiya Məhkəməsi onların iddiasının təmin edilməsi barədə qərar qəbul etdi. Bunun nəticəsində onlar həm birdəfəlik haqq almalıdırlar, həm də Cavabdeh1 dünyasını dəyişdiyinə görə ona hesablanmış olan təqaüdü də məhz onlar, yəni ailə üzvləri almalıdırlar. Cavabdehləri pis vəziyyətə salmaq kimi bir fikirləri yoxdur. Hətta onlara təklif olunmuşdur ki, onlar əsas borcu ödəyəcəkləri təqdirdə həmin borca hesablanan əlavə məbləğlərdən imtina edirlər. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, atası vaxtilə birinci dəfə götürdüyü borcla bağlı məlumat vermişdir. Amma xanımdan deyil, Abbas bəydən götürdüyünü, Abbas bəyin onun tələbə yoldaşı olduğunu demişdir. Həmin pulu da ödəyirdi. Hətta dolların dəyərinin aşağı olduğu dövrdə borcu götürmüşdü deyə, dolların dəyəri artdıqdan sonra demək olar ki, iki qat şəkildə ödəmişdir borcunu. İkinci borc haqqında isə heç bir məlumatı yoxdur. Xanımla atası tərəfindən bağlanan müqavilədən atası rəhmətə gedəndən sonra məlumatı olub, xanım tərəfindən həmin müqavilə ona göndərilib. Halhazırda Salyan rayonu Arbatan kəndində yaşayırlar. İddia ərizəsində atasının adına olan əmlakların siyahısı qeyd olunub, o məlumatların haradan alındığını belə bilmir. Atası ilə bu sadalanan əmlakların heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də, iddia ərizəsinin əsassız olduğunu düşünür. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 05 mart 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 30 dekabr 2020-cı ilədək Cavabdeh1 tərəfindən qaytarılması şərtilə 30.000 (otuz min) ABŞ dollarını borc vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.12.2020-ci il tarixli, **********96 saylı məktubundan görünür ki, Cavabdeh1 adına (təvəllüd arxiv əsaslarında qeyd olunmamışdır, ailə üzvləri- X3, X8. X4, X9, X1, X5, X6 ilə birlikdə ümumi birgə payında) Salyan rayonu Arbatan kəndində yerləşən 0,18 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş JN: 344A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 24.12.2020-ci il tarixli, **********43 saylı məktubundan görünür ki, Cavabdeh1 Sərxoş oğlu Salyan rayonu Arbatan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə dair JN: 344A olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 8 nəfər ailə üzvü ilə birlikdə həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçisidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19.05.2021-ci il tarixli, **********293700 saylı məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyesterində Cavabdeh1 nizamnamə kapitalı 10 manat, 2 pay olan "xxxx" MMC-nin (VÖEN:**********) 100% payla təsisçi olması barədə məlumat mövcuddur. İş materiallarında olan 23.02.2021-ci il tarixli və 17.09.2021-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borc müqaviləsi üzrə öhdəliklərini icra etmək üçün xəbərdar etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənini 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18.07.2014-cü il tarixli qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh1 ailə üzvləri onun paylı mülkiyyətində olan Salyan rayonu Arbatan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla mirası faktiki qəbul etdiklərindən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməlidirlər. İddia tələbinin borc məbləğinin istifadəyə görə 18000 ABŞ dollar tələbi ilə bağlı məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilə bilməz. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsində borcun % dərəcəsi ilə verildiyinə dair hər hansı bənd əlavə edilməmişdir. Həmçinin iddia tələbinin Cavabdeh1 Salyan rayonu Arbatan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə olan payının və Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 93, ünvan 1 ünvanlarında yerləşən daşınmaz əmlaklarının ötürülməsinin (özgələşdirilməsinin) qadağan edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən Cavabdeh1 (prosessual hüquqi varisi Cavabdeh3) ödənilməli olan pul vəsaitinin üzərinə iddia tələbi həcmində həbs qoyulması ilə bağlı məhkəmə qeyd edir ki, tələbin əmlaka yönəldilməsi ilə bağlı məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələb icra sənədinin icrasını təmin edən məcburi icra tədbirlərindən biridir. İcra haqqında Qanunun 45-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (maddə 45.1). İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (maddə 45.2). Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur (maddə 45.3). Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər (maddə 45.4). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir (maddə 45.5). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (maddə 45.6). Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı MPM-nin Xİİİ fəslin tələblərinə uyğun olaraq müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən çəkilmiş həmin xərcin 20 manatı cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (hər birinin miras payına uyğun) 30.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2680/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2680/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver