Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-281/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 4.000 (dörd min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17.07.2000-ci ildən 17.04.2020-ci il tarixədək Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlar Baş İdarəsinin tabeliyindəki müxtəlif hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş, 17.04.2020-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq öz ərizəsi ilə mayor rütbəsində ehtiyata buraxılmışdır. O, Bakı şəhərində öz ixtisası üzrə hərbi sahədə hər hansı bir işlə məşğul olmaq istəmişdir. Anası bu fikirini qonşusu və rəfiqəsi olan Sevda adlı xanıma demiş, Sevda xanım da “SOCAR”da növbə rəisi vəzifəsində işləyən bacısının əri Malik Mehdiyevin əlaqələrinin yaxşı olduğunu, onun münasib işlə təmin olunmağına köməklik göstərə biləcəyini bildirmişdir. O, Maliklə görüşüb söhbət etmiş, o, “SOCAR”-da, Cəmşid Naxçıvanski adına Hərbi Litseydə və ya Heydər Əliyev adına Ali Hərbi Məktəbdə işlə təmin olunmaq arzusunda olduğunu bildirmişdir. Malik isə ona yaş baxımından mülki sahədə, o cümlədən “SOCAR”-da işə qəbul olunmağının mümkün olmadığını, ona görə də hər iki hərbi təşkilatın birində işə düzəlməyinə Müdafiə Nazirliyində çalışan polkovnik-leytenant hərbi rütbəli tanışı Cavabdeh vasitəsilə köməklik göstərə biləcəyini bildirmişdir. Təxminən bir həftə sonra 2020-ci ilin may ayının əvvəllərində Cavabdeh ona zəng edərək Malikin dediyi şəxs olduğunu, telefon nömrəsini Malikdən aldığını deyərək, işə düzəlmə məsələsini müzakirə etmək üçün şəhər ərazisində görüşməyi təklif etmiş, o, da razılaşmışdır. Onlar ertəsi gün Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində, yəni “Şamaxinka” kimi tanınan dayanacağın arxa tərəfində görüşmüşlər. Cavabdeh görüşə gələrkən əynində polkovnik-leytenant rütbəsi daşıdığı Müdafiə Nazirliyinə məxsus hərbi geyim forması ilə gəlmişdir. O, İlqardan hansı orqanda və vəzifədə işlədiyini soruşduqda, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işlədiyini və hərbi təlimlərə nəzarət etdiyini bildirmişdir. Söhbət zamanı o, İlqara Cəmşid Naxçıvanski adına Hərbi Liseyidə və ya Heydər Əliyev adına Ali Hərbi Məktəbdə işlə təmin olunmaq arzusunda olduğunu bildirmişdir. İlqar isə vakansiyalarla maraqlanıb Müdafiə Nazirliyindəki tanışları vasitəsilə onun istəyinə uyğun işlə təmin olunacağına köməklik edəcəyini, lakin bunun müqabilində 8.000 (səkkiz min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, isə bir müddət sonra pulu düzəldib verəcəyini bildirmişdir. O, İlqarla görüşdükdən sonra bu barədə Malikə məlumat vermiş, birlikdə bu məsələni müzakirə edərək, tələb olunan pulun 4.000 (dörd min) manatını əvvəlcə, qalan 4.000 (dörd min) manatını isə işə qəbul olunduqdan sonra verməyinin məqsədəuyğun olduğu qənaətinə gəlmişlər. Beləliklə, 10 gün ərzində təqaüdü və əvvəlcədən yığdığı vəsait hesabına 4.000 (dörd min) manat pul düzəldib İlqarla danışmış və həmin pulu vermək üçün o, Malik və İlqar Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində, yəni “Şamaxinka” kimi tanınan dayanacağın arxa tərəfində görüşüb 4.000 (dörd min) manatı sellofana bükülmüş vəziyyətdə İlqara vermişdir. İlqar ona vakasiyalarla maraqlandığını, istədiyi hərbi qurumlarda hələlik boş yer olmadığını, boş yer olan kimi əmrinin verilməsini tanışları vasitəsilə təmin edəcəyini demiş, lakin konkret olaraq hansı vəzifəyə təyin olanacağını deməmiş, o, da bu barədə onun qarşısında vəzifə tələbi irəli sürməmişdir. Bundan sonra sentyabr ayına qədər dəfələrlə İlqarla telefon vasitəsilə əlaqə saxlamışdır. İlqar isə hər dəfə məsələni nəzarətdə saxladığını, vakansiyalar barədə maraqlandığını, lakin hələlik boş yer olmadığını bildirmişdir. Sentyabr ayının 27-də Vətən Müharibəsi başladıqdan sonra ilin sonunadək İlqarla əlaqələri minimuma enmişdir. Belə ki, İlqarın telefon nömrələrinə zəng çatmamış, bu barədə Malik ilə maraqlandıqda ona İlqarın döyüş bölgəsində olacağını bildirmişdir. O, da bu səbəblə vəziyyəti anlayışla qarşılamışdır. Onu da qeyd edir ki, dələduzluq yolu ilə aldadıldığını, İlqarın əvvəldən onu işə düzəltmək niyyətinin olmadığını, pulunu ələ keçirtmək üçün yalan vədlər verdiyini başa düşmüşdür. Müharibə qurtardıqdan sonra isə cari ilin aprel ayınadək İlqarla müxtəlif nömrələrlə əlaqə yaradıb pulunu geri qaytarmağı tələb etsə də, İlqar onu hər dəfə müxtəlif bəhanələrlə yubatmışdır. Cavabdeh Müdafiə nazirinin 24.01.2017-ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) və 164-cü maddəsinə görə (hərbi geyim forması daşımaq hüququ verilmədən) müvafiq olaraq ehtiyata buraxlması barədə məlumatı olmamışdır. Beləliklə, vurulmuş ziyana görə Cavabdeh 4.000 (dörd min) məbləğində pulu mənimsəmiş və həmin pulları bu günki günə kimi ona qaytarmamışdır. Qeyd edir ki, 23.11.2021-ci il tarixli, 1(006)-457/2021 saylı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü vardır. Cavabdeh sözügedən məbləği onu işə düzəltmək üçün deyil, arvadının müayinə və müalicəsinə xərcləmək üçün aldığını məhkəmədə bildirmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən mənimsənilmiş 4.000 (dörd min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh dəymiş ziyana görə 4.000 (dörd min) manat, dövlət rüsumu kimi ödədiyi 60 (altmış) manat, və məhkəmədə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə 300 (üç yüz) manat olmaqla, cəmi 4360 (dörd min üç yüz altmış) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək İddiaçı 4.000 (dörd min) manat məbləğində pul aldığını, lakin maddi imkanı olmadığından həmin pulu qaytara bilmədiyini, buna görə də 23.11.2021-ci il tarixli, 1(006)-457/2021 saylı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək məhkum olunduğunu. Bu səbəbdən də iddianın rədd edilməli olmasını göstərmiş, həmçinin vəkilin göstərdiyi yardıma görə ondan 300 (üç yüz) manat məbləğində pulun tələb olunması ilə razı olmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib iş materiallarını araşdıraraq, belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 457/2021 nömrəli, 23.11.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh oğlu İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində məsul vəzifələrdə işləyən tanışları vasitəsi ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”də və ya “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi”ndə həqiqi hərbi xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib, məsələnin müsbət həll olunmasından ötrü qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini İddiaçı aldatmaqla bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin niyyətlə 2020-ci il may ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində İddiaçıla görüşərkən sonuncu, tələb olunan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin yarısını, yəni 4.000 (dörd min) manatını verib, qalan 4.000 (dörd min) manatı isə vəzifəyə təyin edilmə haqqında müvafiq əmr imzalandıqdan sonra verəcəyini bildirdikdən sonra İddiaçıla razılaşıb həmin adla 8.000 (səkkiz min) manat məbləğində istədiyi pul vəsaitinin başlanğıc üçün razılaşdıqları 4.000 (dörd min) manat hissəsini İddiaçı almaqla dələduzluq yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, İddiaçı aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib İddiaçı məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkət müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu qəsdən təhrik etmişdir. Qeyd edilən hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, mülki İddiaçı mülki Cavabdeh qarşı mülki iddiası baxılmamış saxlanılmış və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı aldığı 4000 (dörd min) manat məbləğində pulu iddiaçının dəfələrlə qaytarmasını tələb etməsinə baxmayaraq hazıradək qaytarmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.02.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.” Məhkəmə hazırki iş üzrə Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsini, həmin cinayət işi üzrə hazırki iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmasını, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən iddiaçıya 4000 (dörd min) manat məbləğində ziyan vurulmasının, həmçinin tərəflərin izahatları ilə də həmin pulun hələ də qaytarılmamasının təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı özünə məxsus olan 4000 (dörd min) manat məbləğində pul vəsaitini cavabdehdən mülki mühakimə icraatı qaydasında tələb etməkdə haqlıdır. Belə ki, Cinayət Prosessual Məcəllənin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikiası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 4000 (dörd min) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumundan, həmçinin iddiaçı tərəfindən Abşeron Rayon Vəkil Bürosuna ödənilmiş 300 (üç yüz) manat məbləğində hüquqi xidmət haqqından ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Abşeron Rayon Vəkil Bürosuna ödənilmiş 300 (üç yüz) manatın, 100 (yüz) manat hissəsi, yəni ağlabatan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 200 (iki yüz) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 4000 (dörd min) manat məbləğində pul vəsaiti, ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş xidmət haqqı olan 300 (üç yüz) manatın 100 (bir yüz) manat hissəsi olmaqla, cəmi 4160 (dörd min yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4000 (dörd min) manat məbləğində pul vəsaiti, ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 100 (bir yüz) manat, cəmi 4160 (dörd min yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-281/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-281/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver