Məhkəmə qərarları › İş №2(009)-2730/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2730/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2730/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı ərizə ilə 12.02.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 02.09.2015-ci il tarixli, 12-15-11-037014 saylı kredit müqaviləsi üzrə yaranmış 4771 ABŞ dolları əsas, 2576,59 ABŞ dolları faiz, cəmi 7347,56 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)1243/2016 saylı, 15 fevral 2016cı il tarixli məhkəmə əmri ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4771 ABŞ dolları əsas, 2576,59 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri ilə razı olmayan Cavabdeh 12 iyul 2021ci il tarixdə etiraz verərək, əmrin ləğv edilməsini, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən vaxtı-vaxtında ödənişlər edilmiş, götürülən kreditdən də artıq banka pul ödənilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)1243/2016 saylı, 16 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 2(009)1243/2016 saylı, 15 fevral 2016cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC 20.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin edilməsini və mülki işə iştirakları olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə 2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 36 ay müddətinə illik 27% olmaqla 4,771 ABŞ dolları kredit götürmüşdür. Həmin kreditin 1500 ABŞ dollarını əvvəlcədən ödəmişdir. Sonradan isə xəstəliyə tutulduğundan 2 il yataq xəstəsi olmuşdur. Məhkəmə əmrindən sonra 15.02.2016-cı ildən bu günə kimi pensiyasından hər ay 159 ABŞ dolları tutulur. 15.07.2021-ci il tarixədək 11,835 ABŞ dolları tutulsa da hər ay pensiyasından tutulmalar davam edir. Beləliklə ona külli miqdarda ziyan dəyir. Eyni zamanda restruktruzasiya barədə Prezidentin fərmanı olsa da, bank tərəfindən əməl olunmayaraq ona güzəşt edilməmişdir. Bu səbəbdən də, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.09.2015-ci il tarixli, 12-15-11-037014 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şərq filialı ilə Cavabdeh arasında bağlanmış 02.09.2015-ci il tarixli, 12-15-11-037014 saylı kredit müqaviləsinə əsasən borcalana illik 27% hesablanmaqla 36 ay müddətinə 4771 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 02.09.2015-ci il tarixli, 12-15-11-037014 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh borcu ödəməyə 02 sentyabr 2015-ci il tarixdə başlamalı, hər ay 194.78 manat ödəməklə 03 sentyabr 2018-ci il tarixdə bitirməli idi. İş materiallarında olan bildirişlərin surətindən aydın olur ki, Cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə dəfələrlə xəbərdar edilmişdir. İş materiallarında olan 131 saylı, 28 yanvar 2016-cı il tarixli arayışından görünür ki, 02.09.2015-ci il tarixli, 12-15-11-037014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 28.01.2016-cı il tarixinə İddiaçı ASC-yə cəmi borcu 7347,56 ABŞ dolları, əsas borcu 4771 ABŞ dolları, faiz borcu üzrə 2576,59 ABŞ dolları təşkil edir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə Sabirabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 10.02.2016-cı il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış 02.09.2015-ci il tarixli, 12-15-11-037014 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 27 % olmaqla 4771 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, iddiaçı müqavilə üzrə cəmi borc 7347,56 ABŞ dolları borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin cavabdehin məhkəmə iclasında restruktruzasiya tələbi ilə bağlı qeyd edir ki, 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000.0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-ci bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəmədən kənar həlli qaydasını müəyyənləşdirmiş, fiziki şəxslərin borclarının bir hissəsinin dövlət tərəfindən qarşılanması, problemli kreditlərin qalıq hissəsinin restrukturizasiyası nəzərdə tutulmuşdur. Mübahisələndirilən kredit münasibətlərinin halları belə bir ilkin qənaətə gəlməyə əsas verir ki, həmin münasibətlər Fərmanın təsiri altına düşürdü. Lakin restrukturizasiya prosesi 30 dekabr 2019-cu il tarixinədək davam etmiş və həmin tarixdə də dayandırılmışdır. Halhazırda tərəfin kreditini restrukturizasiya etmək bankın səlahiyyətində deyil. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4771 ABŞ dolları əsas, 2576.59 ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4771 ABŞ dolları əsas, 2576.59 ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar