Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-289/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1781/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikahda olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Az müddətdə münasibətləri korlandığı üçün Neftçala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqların onun yanında qalması və 250 manat aliment məbləği müəyyən olunmuşdur. Sonradan aliment dəyişdirilmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1781/2020 saylı qətnaməsi ilə hər uşağa 150.0 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilmişdir. O işləmir, heç bir yerdən rəsmi gəliri yoxdur. Məlumdur ki, uşaqlar da böyüdükcə, xərcləri artır. Həmçinin oğlu Hüseynin gözündə görmə zəıifliyi və çəplik var. Oğlu təxminən 3 il əvvəl gözündən əməliyyat olunmalıydı. Onun əməliyyatına 1500 manat vəsait tələb olunurdu. Cavabdehdən cəmi 500 manat ödəməsini istədikdə, həmin vəsaiti onun kartına köçürdü. Sonradan isə 2 ay ona aliment ödəmədi. Ad oldu ki, uşağın əməliyyat xərclərinə kömək etdi. Hazırda da, yenə oğlunun gözündə əməliyyat olunmasına ehtiyac var. Mütəmadi də tibbi xərclər çəkməli olur. Məsələn göz eynəyinə orta hesabla hər dəfə 180-230 manat ödəməli olur. Cavabdehə bu hal məlumdur. Göründüyü kimi, bugün uşaqların maddi tələbatlarını və gün-gündən artan xərclərini qarşılamaq üçün alimentin artırılmasına ehtiyacı vardır. Əvvəlki məhkəmə qətnaməsindən artıq 3 il müddət ötmüşdür. Bu müddət ərzində uşaqlar uçun müəyyən oıunmuş yaşayış minimumu bir neçə dəfə artmışdır. Lakin məhkəməyə müraciət etməmişdir. Baxmayaraq ki, uşaqların saxlanması ilə bağlı əlavə xərclər yarandığı halda, cavabdeh həmin xərcləri qarşılamır. Hazırda cavabdeh tərəfindən hər ay uşağın saxlanması üçün ödənilən aliment məbləği kifayət etmir. Eyni zamanda “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış yaşayış minimumu” haqqında qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində, 2023-cü il üçün 220.0 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl “ailə mübahisələri üzrə ilkin mediasiyaya müraciət etmişdir. Cavabdeh mediasiya prossesində iştirakdan imtina edərək, bir daha qəti olaraq aliment ödəməyəcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun əmək haqqı 400 manat təşkil edir, maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. O, ikinci dəfə ailə qurmuşdur. Ona görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1781/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılaraq, cavabdehdən hər ay hər bir uşağa 150 manat olmaqla, ümumiliklə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AA******* SNTBCAV nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 734137 nömrəli, 04 oktyabr 2011-ci il tarixli və AZ-İİİ 551687 nömrəli, 01 sentyabr 2015-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından iki uşaqları var: xx.xx.2011-c il təvəllüdlü X6 və xx.xx.2012- il təvəllüdlü X4. Təqdim olunmuş 23.01.23 il tarixli Respublika Diaqnostika Mərkəzinin çıxarışından görünür ki, X6 xx.xx.2020 il tarixində hər iki gözündən cəpliyə görə əməliyyat olunub. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqlaın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 193 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1781/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 12 sentyabr 2011-ci il təvəllüdlü X3 və 03 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 193 (yüz doxsan üç) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-289/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-289/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver