Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-274/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı – cavabdehlər Cavabdeh2 və X2 qarşı “ziyan” tələbinə dair mülki işə 12 yanvar 2024-cü il tarixdə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 və X2 qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50,000 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh X4 Azərbaycan Respublikasının hal-hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində digər cavabdeh ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini və 1-ci şöbənin rəisi vəzifəsində xidmət edən Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək barəmdə olan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işini əsas tutaraq 14 sentyabr 2013-cü ildə Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onu Cavabdeh2 xidməti otağına aparmış, ona təzyiqlər göstərərək hədə qorxu ilə 100,000 manat pul tələb etmişlər. Bu hal həbsdə saxlandığı müddət ərzində dəfələrlə təkrar olunmuşdur. Cavabdehlər Mövlam Şıxəliyev və Cavabdeh2 tələb etdikləri pulu verməyəcəyi təqdirdə iddiaçını uzun müddət həbsdə saxlayacaqlarını, fiziki təzyiqə məruz qoyacaqlarını, ən agır cəza verdirəcəkləri,cəza çəkmə yerində agır şərait yaradılacağı və fiziki təzyiqə məruz qalacağı kimi hədələr gəlmişlər. Cavabdehlər atası Elman Abdullayevlə danışaraq hədə-qorxu gəlmiş və 50,000 manat pulun müqabilində barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Bütün qeyd etdiyi bu hallar qüvvədə olan Bakı Hərbi məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə öz təsdiqini tapmışdır. Milli Təhlükəsizlik Nazirliyi, ləğv edildikdən sonra cavabdeh X3 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə hökmü çıxarılmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona vurulmuş ziyan Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş üzrə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/22 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini, Cavabdeh2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Hökmlə müəyyən edilmişdir ki, 2014-cü ilin yanvar ayında İddiaçı Mövlam Şixəliyev, Cavabdeh2 və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində hədə-qorxu tətbiq olunmaqla külli miqdarda rüşvət tələb edilməsi və alınması epizodu üzrə toplanmış sübutlardan görünür ki, zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş İddiaçı ifadələrində bildirmişdir ki, 2013-cü ilin mart ayında şəriki X9 ilə Gürcüstan Respublikasında satışını təşkil etmək üçün Çindən pirotexniki vasitələr və yapışqanlı lent sifariş etmişlər, sifariş edilən mallar 2013-cü ilin iyun-iyul aylarında Tbilisi şəhərindəki «Lilo» bazarının bazasına gəlsə də sifarişi düzgün vermədikləri üçün, yəni malların üzərində Gürcüstanın bayrağı həkk olunmadığı üçün orada sata bilməmişlər. Həmin malların satışına Azərbaycanda icazə olduğuna görə Bakı şəhərinə gətirib burada satmağı fikirləşmişlər. Sərdar tanışı Elman Məsimov adlı tanışı vasitəsilə həmin malları Bakı şəhərinə gətirə biləcəyini demiş və 2013-cü ilin sentyabr ayının əvvəllərindəSərdarla birlikdə Balakən şəhərinə gedib orada Elmanla görüşmüş, Elman onları Əfsəl və Məcid adlı şəxslərin yanına aparmış və həmin adamlarla birlikdə Tbilisi şəhərinə gedib malların yerini Əfsəl və Məcid adlı şəxslərə göstərdikdən sonra Balakənə geri qayıtmışlar. 10 sentyabr 2013-cü il tarixdə Sərdarla birlikdə Bakı şəhərində «Eqzotika» çay evində oturub çay içərkən özlərini MTN-nin əməkdaşları kimi təqdim edən şəxslər onları saxlayıb MTN-in inzibati binasına aparmışlar və orada təxminən 30 saat saxlanıldıqdan sonra o, evə buraxılmışdır. Növbəti gün MTN-nə dəvət edilib şübhəli şəxs kimi tutulmuş, 13 sentyabr 2013-cü il tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Tutulduğu tarixdən təxminən 17 gün sonra müstəntiq Fuad Alməmmədovun xidməti otağında ifadə verən zaman Cavabdeh2 otağa gələrək ona şəhadət barmağını göstərib «ay Naxçıvanlı, sənə yaraşmaz belə seyə görə burada oturmaq, 100.000 manat ver sənin həbsini ev dustaqlığı ilə dəyişdirim» demiş, o isə Cavabdeh2 həmin məbləğdə pulunun olmadığını demiş, 2013-cü ilin noyabr ayında onu MTN-in istintaq təcridxanasından çıxarıb Cavabdeh2 otağına gətirmişlər. Həmin vaxt onun atası Elman da Cavabdeh2 otağında olmuşdur. Təxminən beş dəqiqə davam edən görüş zamanı o, atasına «Yasin müəllim nə istəyir onu ver məni çıxart, burada qala bilmirəm» demiş, daha sonra atası Cavabdeh2 otağında qalmış, onu isə istintaq təcridxanasına aparmışlar. Bundan bir müddət sonra Fuad Alməmmədovun otağında ifadə verən zaman öz istəyi ilə sonuncu onu Cavabdeh2 otağına aparmış, otaqda Cavabdeh2la təklikdə söhbət zamanı Cavabdeh2 qəbiz olduğuna görə əziyyət çəkdiyini, Cavabdeh2 isə ona «Cahangir səndən çox pul verir» demişdir. Bundan sonra Cavabdeh2 vərəqə 100.000 rəqəmini yazıb ona göstərərək «bunu gətir səni buraxım» demişdir. 04 ay 23 gün MTN-də həbsdə qalmış, 2014-cü ilin yanvar ayının sonlarında onu ekspertizaya aparıb barəsində ağır xəstəlikdən əziyyət çəkməsi barədə rəy verilmiş və 06 fevral 2014-cü il tarixdə həbsdən azad edilmişdir. Sərbəst buraxıldıqdan sonra atası Elman Abdullayev onu həbsdən azad etdirmək üçün ünvan 1 ünvanını satıb Cavabdeh2 50.000 manat pul verdiyini və pulu Yasinin göndərdiyi iki nəfər tanımadığı şəxslərə verdiyini demişdir. Həmin mənzil faktiki olaraq ona məxsus olsa da bacısı X6 adına rəsmiləşdirilmişdir. Cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl Cavabdeh2 özünün yeni otağında hazırda xatırlamadığı 2 nəfər müstəntiqlərin yanında demişdir ki, «burada nə demisiniz hamısını gedib məhkəmədə təsdiq edirsiniz, orada artıq əskik danışmayın, demişəm sizə şərti cəza verəcəklər». Sonda Gəncə ağır Cinayətlər Məhkəməsi tərəfindən həqiqətən də ona şərti cəza verilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AR Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdehlər hüquqazidd əməl ilə iddiaçıya ziyan vurmuşdurlar. Belə ki, onlar iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıyırlar. Bu səbəbdən iddiaçıya vurulmuş zərərin əvəzi zərərvuranlar tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 50,000 (əlli min) manat pul vəsaiti və ödənilmiş 240 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 və X1 tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-274/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-274/2024
12.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver