Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-312/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi X4, cavabdeh Socar “Azneft” İB-nin nümayəndəsi Tural Dilqəm oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nə qarşı (X8 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi yardımın verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi yardımın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 aprel 2021-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixə qədər ödənilməli olan 2650 manat məbləğində maddi yardım pulunun və ödədiyi 46 manat 50 qəpik məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı, xx.xx.1971-ci ildə Siyəzən şəhərində anadan olmuş, xx.xx.1969-cu il təvəllüdlü, Siyəzən şəhər sakini X6 ilə xx.xx.1993-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə beyin ödəmi, Xr.respirator çatmamazlığından ölmüşdür. Övladı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsidir. Mərhum həyat yoldaşının çalışdığı təşkilat AR Dövlət Nelt Şirkəti Nəqliyyat İdarəsi 3 saylı Texnoloji Nəqliyyat Departamentinin tabeliyindədir. “SOCAR”ın işçilərinə maddi yardım verilməsi haqqında” Əsasnamənin 4.1.4-cü bəndinə əsasən təhsil alan övladına təqaüd formasında maddi yardım edilməlidir. Onlar da bu məsələ ilə bağlı idarədə hüquqşunasa müraciət eldilər. Lakin “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq tədris müəssisələrinin işləməməsi və Bakıya giriş-çıxış qadağan edilməsi səbəbindən bir az gec müraciət etdilər. Yəni 1-ci dəfə xx.xx.2020-ci il tarixdə müraciət etdilər. İdarənin hüquqşünası məzuniyyətdə olması ilə əlaqədar müraciəti baxılmamış qaldı. 2-ci dəfə xx.xx.2020-ci il tarixdə müraciət etdilər və onlara bildirildi ki, maddi yardım yoldaşının vəfat etdiyi tarixdən təyin olunacaq. Hesablarına 2020-ci ilin oktyabr ayında yalnız bir aylıq vəsait daxil oldu. Bu məsələ ilə əlaqədar yoldaşının vəfat etdiyi tarixdən maddi yardım verilməsini ARDNŞ Nəqliyyat İdarəsi 3 saylı TND tərəfindən göndərilən Rİ1- 01-06/699, 30.1 1.2020-ci il tarixli cavab məktubunda qeyd olunub ki, “SOCAR”ın işçilərinə maddi yardım verilməsi haqqında” Əsasnamə”nin 4.1.4-cü bəndinə əsasən maddi yardım verilmişdir. Əsasnaməyə edilmiş dəyişikliyə əsasən müraciətlər hər hansı bir səbəbdən 3 aydan çox gecikdirilərsə maddi yardım ölüm hadisəsinin baş verdiyi və ya təhsilin başladığı vaxtdan deyil, müraciətə baxılan maddi yardım komissiyasının qərarının qüvvəyə mindiyi tarixdən hesablanır. Həmin dəyişikliyə əsasən də yoldaşı X1 vəfat etdiyi tarixdən maddi yardımın verilməsi mümkün deyildir. Necə ola bilər ki, idarə yoldaşının vəfatını bilir, bilir ki, övladına görə ona maddi yardım ödənilməilidir. Niyə görə onun müraciətini gözləyir? Hansı ki, yuxarıda da qeyd etdiyi kimi pandemiya dövrü idi. Karantinin ən sərt vaxtları idi. Heç bir yer işləmirdi, hərəkət dayanmışdı. Bundan başqa, əgər onun hüquqi savadı yoxdursa, o hüquqlarını bilmirsə, şirkət belə bir əsasnamə olduğu halda, belə hüququnun olduğunu bildiyi halda, nə üçün maddi yardimın verilməsi ilə bağlı onun müraciətini gözləyirdi. Onun hüquqlarının pozulmasına nə üçün göz yummalı idi. Maddi yardım verilməsi tələbi ilə Mediasiya Şurasına müraciət etmişdir və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/S - 01103 saylı, xx.xx.2022-ci il tarixli arayış almışdır. xx.xx.2022-ci il tarixdə Milli Ön vasitəsilə 65 (altımış beş) manat ödəniş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim Dövlət Neft Şirkətinin “Azneft” İB-nin cavabdeh qismində cəlb edilməsini, 03 aprel 2021-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixə qədər ödənilməli olan 2650 manat məbləğində maddi yardım pulunun və ödədiyi 46 manat 50 qəpik məbləğində dövlət rüsumunun cavabdeh Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən və Dövlət Neft Şirkətinin “Azneft” İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, yoldaşının ölümü haqqında şəhadətnamə aprel ayının əvvəlində Siyəzən rayonunda müvafiq idarəyə təqdim edilmiş, lakin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi olduğu üçün yollar bağlanmış, tədris isə online rejimə keçmişdir, buna görə də qızı təhsil aldığı universitetə aprel ayında gəlib təhsil almasına dair zəruri arayışı vaxtında alıb cavabdeh təşkilata təqdim edə bilməmişdir. Sentyabr ayında xəstəliyi ilə əlaqədar həkimdən arayış almış və Bakı şəhərinə gələ bilmişdir, bu zaman universitetə də gedib arayış alıb sentyabr ayının sonunda cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsinə təqdim etmiş, oktyabr ayından başlayaraq isə ödəniş edilməyə başlanılmışdır. Zəruri sənədlərdən hər hansı birinin 3 aydan gec təqdim ediləcəyi təqdirdə, onlara ödənişin sənədin təqdim edildiyi vaxtdan ödənilməyə başlanılacağı barədə məlumat verilməmişdir. İddia tələbini müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 bildirmişdir ki, atasının ölümü haqqında şəhadətnamə aprel ayının əvvəlində Siyəzən rayonunda müvafiq idarəyə təqdim edilmiş, lakin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi olduğu üçün yollar bağlanmış, tədris isə online rejimə keçmişdir, buna görə də o, təhsil aldığı universitetə aprel ayında gəlib təhsil almasına dair zəruri arayışı vaxtında alıb cavabdeh təşkilata təqdim edə bilməmişdir. Sentyabr ayında xəstə olduğu üçün həkimdən arayış almış və Bakı şəhərinə gələ bilmişdir, bu zaman universitetə də gedib arayış alıb sentyabr ayının sonunda cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsinə təqdim etmiş, oktyabr ayından başlayaraq isə ödəniş edilməyə başlanılmışdır. Zəruri sənədlərdən hər hansı birinin 3 aydan gec təqdim ediləcəyi təqdirdə, ödənişin sənədin təqdim edildiyi vaxtdan ödənilməyə başlanılacağı barədə onlara məlumat verilməmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi X9, iddia ərizəsinə etiraz etmiş və etiraz ərizəsindən göstərmişdir ki, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinə qarşı “maddi yardım verilməsi” tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsaslanaraq iddia əsassız hesab edilib rədd olunmalıdır: Belə ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ərizə ilə Nəqliyyat İdarəsinin 3 saylı texnoloji nəqliyyat departamentinin rəhbərliyinə müraciət edərək həmin departamentin işçisi olmuş mərhum həyat yoldaşı X2 vəfatı ilə əlaqədar olaraq maddi yardım göstərilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər departamentdə fəaliyyət göstərən maddi yardım komisiyasının iclasında baxılmış və komissiyanın 09 saylı protokolu ilə İddiaçı müraciətini və təstiqləyici sənədləri nəzərə alaraq SOCAR və ANQSİHİRK-in xx.xx.2010-cu il tarixli 101/09-18ə saylı əmr- qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə maddi yardımların verilməsi haqqında Əsasnamə”nin 4.1.4. bəndinə əsasən (işçi vəfat etdikdə onun azyaşlı uşaqlarına görə 18 yaşınadək, əyani təhsil aldıqda 23 yaşınadək) ayda Respublika üzrə minimum əmək haqqının 2,5 misli (625,00 AZN) miqdarında maddi yardım təyin edilmişdir. SOCAR-ın SOCAR**********00030020A00003 nömrəli 10 Aprel 2017-ci il tarixli SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında ƏMR-QƏRAR-nın 3.7 bəndində əsasən Əsasnamənin 4.1.3. və 4.1.4. bəndlərində nəzərdə tutulan hallar üzrə müraciətlər, həmçinin müvafiq təsdiqləyici sənədlərin təqdim olunması vəfat edənin ailə üzvləri tərəfindən hər hansı bir səbəb üzündən 3 (üç) aydan çox gecikdirilərsə, maddi yardım ölüm hadisəsinin baş verdiyi və ya təhsilin başladığı tarixdən deyil, müraciətə baxan maddi yardım komissiyasının qərarının qüvvəyə mindiyi tarixdən hesablanır. Odur ki, İddiaçı ödənilən maddi yardımın hesablanıb ödənilməsində SOCAR və ANQSİHİRK-in xx.xx.2010-cu il tarixli 101/09-18ə saylı əmr-qərarı təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə maddi yardımların verilməsi haqqında Əsasnamə”nin tələblərinə və SOCAR-ın SOCAR171Q0003030Q030020A00003 nömrəli 10 Aprel 2017-ci il tarixli SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında ƏMR-QƏRAR-nın 3.7 bəndində uyğun ödənilmişdir. xx.xx.2020-ci il tarixindən Nəqliyyat İdarəsinin 3 saylı texnoloji nəqliyyat departamenti “Azneft” İB-nin tabeçiliyinə verilmişdir. Odur ki, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinə qarşı “maddi yardım verilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Socar “Azneft” İB-nin nümayəndəsi Tural Dilqəm oğlu iddia ərizəsinə etiraz etmiş və etiraz ərizəsindən göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ərizə ilə Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin rəhbərliyinə müraciət edərək həmin departamentin işçisi olmuş mərhum həyat yoldaşı X2 vəfatı ilə əlaqədar olaraq maddi yardım göstərilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər departamentdə fəaliyyət göstərən maddi yardım komisiyyasının iclasında baxılmış və komissiyanın 09 saylı protokolu ilə İddiaçı müraciətini və təstiqləyici sənədləri nəzərə alaraq SOCAR və ANQSİHİRK-in xx.xx.2010-cu il tarixli 101/09-18ə saylı əmrqərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə maddi yardımların verilməsi haqqında Əsasnamə”nin 4.1.4. bəndinə əsasən (işçi vəfat etdikdə onun azyaşlı uşaqlarına görə 18 yaşınadək, əyani təhsil aldıqda 23 yaşınadək) ayda Respublika üzrə minimum əmək haqqının 2,5 misli (625,00 AZN) miqdarında maddi yardım təyin edilmişdir. xx.xx.2020-ci il tarixindən əvvəl İddiaçı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə maddi yardımların verilməsi haqqında Əsasnamə”nin 4.1.4. bəndinə əsasən maddi yardım verilməsi barədə Nəqliyyat İdarəsi 3 saylı Texnoloji Nəqliyyat Departamentinə müraciət etməmişdir. SOCAR-ın SOCAR**********00030020A00003 nömrəli 10 Aprel 2017-ci il tarixli SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında ƏMR- QƏRAR-nın 3.7 bəndində əsasən Əsasnamənin 4.1.3. və 4.1.4. bəndlərində nəzərdə tutulan hallar üzrə müraciətlər, həmçinin müvafiq təsdiqləyici sənədlərin təqdim olunması vəfat edənin ailə üzvləri tərəfindən hər hansı bir səbəb üzündən 3 (üç) aydan çox gecikdirilərsə, maddi yardım ölüm hadisəsinin baş verdiyi və ya təhsilin başladığı tarixdən deyil, müraciətə baxan maddi yardım komissiyasının qərarının qüvvəyə mindiyi tarixdən hesablanır. Odur ki, İddiaçı ödənilən maddi yardımın hesablanıb ödənilməsində SOCAR və ANQSİHİRK-in xx.xx.2010-cu il tarixli 101/09-18ə saylı əmr-qərarı təsdiq edilmiş ‘Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə maddi yardımların verilməsi haqqında Əsasnamə”nin tələblərinə və SOCAR-ın SOCAR**********00030020A00003 nömrəli 10 Aprel 2017-ci il tarixli SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında ƏMR-QƏRAR-nın 3.7 bəndində uyğun ödənilmişdir. xx.xx.2020-ci il tarixindən Nəqliyyat İdarəsinin 3 saylı texnoloji nəqliyyat departamenti “Azneft” İB-nin tabeçiliyinə verilmişdir. Odur ki, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinə qarşı “maddi yardım verilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 054429 nömrəli, 03 aprel 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci il tarixində ölmüşdür. - 335956 nömrəli, xx.xx.1993-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx.xx.1993-cü il tarixində nikah bağlamışlar. Nikahdan bağlanannan sonra arvada “Hüseynova” soyadı verilmişdir. - AZ-İ 057143 nömrəli, 30 dekabr 1999-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1999-cu il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında İddiaçı qeyd edilmişdir. - İddiaçı Socar Nəqliyyat İdarəsi 3 saylı Texnoloji Nəqliyyat Departamentinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, yoldaşı X6 rəhmətə getdiyi üçün uşağın saxlanmasına görə maddi yardım verilməsinə kömək göstərilməsini xahiş etmişdir. - Socar Nəqliyyat İdarəsi 3 saylı Texnoloji Nəqliyyat Departamentinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, SOCAR-ın işçilərinə maddi yardımın verilməsi haqqında Əsasnamə” nin 4.1.4 bəndinə əsasən maddı yardım verilmişdir. SOCAR-ın "SOCAR**********00030020A00003 nömrəli 10 Aprel 2017 ci ıl tarixli ‘‘SOCAR-ın işçilərinə maddi yardımın verilməsi haqqında Əsasnamə" yə dəyişiklik edilməsi haqqında ƏMR-QƏRAR-nın 3.7 bəndinə əsasən Əsasnamənin 4.1.3 və 4 1.4 bəndlərində nəzərdə tutulan hallar üzrə müraciətlər, həmçinin müvafiq təsdiqləyicı sənədlərin təqdim olunması vəfat edənin ailə üzvləri tərəfindən hər hansı bir səbəb üzündən 3 (üç) aydan çox gecikdirilərsə, maddi yardım ölüm hadisəsinin baş verdiyi və ya təhsilin başladığı tarixdən deyil, müraciətə baxan maddi yardım komissiyasının qərarının qüvvəyə mindiyi tarixdən hesablanır. Yuxarıda qeyd edilənlərə və ‘‘SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən həyat yoldaşı X2 vəfat etdiyi gündən maddi yardımın hesablanması mümkün deyildir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları il əmüəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçisi olmuş X6 xx.xx.2020-ci il tarixində ölmüş, iddiaçı, mərhumun həyat yoldaşı İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Nəqliyyat İdarəsinin 3 saylı texnoloji nəqliyyat departamentinin rəhbərliyinə müraciət edərək həmin departamentin işçisi olmuş mərhum həyat yoldaşının vəfatı ilə əlaqədar olaraq maddi yardım göstərilməsini xahiş etmişdir. İşin materiallarından görünür ki, təqdim edilmiş sənədlər departamentdə fəaliyyət göstərən maddi yardım komisiyyasının iclasında baxılmış və komissiyanın 09 saylı protokolu ilə İddiaçı müraciətini və təstiqləyici sənədləri nəzərə alaraq SOCAR və ANQSİHİRK-in xx.xx.2010-cu il tarixli 101/09-18ə saylı əmr- qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə maddi yardımların verilməsi haqqında Əsasnamə”nin 4.1.4-cü bəndinə əsasən (işçi vəfat etdikdə onun azyaşlı uşaqlarına görə 18 yaşınadək, əyani təhsil aldıqda 23 yaşınadək) ayda Respublika üzrə minimum əmək haqqının 2,5 misli (625,00 AZN) miqdarında maddi yardım təyin edilmişdir. Hazırda iddiaçı xx.xx.1993-cü ildən rəsmi nikahda olduğu X3 xx.xx.2020-ci il tarixdə vəfatından sonra “SOCAR”ın işçilərinə maddi yardım verilməsi haqqında” Əsasnamənin 4.1.4-cü bəndinə əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kursunda təhsil alan övladına təqaüd formasında maddi yardım edilməli olmasını və bu yardımın 03 aprel 2021-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixə qədər ödənilməmiş olan 2650 manat məbləğ olmasını iddia edir. Cavabdeh tərəf “SOCAR”ın işçilərinə maddi yardım verilməsi haqqında” Əsasnamə”nin 4.1.4-cü bəndinə əsasən maddi yardım verilməli olmasını təsdiq etsələr də, iddiaya etirazlarının əsası kimi sözügedən «Əsasnamə»yə edilmiş dəyişikliyə əsasən müraciətlərin hər hansı bir səbəbdən 3 aydan çox gecikdirildiyi təqdirdə maddi yardımın ölüm hadisəsinin baş verdiyi və ya təhsilin başladığı vaxtdan deyil, müraciətə baxılan maddi yardım komissiyasının qərarının qüvvəyə mindiyi tarixdən hesablanmasına istinad edərək X2 vəfat etdiyi tarixdən maddi yardımın verilməsinin mümkün olmamasını göstərmişlər. İddiaçı hesablarına 2020-ci ilin oktyabr ayında yalnız bir aylıq vəsait daxil olandan sonra və bu məsələ ilə əlaqədar yoldaşının vəfat etdiyi tarixdən maddi yardımın verilə bilməməsinə dair ARDNŞ Nəqliyyat İdarəsi 3 saylı TND tərəfindən göndərilən Rİ1-01- 06/699, xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunanlara əsasən hüquqlarının pozulmasını hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə iddiaçının dəlillərinə qiymət verərək ilk öncə qeyd etməyi zəruri sayır ki, SOCAR və ANQSİHİRK-in xx.xx.2010-cu il tarixli 101/09-18ə saylı əmr- qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə maddi yardımların verilməsi haqqında Əsasnamə”nin dəyişiklik edilməyən və qüvvədə olan 2.1 bəndində göstərilmişdir ki, maddi yardım müəssisə və təşkilatların sərəncamında olan sərbəst mənfəət və yaxud təsdiq edilmiş smetaya uyğun olaraq idarəetmə aparatının və təşkilatların saxlanması xərcləri hesabına bu məqsədlər üçün xüsusi yaradılmış fonddan ödənilir. Göründüyü kimi, bu maddi yardım qanunlarla və ya digər formada dövlət tərəfindən müəyyən edilmiş qaydalarla deyil, sırf SOCAR və ANQSİHİRK-in öz təşəbbüsləri ilə təsdiq etdikləri «Əsasnamə» əsasında həyata keçirilir. Başqa sözlə, «Əsasnamə»də nəzərdə tutulan ödənişlərin verilməsi işçilərin əmək nailiyyətləri ilə şərtləndirilməyərək yalnız onların şəxsi ailə vəziyyətində yaranan çətinliklərlə əlaqədardır ki, bu da imperativ xarakter daşımır. Qeyd edilən Əsasnaməyə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Əmr- Qərarnın 3.7-ci bəndinə əsasən Əsasnamənin 4.1.3. və 4.1.4-cü bəndlərində nəzərdə tutulan hallar üzrə müraciətlər, həmçinin müvafiq təsdiqləyici sənədlərin təqdim olunması vəfat edənin ailə üzvləri tərəfindən hər hansı bir səbəb üzündən 3 (üç) aydan çox gecikdirilərsə, maddi yardım ölüm hadisəsinin baş verdiyi və ya təhsilin başladığı tarixdən deyil, müraciətə baxan maddi yardım komissiyasının qərarının qüvvəyə mindiyi tarixdən hesablanır. İddiaçı həyat yoldaşının vəfatından sonra “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq tədris müəssisələrinin işləməməsi və Bakıya giriş-çıxışın qadağan edilməsi səbəbindən bir az gec, yəni xx.xx.2020-ci il tarixdə müraciət etməsini, lakin İdarənin hüquqşünasının məzuniyyətdə olması ilə əlaqədar müraciətinin baxılmamış qalmasını, xx.xx.2020-ci il tarixdə təkrar müraciət etməsini, onlara maddi yardımın yoldaşının vəfat etdiyi tarixdən təyin olunacağının bildirilməsini göstərsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ərinin vəfatından sonra ölüm haqqında şəhadətnamə cavabdeh təşkilata vaxtında təqdim edilsə də, qızının təhsil almasını təsdiq edən arayışın təqdim olunması 3 (üç) aydan çox gecikdirilmişdir. İddiaçı mərhum həyat yoldaşının işlədiyi idarənin onun vəfatını bildiyi halda, öldüyü tarixdən də övladına görə ona maddi yardım ödənilməli olması, sənədlərin gec təqdim olunmasını isə pandemiya dövründə karantin rejiminin ən sərt vaxtları ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, bu hallar maddi yardımın ərinin vəfat etdiyi tarixdən ödənilməsi üçün əsas yaratmır. Belə ki, ərinin öldüyü tarixdən sonrakı 3 ay pandemiya dövrünə, karantin rejiminin ən sərt vaxtlarına, tədrisin online rejimdə aparılmasına təsadüf etsə də belə, iddiaçı və ya qızı sonuncunun təhsil almasını təsdiq edən arayışı internet resurslarından- elektron poçt və rabitə müəssisələrinin – poçt xidmətlərindən istifadə edərək də əldə etməyə cəhd edə bilərdi. Lakin, iddiaçı tərəf belə bir cəhd edilməsi və nəticə əldə edilməməsi barədə sübutları da məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının gec müraciət etməsinə baxmayaraq cavabdehlərin öz təşəbbüsləri ilə onun ərinin öldüyü vaxtdan maddi yardımı hesablayıb verməli olmalarına dair tələbləri əvvəla cavabdehlərin özlərinin təsdiq etdikləri «Əsasnamə»nin tələblərinə zidd olardı. İkincisi də müəyyən edilmişdir ki, iddiaçı belə bir yardımın verilməsini bilirdi və özünün də etirafına görə pandemiya dövründə karantin rejiminin ən sərt vaxtları olduğu üçün müvafiq sənədləri təqdim edə bilmirdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçının ərinin ölməsi barədə vaxtında məlumatlı olsa da, iddiaçının müvafiq sənədləri təqdim etmədiyi halda mərhumun ölüm tarixindən hesablanaraq maddi yardımın ödəməli olması kimi vəzifə daşımır. Yuxarıda da qeyd edildiyi kimi maddi yardım yalnız Əsasnamənin tələblərinə uyğun sənədlərin ailə başçısının vəfatından sonra 3 aydan gec olmayaraq təqdim edilməsi halında ödənilə bilərdi ki, iddiaçı zəruri arayışı xx.xx.2020-ci il tarixli müraciətinə əlavə edərək təqdim etmiş və “Əsasnamə”nin 4.1.4-cü bəndinə əsasən cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsi haqlı olaraq oktyabr ayından başlayaraq ayda Respublika üzrə minimum əmək haqqının 2,5 misli (625,00 AZN) miqdarında maddi yardım ödəməyə başlamışdır. Başqa sözlə, məhkəmənin qənaətinə görə cavabdeh tərəf 03 aprel 2021-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixə qədər 2650 manat məbləğində maddi yardım pulunu ödəməyə borclu olmamaqla, iddiaçı qarşısında belə bir öhdəliyi olmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir hüququnun pozulması halı müəyyən edilmədiyindən və hər hansı qanuna zidd hallara yol verilmədiyindən iddia əsaslı sayıla bilməz, buna görə də rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-312/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-312/2023
20.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver