Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2833/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 486 (dörd yüz səksən altı) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 6,33 (altı manat otuz üç qəpik) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 522,33 (beş yüz iyirmi iki manat otuz üç qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 06.10.2021-ci il tarixli, AKX-0334030/10-2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə yaşayış evinə təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00500 nömrəli abonent kodu verilmiş, həmin yaşayış evi təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırlmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində 28.06.2019-cu il tarixində ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş müvafiq aktdan müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə çəkilmiş qaz xətti üzərində yerləşən G-4 markalı, ******* nömrəli qaz sayğacında müdaxilə faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yenisi ilə əvəzlənmiş, daha sonra qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 28.06.2019-cu il tarixli MSK-29/1710-01078-1 nömrəli Aktına əsasən G-4 markalı, ******* nömrəli “sayğacın plastmas şüşəsinin qoruyucu örtüyə bərkidən 4 qulaqcıqdan biri aşkar olunmadı” müəyyən olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri hesablanaraq 486 manat məbləğində müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 6,33 (altı manat otuz üç qəpik) manat borcu qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda saldo üzrə ümumi 492,33 (dörd yüz doxsan iki manat otuz üç qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında qazın alqı-satqı müqaviləsi 06 oktyabr 2021-ci il tarixdə bağlanmışdır. Həmin tarixdə verilən sənədlər əsasında **********00500 saylı abonent kodu Cavabdeh adına keçirilmişdir. İddia ərizəsində də qeyd olunur ki, Cavabdeh ilə qazın alqı-satqı müqaviləsi 2021-ci ilin oktyabr ayında bağlanmışdır. Necə ola bilər ki, 2021-ci ildə bağlanan müqavilənin şərtlərini cavabdeh 2019-cu ildə pozsun. Ərizədə göstərilir ki, guya Cavabdeh tərəfindən qaz sayğacına müxtəlif tarixlərdə müdaxilə edilməsi faktı aşkar olunmuş və faktlar yerindəcə aşkarlanmışdır. Əgər faktlar varsa abonentin tanış olması və imzalaması (yaxud abonentin inkar etməsi) haqqında sənədi təqdim etsinlər. İddiaçı 2019-cu ilin mart ayında binanın bloklarında quraşdırılmış bütün mexaniki qaz sayğaclarını abonentin xəbəri olmadan dəyişdirib smart kartlı qaz sayğacları ilə əvəzləmişlər. Mexaniki qaz sayğaclarının göstərdiyi rəqəmlərə əsasən qaz nəzarətçiləri sayğaca baxıb istifadə olunan təbii qazın pulunun ödənilməsi üçün hər ay abonentlərə qəbz verirlər. Necə ola bilər ki, sayğaca müdaxiləni (aktda göstərildiyi kimi şüşə qulaqcıqlardan birinin sınmasını) qaz mütəxəssisləri-nəzarətçiləri görməsinlər və mart ayında sayğac söküləndə də heç nə bilməsinlər və belə bir müdaxilə olmuşdursa aktlaşdırmasınlar, sayğacın sökülməsi haqqında abonentə də heç bir məlumat verməsinlər. Həmin mənzildə qaz sayğacının mart ayında dəyişdirilib laboratoriyaya göndərilməsindən 3 ay sonra, yəni 28 iyun 2019-cu ildə sayğaca müdaxilə edilməsi faktı aşkarlanmışdır. Təbii belə bir sual yaranır ki, sayğac söküləndə 4 ədəd şüşə qulaqcıqlardan biri bəlkə ustaların ehtiyatsız davranması nəticəsində zədələnib qırılmışdır. Sayğac söküləndən sonra 3 ay müddətində hansı şəraitdə, harada, necə saxlanması da məlum deyildir. 28 iyun 2019-cu il tarixdə tərtib olunmuş aktda göstərilir ki, cavabdeh şəxs ev sahibi Hüseynova Sonaxanım akta imza atmaqdan imtina etmişdir. Lakin S.Hüseynova 2001-ci ilin fevral ayında vəfat etmişdir, görəsən ölmüş insan akta imza atmaqdan necə imtina edə bilər. Məlumat üçün onu da bildirir ki, 2003-cü ildən 2021-ci ilin oktyabr ayına kimi həmin mənzildə yaşayış olmamışdır. Həmin illərdə yaşayışın olmaması haqqında işıq, su, qaz idarələrinə və binanın koperativ idarəsinə də yazılı məlumat verilmişdir. ASAN komunal xidmətdən su, işıq və qazın axırıncı 10 ildən artıq müddətdə istifadə olunması üzrə ödənişlərin yerinə yetirilməsi haqqında alınmış məlumatlarda və mənzil istismar idarəsindən verilən arayışda da mənzildə yaşayışın olmamasını görmək mümkündür. Əlavə olaraq bildirmişdir ki, X1 hazırki cavabdehin anası olmuş, 2001-ci ildə vəfat etmişdir. 2021-ci ilin oktyabr ayınadək həmin ünvanda yaşayış olmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı İB tərəfindən tərtib olunmuş 28.06.2019-cu il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında istehlakçı Cavabdeh istifadəsində olan sayğacın qoruyucu şüşəsini bərkidən dörd qulaqcıqdan biri aşkar olunmamışdır. Aktda tələb olaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın ödənilməsinə dair 28.06.2019-cu il tarixli tələbnamədən görünür ki, 28.06.2019-cu il tarixli, 29/1710-01078-1 saylı qaz sayğacının yoxlanılması barədə Akta əsasən G-4 markalı, ******* nömrəli sayğacın plastmas qapağının qoruyucu şüşəsini bərkidən 4 qulaqcıqdan biri aşkar olunmamış və 4860 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı İB tərəfindən verilmiş 21.10.2021-ci il tarixli, **********00500 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2021-ci ilin iyun ayınadək qazdan istifadəyə görə 492,33 (dörd yüz doxsan iki manat otuz üç qəpik) manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən İddiaçı İB ünvanlanmış 06.10.2021-ci il tarixli ərizədən görünür ki, təqdim etdiyi sənədlər əsasında **********00500 nömrəli abonent kodunun onun adına keçirilməsini və smart kartın verilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 06.10.2021-ci il tarixli, AKX-0334030/10-2021 nömrəli müqavilədən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş “Təqaüdçü” Kooperativi tərəfindən Cavabdeh verilmiş 11.11.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 80/84 saylı evin, 50 saylı mənzilində yaşamış X1 2001-ci il tarixdə vəfat etmiş və 2003-cü il tarixdən 2021-ci il tarixədək qeyd olunan mənzildə yaşayış olmamışdır. Belə ki, işin faktiki halları və rəsmi sənədlərlə müəyyən edilir ki, Cavabdeh 06.10.2021-ci il tarixdə ərizə ilə İddiaçı İB-yə müracəit edərək **********00500 nömrəli abonent kodunun onun adına keçirilməsini və smart kartın verilməsində ona köməklik göstərilməsini xahiş etmiş, İddiaçı İB ilə Cavabdeh arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 06.10.2021-ci il tarixli, AKX- 0334030/10-2021 nömrəli müqavilə bağlanmış və ünvan 2 ünvanına qaz sayğacı quraşdırılmışdır. Həmçinin müəyyən edilmişdie ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman ünvan 2 ünvanına quraşdırılmış sayğacın qoruyucu şüşəsini bərkidən dörd qulaqcıqdan biri aşkar olunmaması səbəbindən İddiaçı İB tərəfindən 28.06.2019-cu il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib olunmuş, Aktda tələb olaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuş, İddiaçı İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın ödənilməsinə dair 28.06.2019-cu il tarixli tələbnaməyə əsasən 4860 kubmetr qazın itirilməsi müəyyən edilmiş və 21.10.2021-ci il tarixli, **********00500 nömrəli abonentin saldosuna əsasən abonent Cavabdeh 2021-ci ilin iyun ayınadək qazdan istifadəyə görə qaz sərfiyyatının əvəzi olaraq 492,33 (dörd yüz doxsan iki manat otuz üç qəpik) manat borc hesablanmışdır. Bundan başqa müəyyən edilmişdir ki, cavabdehin anası olan X1 2001-ci il tarixə qədər Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 80/84 saylı evin, 50 saylı mənzilində yaşamış, 2001-ci ildə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2 və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdehin müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etməklə təbii qazı talaması ilə bağlı halları təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, Cavabdeh 06.10.2021-ci il tarixdə ərizə ilə İddiaçı İB-yə müracəit edərək **********00500 nömrəli abonent kodunun onun adına keçirilməsini və smart kartın verilməsində ona köməklik göstərilməsini xahiş etmiş, İddiaçı İB ilə Cavabdeh arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 06.10.2021-ci il tarixli, AKX-0334030/10-2021 nömrəli müqavilə bağlanmış və ünvan 2 ünvanına qaz sayğacı quraşdırılmışdır. İddiaçının öz dəlilləri ilə bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut 28.06.2019-cu il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır ki, həmin Akt İddiaçı İB ilə Cavabdeh arasında (qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında) qazın alqı-satqısına dair 06.10.2021-ci il tarixli, AKX- 0334030/10-2021 nömrəli müqavilə bağlandıqdan və sayğac quraşdırıldıqdan əvvəlki dövrdə iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən də imzalanmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehin anası olan X1 da 2001-ci il tarixə qədər Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 80/84 saylı evin, 50 saylı mənzilində yaşamış, lakin 2001-ci ildə vəfat etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının özü tərəfindən tərtib edilən yuxarıda qeyd edilən akta əsaslanmaqla cavabdehdən istifadə etmədiyi təbii qaza görə ödəniş tələb etməsi qanunsuz və əsassızdır. Cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsi və iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin istifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərilən borc məbləği, istehlakçı kimi cavabdehdən tələb edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2833/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2833/2021
28.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver