Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-313/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı ASC-nin ("xxxx" İKB ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ("xxxx" İKB ASC) Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC ("xxxx" İKB ASC) xeyrinə kredit müqaviləsi üzrə 575.9 manat əsas, 120.96 manat faiz borcun və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh 15.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 36 ay müddətinə 913 manat məbləğində kredit verilmişdir. "xxxx" Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 811 nömrəli 10 may 2018-ci il tarixli 004 müqaviləyə 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il noyabrın 26-dək Cavabdeh banka 15.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 575.9 manat əsas, 120.96 manat faiz borcu olmaqla ümumilikdə cəmi 696.86 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işin materiallarında olan, 15 sentyabr 2019-cu il tarixli, 15-0***-******* nömrəli kredit müqaviləsinə əsasən Kreditor Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında bu Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydada kreditdən verməsi, Borcalan isə bu Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə kreditdən istifadə etməsi, habelə krediti və kreditlə hesablanmış faizləri Kreditora ödənilməsinə dair pul öhdələyir. Borcalan bu müqaviləni imzalamaqla razılaşır ki, kredit vəsaiti Borcalanın ödəniş tapşırığına əsasən, Kreditor tərəfindən borcalanın əldə edəcəyi istehlak mal(lar)ının müqabilində həmin malların satışını həyata keçirən satıcının hesabına nağdsız qaydada köçürülməsi yolu ilə verilir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Kreditor Borcalana bu Müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada 913 manat məbləğində kredit verir. Kredit 36 ay müddətinə verilir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 35% dərəcəsi ilə hesablanan məbləği ödəyir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180% dərəcəsilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. Müqavilənin 3-cü bəndinə əsasən Kreditor borc məbləğini Borcalanın imzalanmış yazılı ərizəsi və ödəniş tapşırığı əsasında köçürmə yolu ilə ilə istehlak mallarının satışını həyata keçirən Satıcının hesabına mədaxil edir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini Kreditor və Borcalan arasında yazılı şəkildə tərtib edilmiş və (Əlavə 1) Müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Kredit üzrə faizlər kreditin Borcalana verildiyi gündən həmin vəsaitin qalıq məbləğinin Kreditora tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Həmin müqavilənin 4-cü bəndində müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarılmasını tələb etmək hüququ, Borcalanın isə ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Kreditora vaxtında ödəmək vəzifəsi qeyd edilir. Kredit müqaviləsinin 6-cı bəndində borcalan tərəfindən krediti və hesablanmış faizlərin ödəniş qrafikinə uyğun ödənilməməsi, Borcalanın bu Müqavilədən irəli gələn vəzifələrini icra etməməsi və lazımnca icra etməməsi halında Kreditorun verdiyi krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını Borcalandan tələb etmək hüququ göstərilir. Müqavilənin 8-ci bəndinə əsasən Müqavilə tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin nu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Mülki işdə olan, ödəniş cədvəlində (Əlavə 1) tərəflər arasında kreditin və ona hesablanmış faizlərin 15.10.2019-cu il tarixdən başlayıb 15.09.2022-ci il tarixdə bitməli olmasını göstərilmişdir. Həmin cədvəldən həmçinin aydın olur ki, borcalan 36 ay müddətinə aylıq 41.30 manat məbləğində ödəniş etməli idi. Mülki iş materiallarında olan maliyyə arayışından aydın olur ki, Cavabdeh 26.11.2021-ci il tarixə "xxxx" İKB ASC-yə 575.9 manat əsas, 120.96 manat faiz borcu yaranmışdır. İş materiallarında olan 18.11.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilən 10.05.2018-ci il tarixli "xxxx" bank olmayan kredit təşkilatı və "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli müqaviləyə əsasən Borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə ödənilməmiş faizləri, həmçinin ödənilməmiş və artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq sahibi güzəşt edir, Hüquq əldə edən isə hüquqları qəbul edir. İş materiallarında olan 18.09.2019-cu il tarixli tələb hüququnun güzəşt olunmasına dair hüquqların ötürülməsi barədə saziş № 811-də Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun tələb hüququnun "xxxx" İKB ASC-yə ötürüldüyü göstərilir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 741-ci maddələrinə əsasən, iddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə 575.9 manat əsas, 120.96 manat faiz borcun tutulması tələbini irəli sürməkdə haqlıdır. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında 15 sentyabr 2019-cu il tarixdə faizlər hesablanmaq şərti ilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə uyğun olaraq bank tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə müvafiq məbləğdə kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin 575.9 manat əsas, 120.96 manat faiz borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Odur ki, iddiaçının cavabdehə qarşı qeyd edilən məbləğlərdə tələbləri müqavilə hüququ çərçivəsində dəyərləndirildikdə əsaslıdır. Belə ki, MM-in 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəlləsinin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Sadalanan hüquq normalarının tələblərinə və müqavilənin şərtlərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh "xxxx" MMC bank olmayan kredit təşkilatından aldığı kredit üzrə əsas borcu, faiz və cərimə borclarının iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu ilə bağlı tələbləri tam əsaslıdır. İş materiallarında olan ********* nömrəli mədaxil qəbzindən məhkəməyə müraciət üçün müəyyən edilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı tərəfindən ödənildiyi aydın olur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə yaranmış 575.9 manat əsas, 120.96 manat faiz borcu və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC ("xxxx" İKB ASC) xeyrinə 575.9 manat əsas, 120.96 manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-313/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-313/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver