Məhkəmə qərarları › İş №2(009)-277/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-277/2021

21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-277/2021 21.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onunla qonşuluqda yaşayır. Həm qonşu, həm də oğlunun tanışı kimi tanımışdır. Cavabdeh ötən ilin may ayında onlara gəlib ondan borc pul istədi. Ondan borcu nə vaxt qaytaracağını soruşduqda cavabdeh 10 ay ərzində hər ay 200 manat olmaqla verə biləcəyini bildirdi. Ona 2000 manat borc pul verdi və ondan pulun alması və qaytaracağı vaxt barədə əlyazması tələb etdi. Sonuncu özü əlyazması yazaraq ondan aldığı pulu hər ay 200 manat olmaqla qaytaracağına söz verdi. Lakin, uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Borcunu istədikdə onu təhqir edir və olanda verəcəyini bildirir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır vəziyyətə düşdüyündən məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh oğlunun yaxın dostu olmuşdur. Tanış olduqları üçün ona güvənərək 2000 manat məbləğində borc pul vermişdir, cavabdeh isə borclu olması barədə əlyazma imzalamışdır. Ayda 200 manat olmaqla, 10 ay ərzində borcu qaytarmağı öz öhdəliyinə götürsə də, sadəcə iki dəfə 70 manat və 35 manat olmaqla ümumilikdə 105 manat məbləğində pul qaytarmışdır. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. İddiaçıdan 2000 manat götürmüş, lakin hər ay 70 manat olmaqla 10 ay ərzində 700 manat pul ödəmişdir. Cəmi 1300 manat borcu qalmışdır. İddiaçıya hər ay pul ödəməsi barədə özünün əlyazmasında qeydlər edirdi. Bu səbəbdən də iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, İmanov X1 Məleykə Təmraz qızına hər ayın 11-13 arası, 200 manat ödəməklə 10 ay müddətinə 2000 manat pul götürdüyü qeyd edilmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: -6.1.2 və 6.1.5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən оlunmuşdur. -390.1-ci mаddəsində müqavilə azadlığı prinsipinin mаhiyyəti аçıqlаnаrаq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -14.2.1-ci mаddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındаn biridir. -324.1-ci mаddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -329.2-ci mаddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -389.1-ci mаddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh 1895 manat (2000-dən 70 manat, 35 manat ödənilmişdir iddiaçı özü etiraf edib) məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun 20 manatı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1895 (min səkkiz yüz doxsan beş) manat məbləğində vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar