Məhkəmə qərarları › İş №2(009)-297/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-297/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-297/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-254/2013 saylı, xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri ilə tutulan alimentin dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü övladı X1, xx.xx.2021-ci il təvəllüdlü övladı X3 və xx.xx.2021-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi nisbətində aliment müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-254/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının ¼ hissəsinin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü övladı X3 və xx.xx.2021-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hal-hazırda onun əmək haqqısının yarıdan çox hissəsi 3 övladlarının saxlanılmasına yönəldilmişdir. Rəsmi əmək haqqısı 5000 manat təşkil edir, həmin əmək haqqından 1430 manat Cavabdeh2 və 1600 manat aliment Cavabdeh1 ödənilir. 2 övladının hər birinə hər ay 800 manat, 1 övladına isə iki dəfə çox 1430 manat ödənilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-254/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının ¼ hissəsinin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü övladı X3 və xx.xx.2021-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materialarında olan xx.xx.2022-ci tarixli, MŞB/13-00207 saylı ilkin mediasiya barədə arayışa əsasən İddiaçı iştirak etsə də, Cavabdeh1 iştirak etməkdən imtina etmişdir. İş materialarında olan xx.xx.2022-ci tarixli, MŞB/13-00208 saylı ilkin mediasiya barədə arayışa əsasən İddiaçı iştirak etsə də, Cavabdeh2 iştirak etməkdən imtina etmişdir. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddiaçının mövqeyi və tələbini əsassız sayaraq qeyd edir ki, “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz; tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır; alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. “Elektron informasiya sistemindən” çıxarışdan görünür ki, iddiaçının əmək haqqı 7510 manatdır və hər iki övladı üçün tutulan alimentin məbləği iddiaçının əmək haqqının 70% etmir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərin xeyrinə tutulmuş alimentlər Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğundur. Tutulmaların iddiaçının qazancının müvafiq hissəsinə uyğun aparılması isə icra məmuru tərəfindən icra qanunvericiliyinə uyğun qaydada həyata keçirilməlidir. Bu halda, uşaqları üçün ödənilən alimentin məbləğindən narazı qalan şəxs (aliment alan), alimentin miqdarının dəyişdirilməsi (sabit məbləğdə tutulması və s.) üçün məhkəmədə iddia qaldıra bilər. Odur ki, İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-254/2013 saylı, xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri ilə tutulan alimentin dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü övladı X1, xx.xx.2021-ci il təvəllüdlü övladı X3 və xx.xx.2021-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi nisbətində aliment müəyyən edilməsinə dair tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar