Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-316/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Uğur Fatimə Mehmet qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndə və vəkili Nümayəndə4 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh "xxxx" ASC-nin xeyrinə 01 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 08 sentyabr 2020-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək 6966.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 6966.15 manat məbləğində borcun və 89.66 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “MXM” filialından 60 ay müddətinə 220000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı 228.45 kv.m ümumi, 135.78 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzili 2014-cü il 01 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. "xxxx" ASC 22 sentyabr 2020-ci il tarixdə Cavabdeh 08 sentyabr 2020-ci il tarixli maliyyə arayışı üzrə 61945.72 manat əsas, 11907.23 manat faiz, 12932.1 manat cərimə borcunun və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3678.9 manat məbləğində əldən çıxmış faydanın bankın xeyrinə tutulması ilə bağlı Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda 01 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün 08 sentyabr 2020-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 6966.15 manat məbləğində əldən çıxmış fayda olaraq borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilə qədər illik 5%-lə hesablanmış 9279,65 manat əldən çıxmış fayda olaraq borcun və 112,80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, onun banka gecikməsi olmayıb. O, vaxtı vaxtında kredit borcunu ödəmişdir. Bankın özünün qanunsuz əməlləri nəticəsində əsassız olaraq onu gecikməyə salaraq ondan əlavə pul tələb edir. Belə ki, bank özbaşına faiz dərəcəsini qaldıraraq və ona məlumat vermədən onun vəziyyətini pisləşdirmişdir. Bu da qanunsuz və əsassızdır. Bununnla bağlı məhkəmə çəkişməsi olmuş və məhkəmənin qərarı ilə Bankın iddiası təmin edilməmişdir. İddiaçı bank ilk əvvəl kredit müqaviləsi üzrə kredit borcu və borcun ipotekaya yönəldilməsi tələbinə dair iddia ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Tələbləri 90.000 manat olduğu halda ümumilikdə 28934,47 manat, əsas borc üzrə isə 21.788 manat hissəsi təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə onun da doğru hesab etdiyi borc, yəni 21.788 manat əsas borc təmin edilmişdir. Göründüyü kimi, Ali Məhkəmənin qərarı ona xx.xx.2023-cü il tarixdə təqdim edildikdən 1 gün sonra borcunu tam ödəmişdir. İlkin olaraq o, Banka qarşı iddia qaldırmış və əsassız hesablanmış 70.000 manatın silinməsini tələb etmişdir. Bu məhkəmə prosesləri Nəsimi Məhkəməsində olmuş və müvafiq muhasibatlıq ekspertizasının rəylərinə əsasən əsas və faiz borcunun 23.000 manatdan çox olmaması müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1910/2023 saylı qətnaməsinin 10 səhifəsinin 33-cü bəndində yuxarıda qeyd edilən hallar öz təsdiqini tapmışdır. Yəni nəticə etibarı ilə onun borcunun ödənilməməsinə yönəlik hər hansı hərəkət və hərəkətszliyi olmamışdır. Məhz bankın əsassız daha artıq vəsait tələb etməsi səbəbinndən müqavilə müddəti bitəndən müəyyən müddət sonra, yəni yekun məhkəmə qərarına əsasən borc tam bağlanmışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1910/2023 saylı qətnaməsi ilə əldən çıxmış fayda təmin edilmiş və Cavabdeh 5 faiz hesablanmaqla 3680 manat pulun tutulması təmin edilmişdir. Bu da iddiaçının hazırda tələb etdiyi dövrləri nəzərə alınsa, 21788 manata illik 5% faiz hesablamadan daha çoxdur. Yəni o, iddiaçı Banka 5% hesabalanmaqla müəyyən olunan rəqəmdən daha çox ödəniş etmişdir. Belə ki, iddiaçının iddia tələbi əsas borca xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% əldən çıxmış faydanın ödənilməsidir. 21788 manat * 5%=1090 manat bu 1 illik hesablanası məbləğdir. Nəzərə alınsa ki, iddiaçı bank 3 illik vəsaiti tələb edir (halbuki, tələb də edə bilməz çünki borcun ödənilməməsində özü günahkar olmuşdur), bu da ümumilikdə 3270 manat edir. Yəni bankın iddiaçı Cavabdeh əldən çıxmış faydaya görə ümumilikdə 3270 manatdan artıq pul tələb etməsi əsassızdır. Nəzərə də alınsa ki, o, iddiaçı Banka əldən çıxmış faydaya görə 3860 manat ödəyib, belə olan halda onun Bankdan pul tələb etməsi hüququ vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə 220000 manat məbləğində kredit verilmişdir. Cavabdeh əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla - 6966.15 manat borcu vardır. İş materiallarında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-205/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh, X3 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli G-2-1-1295-14 saylı kredit müqaviləsinə əsasən 21.788,14 manat əsas borc, 1.207,43 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 23055,57 (iyirmi üç min əlli beş manat əlli yeddi qəpik) manat məbləğində pul tutulması, Cavabdeh tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 5,78 kv.m. yaşayış sahəsindən ibarət 8 saylı evin 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 684.000 (altı yüz səksən dörd min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cabdehlər Cavabdeh, X5 və X1 həmin mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin 2(009)-205/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən əldən çıxmış fayda və cərimə hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, əldən çıxmış faydanın tutulmasına dair iddia tələbinin təmin, cərimənin tutulmasına dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə 3.678,9 (üç min altı yüz yetmiş səkkiz manat doqquz qəpik) manat əldən çıxmış fayda, 2200 (iki min iki yüz) manat cərimənin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cərimənin tutulması hissəsində iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin hazırki apellyasiya baxışının predmeti olan və mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın əsas, faiz və cərimə borcları üzrə təmin olunmamış hissələrində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 300.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Təqdim olunmuş "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 4-21/3962-23 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun Banka olan borcunun 28874,47 manat olması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qət edilmiş borc məbləği onun tərəfindən ödənilmişdir. Təqdim olunmuş "xxxx" ASC-nin 20-145113-109 nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh kreditə görə 28876 (iyirmi səkkiz min səkkiz yüz yetmiş altı) manat ödəmişdir. Təqdim olunmuş Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X4 xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcraata xitam verilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğu üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-205/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə əsas borcu 21.788,14 manat, faiz borcu 1.207,43 manat olmaqla cəmi borcu 22995,57 manat müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə 3678,9 manat əldən çıxmış fayda və 2200 manat cərimənin tutulması, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faiz borcu hissəsində dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın əsas, faiz və cərimə borcları üzrə təmin olunmamış hissələrində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh "xxxx" ASC-yə xx.xx.2014-cü il tarixli G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə 28876 manat məbləğində borcunu ödədiyi üçün Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X4 xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata 17 oktyabr 2023-cü il tarixli qərarla xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilə qədər illik 5%-lə hesablanmış 9279,65 manat əldən çıxmış fayda olaraq borcun tutulması barədə iddia qaldırmaqda haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-316/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-316/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver