Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-283/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi (qanun üzrə vərəsəsi) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 5.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 5 saylı evin 25 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Həmin binanın 30 nömrəli mənzili iddiaçının mənzilinin üst mərtəbəsində yerləşir və cavabdehə məxsusdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində iddiaçıya ziyan dəymişdir. İddiaçı bu barədə cavabdehə müraciət etsə də, cavabdeh heç bir tədbir görməmişdir. Cavabdehin təqsiri ucbatından iddiaçıya dəymiş zərər təxminən 5.000 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 5 saylı evin 25 nömrəli mənzili 27.03.2006-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. AZ-İİ № 120484 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 11 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. 07.06.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı vərəsəsi X3r. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 72.3-cü madddəsinə əsasən ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehə məxsus ünvan 1 ünvan üzrə 5 saylı evin iddiaçıya məxsus 25 saylı mənzilinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə uyğun həll edilməli və rəydə göstərilən ziyanın həcmi və məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 04.05.2021-ci il tarixli 10/483 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 5 saylı evin 25 nömrəli mənzilinə üst mərtəbədə yerləşən 30 saylı mənzildən suyun axıdılması müəyyən olunur. Tədqiq olunan 25 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin təqribən 1,400 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 1,400 manat məbləğində pul vəsaiti tutulmalıdır. Az. Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 30 AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tiknti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 20 manat hissəsi iddiaçıdan, 30 manat hissəsi isə cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1,400 manat, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi olmaqla, ümumilikdə 1,420 manat məbləğində pul vəsaiti Cavabdeh qaydada tutulub X4 ödənilsin. 04.05.2021-ci il tarixli 10/483 saylı ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 20 manat hissəsi X1, 30 manat hissəsi isə Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** X5 VÖEN ********** Kod: 210005 Müxbir hesabı 41nABZ********************, hesab AZ34CTRE********************, S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-283/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-283/2021
09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver