Məhkəmə qərarları › İş №2(009)-309/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-309/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-309/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin («xxxx» İKB ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ASC («xxxx» İKB ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC («xxxx» İKB ASC) xeyrinə kredit müqaviləsi üzrə 8874.42 manat əsas borc, 1201.6 manat faiz borcu və 4880.04 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14956.06 manat borcun və 30 manat dövlət rüsumu tutulması və İddiaçı ASC («xxxx» İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən illik 25 faizlə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2018-ci il tarixli Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. “TBC” Kredit Bank olmayan Kredit Təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış X3 xx xxxxxx 2019-cu il tarixli müqaviləyə 1№-li Əlavə Sazişə əsasən Cavabdeh1 ilə “TBC” Kredit Bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il 01 oktyabradək Cavabdeh1 banka xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 8874.42 manat əsas borc, 1201.6 manat faiz borcu və 4880.04 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14956.06 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Əsas və faiz borcunu qəbul edir, cərimə borcunu isə qəbul etmir. 7 il ərzində 25 krediti olub, ümumilikdə 167000 pul götürüb və vaxtında geri ödəyib. Hal-hazırda pandemiya ilə əlaqədar heç bir gəliri olmadığından borcunu ödəyə bilmir. Borcunu ödəməkdən boyun qaçırmır, sadəcə olaraq vaxt verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən («xxxx» İKB ASC) illik 25 faizlə 36 ay müddətinə 20000 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli, BAKU2-17348-14713 saylı kredit müqaviləsinə görə borcalan tərəfindən kreditor qarşısında öhdəlikləri tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminlər məsuliyyəti öz üzərinə götürmüşdürlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 bank ilə bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 8874.42 manat əsas borc, 1201.6 manat faiz borcu və 4880.04 manat cərimə borcu mövcuddur. İş materiallarında olan AZ-İ№962801 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, gecikdirilmiş 8874.42 manat borca görə 1201.6 manat cərimə (dəbbə pulu) yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 88 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Cavabdeh3 münasibətdə məhkəmə hesab edir ki, zaminlikdə hüquqi varisliyə yol verilmədiyi üçün ona münasibətdə xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilməzsə iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC («xxxx» İKB ASC) ilə Cavabdeh1 arasında bağlanan kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC («xxxx» İKB ASC) xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 8874.42 (səkkiz min səkkiz yüz yetmiş dörd manat qırx iki qəpik) manat əsas, 1201.6 (min iki yüz bir manat altı qəpik) manat faiz, 88 manat cərimə borcu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC («xxxx» İKB ASC) ilə Cavabdeh1 oğlunun arasında bağlanan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC («xxxx» İKB ASC) xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 8874.42 (səkkiz min səkkiz yüz yetmiş dörd manat qırx iki qəpik) manat əsas, 1201.6 (min iki yüz bir manat altı qəpik) manat faiz, 88 manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutulsun. Cavabdeh3 münasibətdə iş üzrə icraata xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar