Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-283/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı X.R.Kaşımovanın (Kh.Kashımovanın) iştirakı ilə İddiaçı Kaşımova (Kashımova) Xalidə (Khalida) Rövşən qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Kaşımova (Kashımova) Xalidə (Khalida) Rövşən qızı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1549/2018 saylı, 08.08.2018-ci il tarixli qətnaməsi ilə onun keçmiş həyat yoldaşı Cavabdeh 17.11.2017-ci il təvəllüdlü X1 üçün hər ay 154 manat aliment tutulması qət edilmişdir. Lakin, həmin aliment məbləği ona uşağı saxlamaq üçün kifayət etmir. Hamıya məlumdur ki, hər şeyin qiymətinin günü-gündən artdığı bir vaxtda qeyd edilən məbləğlə uşağın saxlanması mümkün deyildi. Cavabdeh isə Fövqəladə Hallar Nazirliyinin hansısa yüksək rütbəli zabitinin sürücüsü işləyir və kifayət qədər gəlir əldə edir. Ona görə də o, məcbur qalaraq aliment məbləğinin artırılması və hər ay üçün 250 manat müəyyən olunmasını tələb etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Səbail rayon Məhkəməsinin 2(009)-1549/2018 saylı, 08.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişməklə, Cavabdeh 17.11.2017-ci il təvəllüdlü X1 üçün hər ay 250 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Kaşımova (Kashımova) Xalidə (Khalida) Rövşən qızı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh qətnamə ilə tutulması müəyyən edilən alimentdən başqa heç bir yardım göstərmir, uşağı ilə maraqlanmır, onunla ünsiyyətdə olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 05.12.2017ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 17.11.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Xalidə Kaşımovadır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1649/2018 saylı, 08.08.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 3 saylı Bakı ”ASAN xidmət” qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 16.10.2016-cı il tarixli 4287 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 17.11.2017-ci il təvəllüdlü X4 anası – X2 yanında qalması müəyyən edilməsi, Cavabdeh 27.03.2018-ci il tarixdən başlayaraq 17.11.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 04.10.2018-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Kaşımova Xalidə ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04.10.2018-ci ildə 176 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Hacıyev, qadına Kaşımova soyadı verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan 17.11.2017-ci il təvəllüdlü Aylin adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində 154 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 154 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 250 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 154 manatdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini, cavabdehin rəsmi işləyərək müntəzəm əmək haqqı alması barədə sübutarın mövcud olmamasını, “Elektron məhkəmə informasiya sistemi”ndə də əmək münasibətlərində olmasının təsdiq edən məlumat mövcud olmadığını nəzərə alaraq hesab edir ki, artırılacaq aliment məbləği sabit pul şəkilində müəyyən edilməli, aliment məbləğinin artırılması barədə iddia qismən təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 193 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2316 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 43 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 17.11.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli 2(009)-1649/2018 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq Kaşımova (Kashımova) Xalidə (Khalida) Rövşən qızına ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 193 (yüz doxsan üç) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 43 (qırx üç manat) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev