Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-327/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 aprel 2023cü il tarixli kredit müqaviləsi üzrə 9129.27 manat əsas borc, 433.64 manat faiz borcu və 13.01 manat cərimə borcu olmaqla, ümumilikdə 9575.92 manat borcun və 115.76 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh 27 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18.3 faizlə 36 ay müddətinə 9990 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 11 dekabr 2023-dək Cavabdeh banka 27 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9129.27 manat əsas borc, 433.64 manat faiz borcu və 26.01 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9588.92 manat borcu vardır. Cavabdeh 27 aprel 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 26.01 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-ı miqdarında olmaqla, yəni 13.01 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iş həcminin çoxluğunu nəzərə alaraq baxış iclasının iştirakları olmadan keçirilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, lakin borcunu hissə-hissə ödəməyə imkanı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə X1 № 1-dən görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 18,3 faiz dərəcəsi ilə 9990 (doqquz min doqquz yüz doxsan) manat məbləğində istehlak kredit verilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC müştərisi olan Cavabdeh xx.xx.2023-cü il tarixli 11-Y- 1-0-1170-23 saylı kredit müqaviləsi üzrə əsas borcu 9129.27 manat, faiz borcu 433.64 manat, cərimə borcu 26.01 manat olmaqla, cəmi 9588.92 (doqquz min beş yüz səksən səkkiz manat doxsan iki qəpik) manat borcu mövcuddur. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC müştərisi olan Cavabdeh xx.xx.2023-cü il tarixli 11-Y- 1-0-1170-23 saylı kredit müqaviləsi üzrə əsas borcu 9010.47 manat, faiz borcu 702.51 manat, cərimə borcu 257.61 manat olmaqla, cəmi 9970.59 (doqquz min doqquz yüz yetmiş manat əlli doqquz qəpik) manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC cavabdehdən borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində X2 tam ödəməyi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 11-Y-1-0- 1170-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18,3 faiz dərəcəsi ilə 9990 (doqquz min doqquz yüz doxsan) manat məbləğində istehlak kredit verilmişdir. Cavabdeh öhdəliyini vaxtında və lazımınca icra etməmiş və nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə «Yelo Bank” ASC-yə 9129.27 manat əsas borcu, 433.64 manat faiz borcu, 13.01 manat cərimə borcu olmaqla, cəmi 9575.92 (doqquz min beş yüz yetmiş beş manat doxsan iki qəpik) manat borcu yaranmışdır. İddiaçı yaranmış borc məbləğinin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, 09 fevral 2023-cü il tarixə Cavabdeh 9010. 47 manat əsas borc, 702.51 manat faiz borcu, 257.61 manat cərimə borcu olmaqla, cəmi 9970.59 (doqquz min doqquz yüz yetmiş manat əlli doqquz qəpik) manat borcu mövcuddur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, cavabdehin əsas borcunun məbləğinin hazırda 9010.47 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh 9010.47 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə faiz borcu və cərimə borcu ilə bağlı qeyd edir ki, həmin hissədə borc iddia tələbi həcmində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən kakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 115.76 (bir yüz on beş manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun 114.57 (bir yüz on dörd manat əlli yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 1.19 (bir manat on doqquz qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı «Yelo Bank” ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9010.47 manat əsas borc, 433.64 manat faiz borcu, 13.01 manat cərimə borcu olmaqla, cəmi 9457.12 (doqquz min dörd yüz əlli yeddi manat on iki qəpik) manat borc və ödənilmiş 115.76 (bir yüz on beş manat yetmiş altı qəpik) manat dövlət rüsumunun 114.57 (bir yüz on dörd manat əlli yeddi qəpik) manat hissəsi tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 1.19 (bir manat on doqquz qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı «Yelo Bank” ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9010.47 (doqquz min on manat qırx yeddi qəpik) manat əsas borc, 433.64 (dörd yüz otuz üç manat altmış dörd qəpik) manat faiz borcu, 13.01 (on üç manat bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 9457.12 (doqquz min dörd yüz əlli yeddi manat on iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 114.57 (bir yüz on dörd manat əlli yeddi qəpik) manat hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-327/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-327/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver