Məhkəmə qərarları › İş №2(009)-329/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-329/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-329/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolunda yerləşən 16 saylı evin 109 nömrəli mənzilinə su sızıntısı nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 2030 (iki min otuz) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin, 109 nömrəli mənzili 2019-cu il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin binanın 113 nömrəli mənzili onun mənzilinin üst mərtəbəsində yerləşir və Cavabdeh məxsusdur. Onun mənzilində hazırda heç kim yaşamır. O, həmin mənzilin bir açarını qonşusu və tanışı olan Lamiyəyə hərdən bir mənzilin pəncərələrini açıb evi havalandırması üçün vermişdir. Təxminən 22.09.2020-ci il tarixdə qonşusu Lamiyə Hacızadə ona zəng vurub mətbəxdən künc hissədən yuxarı qonşudan su sızıntısı olduğunu bildirmişdir. O, 2 gün sonra mənzilinə getmiş və baxış zamanı mətbəxdə divar kağızının qopub düşdüyünü, tavan isə yaş vəziyyətdə oloduğunu, suvağın qopub yerə töküldüyünü, mətbəx mebelinin yararsız vəziyyətə düşdüyünü, döşəmənin korlandığını görmüşdür. Bundan sonra o, bu barədə binanın komendantına xəbər vermişdir. Komendant ona hadisədən xəbəri olduğunu, yəni cavabdehə məxsus mənzildə su sızıntısı aşkar olunduğu üçün şirkət tərəfindən onun mənzilinin təmir olunduğunu bildirmişdir. Buna baxmayaraq ona heç bir məlumat verilməmişdir. Həmin gün cavabdehin mobil nömrəsini komendantdan alıb onunla əlaqə saxlamış, cavabdeh isə ona bina tikən şirkətin günahı olduğunu, su sızmasının ona heç bir aidiyyətinin olmadığını bildirmiş, sonra isə ona dəymiş zərərə görə mənzilini təmir etdirəcəyini bildirmişdir. Lakin bugünə qədər cavabdeh onun mənzilini təmir etdirməmiş, ona dəymiş zərəri ödəməmişdir. Həmçinin ona binanın komendantı tərəfindən də arayış verilmişdir ki, həqiqətən də 113 nömrəli mənzildən 109 nömrəli mənzilə su sızıntısı olumuşdur. Hesab edir ki, ona məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulmuş və cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Cavabdehin təqsiri üzündən onun mənzilinə su axıdılması nəticəsində dəymiş zərər təxminən 2000 manat təşkil edir. Hesab edir ki, cavabdeh onun mənzilinə çəkilən xərci ödəməkdən qəsdən boyun qaçırdığından ondan mənzilinin tavanı, divarları və döşəməsinin təmiri və mətbəx mebelinin yenilənməsi üçün dəymiş 2000 manat maddi zərər məhkəmə qətnaməsi ilə tutulub ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı mənzilini alandan sonra hal-hazıra kimi orada yox, Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayır. Belə ki, yeni aldığı mənzilin fasadının içində su borusunun qırılması nəticəsində su sızması yaranmış və o, bununla bağlı yaşayış kompleksin komendantına və filialın müdiri Nazim müəllimə xəbər vermişdir. Bundan sonra filialın müdiri Nazim müəllim ona mənzili təhvil aldığına görə rəhbərliyin bu məsələ ilə bağlı cavabdehlik daşımadığını ona bildirmişdir. Amma buna baxmayaraq, filialın müdiri Nazim müəllim ustalar göndərib fasadın içində olan su sızmasını təmir etdirmişdir. Belə ki, su sızması nəticəsində tək onun mənzilinə yox, digər qonşulara da ziyan dəymişdir. İş üzrə iddiaçı Nigar xanım onunla əlaqə saxlayaraq onun mənzilinə zərər dəydiyini bildirmiş, o, isə bununla bağlı Nigar xanıma dəymiş zərərə gəlib baxacağını bildirmişdir. Bir müddət keçəndən sonra Nigar xanımla əlaqə saxlamış və səhhətində problem olduğunu bildirmiş və səbəbdən gəlib mənzilə dəymiş zərərə baxa bilməyəcəyini bildirmişdir. Bundan sonra o, usta tapmış və Nigar xanımın mənzilinə dəymiş zərəri gəlib təmir etdirməyə hazır olduğunu bildirmiş, lakin Nigar xanım ona artıq gec olduğunu və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. 11 fevral 2021-ci il tarixli məhkəmə iclasında izahat verərkən cavabdeh əlavə olaraq bildirmişdir ki, 5 ay olar ki, mənzili kirayə vermişdir. Sentyabr ayında mənzili kirayə vermək üçün hazırlamağa başlamış, mənzili kirayə vermək üçün təmizləyib hazırlayırdı, bu müddətdə su borusunun qırılması nəticəsində su-sızma baş vermişdir. Göstərənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 109 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25.09.2019-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı binanın komendantı Y.Abbasəliyev tərəfindən imzalanmış həmin evin 109 nömrəli mənzilinin sahibi İddiaçı verilmiş 02.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus mənzilə 13-cü mərtəbə mənzil 113 ünvanından su sızmışdır. Həmin evin 109-cu mənzilinə baxış keçirilmiş, mətbəx və dəhlizdə divar kağızının qopması müşahidə edilmişdir. Aşkar edilmiş və baxış nəticəsində dəymiş ziyan 113 nömrəli mənzilin sahibi Cavabdeh diqqətinə çatdırmış və dəymiş ziyanın aradan qaldırılması tövsiyyə edilmişdir. Eyni zamanda mətbəx mebeli və parketin qismən zədələnməsi müşahidə edilmişdir. İş materiallarında olan Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı binada yaşayan qonşular X3, X2 və X4 tərəfindən imzalanmış 15.05.2021-ci il tarixli Aktdan görünür ki, həqiqətən sentyabr ayı 2020-ci il tarixdə "xxxx" MMC şirkətinin inşa etdiyi ünvan 1 ünvanındakı binanın 13 mərtəbəsinin, 113 nömrəli mənzilinin sahibi Cavabdeh mənzilindən aşağıdakı 109 nömrəli mənzilin sahibi İddiaçı mənzilinə su sızması olmuşdur. Onlar tərəfindən həmin binanın tikinti şirkətinə müraciət olunmuş, şirkətin qəza xidməti işçiləri gəlib mənzilin girişindəki divarın içərisində aşağı pol hissəsindəki çəkilmiş su borusundan su sızmasını müəyyən etmiş və həmin su xəttini təmir edib getmişlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən cavabdehə məxsus 113 saylı mənzilindən su sızması nəticəsində həmin ünvan üzrə iddiaçıya məxsus 16 saylı evin 109 saylı mənzilinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Məhkəmə cavabdehin etirazının “mənzilin fasadının içində su borusunun qırılması nəticəsində mənzilə su sızması və bu səbəbdən onun cavabdehlik daşımaması” ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, 11 fevral 2021-ci il tarixli məhkəmə iclasında izahat verərkən cavabdeh bildirmişdir ki, 5 ay olar ki, mənzili kirayə vermişdir. Sentyabr ayında mənzili kirayə vermək üçün hazırlamağa başlamış, mənzili kirayə vermək üçün təmizləyib hazırlayırdı, bu müddətdə su borusunun qırılması nəticəsində su-sızma baş vermişdir. Göründüyü kimi cavabdeh su borusunun qırılması və su sızması halının baş verməsini özü tərəfindən mənzildə təmizlik işləri aparılması zamanı baş verdiyini göstərmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı binada yaşayan qonşular X3, X2 və X4 tərəfindən imzalanmış 15.05.2021-ci il tarixli Akta imza etmiş şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilməsə də, məhkəmə aktın cavabdehin özü tərəfindən təqdim edilməsini, iddiaçı tərəfindən də mübahisələndirilmədiyini nəzərə alaraq, həmin aktı sübut kimi qiymətləndirir və qeyd edir ki, cavabdehin özü tərəfindən təqdim edilmiş aktdan da görünür ki, həqiqətən sentyabr ayı 2020-ci il tarixdə "xxxx" MMC şirkətinin inşa etdiyi ünvan 1 ünvanındakı binanın 13 mərtəbəsinin, 113 nömrəli mənzilinin sahibi Cavabdeh mənzilindən aşağıdakı 109 nömrəli mənzilin sahibi İddiaçı mənzilinə su sızması olmuşdur. Onlar tərəfindən həmin binanın tikinti şirkətinə müraciət olunmuş, şirkətin qəza xidməti işçiləri gəlib mənzilin girişindəki divarın içərisində aşağı pol hissəsindəki çəkilmiş su borusundan su sızmasını müəyyən etmiş və həmin su xəttini təmir edib getmişlər. Bundan başqa, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 18.06.2021-ci il tarixli 10/788 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 109 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 109 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 109 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 02.10.2020-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 109 saylı mənzilinə yuxarı mərtəbədəki 113 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 109 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1078 (min yetmiş səkkiz) manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Müvafiq ekspert rəyi ilə, rəydə qeyd edilən səbəblərdən su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmasa da, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 109 saylı mənzilinə yuxarı mərtəbədəki 113 saylı mənzildən suyun sızması, həmçinin Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 109 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1078 (min yetmiş səkkiz) manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolunda yerləşən 16 saylı evin 109 nömrəli mənzilə cavabdehə məxsus üst mərtəbədə yerləşən 113 saylı mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 1078 (bir min yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi maddi zərərin ödənilməsinə dair qalan hissədə isə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, 15 (on beş ) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1078 (bir min yetmiş səkkiz) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutulub İddiaçı ödənilməli, 15 (on beş) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1078 (bir min yetmiş səkkiz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar