Məhkəmə qərarları › İş №2(009)-339/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-339/2021

25.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-339/2021 25.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili H.Ə.Xəlilovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X2 məxsus olan və etibarnamə əsasında idarə etdiyi sedan tipli “Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada təksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə, saat 01.30 radələrində idarə etdiyi avtomobillə Səbail rayonu, Z.Əliyeva küçəsindən T.Əliyarbəyov küçəsinə hərəkətdə olan zaman Z.Əliyeva küçəsi, 6 saylı binanın qarşısında yolun sol tərəfində park edilmiş cip tipli avtomobilin sərnişini Cavabdeh avtomobilin arxa sağ qapısını qəfildən açması nəticəsində toqquşma baş verdi və qapının künc hissəsi onun idarə etdiyi avtomobilin sol yan güzgüsünü qırdıqdan sonra həmin bayırda olan sol qolunun dirsək hissəsinə dəymişdir. Hadisə zamanı onun sol qolu dirsək hissədən sınmışdır. Həmin hadisə zamanı “Toyota” markalı maşının sürücüsü Vüqar adlı şəxs və onun atası Tofiqə məxsus maşınla onu travmotologiya institutuna aparmışlar. Onlar onun xəsarət aldığına inanmasalar da, rentgen müayinəsi zamanı qolunun sındığı müəyyən olunmuşdur. Qoluna gips qoyulmuş və həmin gecəni o, xəstəxanada qalmalı olmuşdur. Hadisənin səhərisi gün Lətafət xanımın əri Tofiq xəstəxanaya gələrək ona 300 manat pul vermiş və şikayətçi olmadığı təqdirdə bütün ona dəymiş ziyanı ödəyəcəyini söz vermişdir. Doğrusu bundan əvvəl hadisə zamanı o, artıq bu barədə polisə məlumat vermişdir. Ancaq sonradan onun halı pisləşdiyi üçün özündə olmadığına görə polisdən ona edilən zənglərə cavab verə bilməmişdir.O, Lətafət xanımın oğlu Vüqarla öz aralarında razılığa gəlmişlər ki, ona və avtomobilə dəymiş bütün ziyan onun tərəfindən qarşılanacaq. Həmin işə Səbail rayon Polis İdarəsində baxılmışdır. O, elə ilk izahatında onun sağlamlığına və avtomobilə dəymiş ziyan qarşılanmayacağı təqdirdə şikayətçi olacağını qeyd etmişdir. Bir neçə gün sonra Vüqar ona 200 manat pul vermiş və bundan belə anasından şikayətçi olmasa bütün xərcləri özü çəkəcəyini bildirmişdir. Bir neçə ay keçdikdən sonra, Vüqar verdiyi sözü tutmadı və ona “get, nə edirsən et” demişdir. O, Vüqara anasının gözünü əməliyyat etdirmək üçün bankdan 2000 manat kredit götürdüyünü, lakin qolu qırıldığına görə iş qabiliyyətini itirdiyinə görə işləyə bilmədiyini, ona köməklik göstərməsini bildirəndə, Vüqar ona narahat olmadığını, bütün bunları qarşılayacağına söz vermişdir. O, taksi fəaliyyəti ilə məşğuldur. Sürdüyü “Rover” markalı maşının gələcəkdə onun mülkiyyətinə keçməsi şərti ilə mülkiyyətçi ilə aralarında gəldikləri şifahi razılaşmaya əsasən aylıq 600 manat ona kredit ödəyir. Avtomobilin təmiri ilə bağlı bütün xərclərin mülkiyyətçiyə aidiyyatı yoxdur. Bundan əlavə götürdüyü kreditə görə banka ayda 195 manat kredit ödəyir. Avtomobilə rəsmi hesablamalara görə 1280 manat ziyan dəymişdir. Ekspertin rəyinə görə qolunun sınığı orta ağır qiymətləndirilib və buna görə cavabdeh tərəfin sığortası qiymət cədvəlinə uyğun olaraq 1500 manat pul ödəməli idi və bundan əlavə avtomobilinə dəymiş 1280 manatı ona ödəməli idi. Amma sığortanın yekun rəyinə görə günahkar sərnişin olduğu üçün buna görə sığortanın heç bir məsuliyyət daşımadığı ona bildirilmişdir. Yəni sərnişin minmə-düşmə qaydasını pozduğuna görə sığorta ona pul ödəməkdən imtina etmişdir. O, Vüqara sığortanın ona pul ödəməyəcəyi barədə məlumat vermişdir. Vüqar isə bundan sonra ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Sonradan isə ona tanımadığı şəxs zəng vuraraq Vüqarın işlədiyi şirkətin hüquqşünası olduğunu, Vüqardan şikayətçi olduğu təqdirdə onun üçün pis olacağını və başı ağrayacağını bildirmişdir. O, ailəlidir, iki aşyaşlı (məktəbli) övladı var. Ailəsinə tək qazanc gətirən odur. Taksiçi işləyirdi və heç bir yerdən əlavə gəliri yoxdur. Qəzadan sonra xəsarətinə görə 4 ay işləyə bilməmiş və o, 4 ay müddətində ona dəymiş olan ziyanın və avtomobilinə dəymiş zərərin ödənilməsini istəyir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ayda 195 manatdan 4 aylıq bank kreditinə görə ümumilikdə 780 manat, ayda 600 manat olan 4 aylıq avtomobil kreditinə görə ümumilikdə 2400 manat, ayda 300 manat 4 ay evin tələbatı üçün ümumilikdə 1200 manat, avtomobilə dəymiş ziyana görə 1280 manat, qolunun sınmasına görə sığorta tərəfindən ödənilməli olan lakin ödənilməyən 1500 manat, fizioterapiyaya çəkdiyi xərcə görə 250 manat, ümumilikdə 7410 manat vurulmuş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, hadisədən sonra cavabdehin oğlu Vüqar tərəfindən tibbi xərclərlə bağlı ona 1000 manat pul ödənilmişdir. Vüqar söz vermişdir ki, kredit borclarının ödənilməsində də köməklik edəcəkdir. Lakin sığorta təşkilatı sığorta ödənişinin edilməsindən imtina etdikdən sonra Vüqar verdiyi sözə əməl etməmişdir. Onun “Unibank”la kredit müqaviləsi mövcuddur. Hər ay ora 195 manat ğödəniş edir. Eyni zamanda avtomaşının mülkiyyətçisinə hər ay 600 manat ödəniş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Səbail RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın kserosurətindən görünür ki, “Rover” markalı, **-TU-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Səbail rayonu, Z.Əliyeva küçəsindən T.Əliyarbəyov küçəsinə doğru hərəkətdə olan zaman Z.Əliyeva küçəsi, 6 saylı binanın qarşısında yolun sol hissəsində dayanıqlı vəziyyətdə olan X3 idarə etdiyi “X8” markalı, **-PP-*** qeydiyyat nişanlı avtomobildə arxa sağ oturacaqda əyləşmiş sonuncunun anası Cavabdeh avtomobilin arxa sağ qapısını açması nəticəsində qapı həmin zaman avtomobilin yanından idarə etdiyi avtomobillə keçən İddiaçı sol qoluna dəymiş və Cavabdeh ehtiyatsızlıqdan İddiaçı sağlamlığına az ağır zərər vuraq xəsarət yetirmişdir. X3 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Cavabdeh İddiaçı sağlamlığına qəsdən az ağır zərər vurmadığından, onun əməlində AR CM-nin 127.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Qeyd olunanlara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X8” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. “xxxx” ASC-də sığortalanmış avtomobilin sürücüsü X3 və İddiaçı hadisə ilə bağlı Səbail RPİ İŞ-yə verdiyi izahatdan aydın olur ki, V.T.Mədətov “X8” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili Z.Əliyeva küçəsi, 6A saylı binanın qarşısında park edib dayanmış və həmin avtomobildə olan sərnişin arxa sağ qapını açarkən qapı “Rover” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zərər vurmuşdur. Hadisə “X8” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən V.T.Mədətovun hər hansı inzibati xətanı törətməsi nəticəsində deyil, həmin avtomobildə olan sərnişin AR İXM-nin 338.3-cü maddəsinin tələbini pozması nəticəsində baş vermişdir. Həmin şəxsin mülki məsuliyyəti “xxxx” ASC ilə bağlanmış PAA********** saylı sığorta müqaviləsi üzrə sığortalanmamışdır. “X8” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının sərnişin tərəfindən açılması avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı istismarı olmadığından zərər avtomobilin istifadəsi nəticəsində vurulmamışdır. Qeyd olunanlara əsasən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 29 nömrəli arayışına və ona əlavə edilmiş nöqsan aktına əsasən X2 məxsus “Rover” minik markalı, **-TU-*** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən işçilərin zəhmət haqqı 700 manat, ehtiyat hissələri 580 manat, cəmi 1280 manat məbləğində ziyan dəymişdir. İş üzrə “Unibank” KB AS ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bank tərəfindən İddiaçı 12 ay müddətinə, illik 29% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə X5 özünə məxsus “X8” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili binanın qarşısında dayanıqlı vəziyyətdə olarkən, həmin avtomobildə arxa sağ oturacaqda əyləşmiş Vüqar Mədətovun anası Cavabdeh avtomobilin arxa sağ qapısını açması nəticəsində qapı həmin zaman həmin avtomobilin yanından “Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçən İddiaçı sol qoluna dəymişdir. Eyni zamanda “X8” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapısı İddiaçı idarə etdiyi avtomobilə dəyərək zərər vurmuşdur. Məhkəmə ilk növbədə cavabdehin hazırki tələb üzrə cavabdehlik daşıyıb-daşımamasına hüquqi qiymət verməsini zəruri hesab edir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə yol-nəqilyyat hadisəsinin baş verməsində nə sürücü Vüqar Mədətovun, nə də sürücü İddiaçı təqsiri müəyyən olunmamışdır. Eyni zamanda həmin qərardan görünür ki, məhz Vüqar Mədətovun idarə etdiyi avtomaşının sərnişini Cavabdeh ehtiyatsızlığı nəticəsində Rəfail Züofüqarovun sağlamlığına az ağır zərər vurulmuşdur. AR MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdehin ehtiyatsız hərəkətlərinə görə iddiaçının sağlamlığına az ağır zərər vurulmasını qanuni qüvvəyə minmiş qərarla təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, cavabdeh hazırki tələb üzrə subyektiv cavabdehlik daşıyan şəxsdir və iddia düzgün olaraq ona qarşı qaldırılmışdır. Lakin məhkəmə hesab edir ki, irəli sürülmüş tələblər qismən əsaslı hesab olunmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehdən ayda 195 manatdan 4 aylıq bank kreditinə görə 780 manat, ayda 600 manat olan 4 aylıq avtomobil kreditinə görə 2400 manat, ayda 300 manat 4 ay evin tələbatı üçün 1200 manat, avtomobilə dəymiş ziyana görə 1280 manat, qolunun sınmasına görə sığorta tərəfindən ödənilməli olan lakin ödənilməyən 1500 manat, fizioteratiya çəkdiyi xərcə görə 250 manat, cəmi 7410 manat məbləğində pulun tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə iddiaçının avtomaşınına dəymiş 1280 manat ziyanın tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş üzrə təqdim edilmiş arayışdan görünür ki, “Rover” markalı ** TU *** dövlət nömrə nişanlı avtomaşına 1280 manat maddi ziyan dəymişdir. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının etibarnamə əsasında idarə etdiyi “Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşına 1280 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən həmin pulun tutulması hissəsində iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin bank kreditinə görə cavabdehdən 780 manat və avtomobilə görə onun mülkiyyətçisinə hər ay ödəməli olduğu 600 manatın 4 ay müddətində ödəmədiyinə görə cavabdehdən 2400 manat pulun tutulması hissələri üzrə qeyd edir ki, həmin hissələrdə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının kredit müqaviləsi üzrə və avtomaşının mülkiyyətçsi qarşısında öhdəliklərin yerinə yetirə bilməməsi halları öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmasını iddia ərizəsində qeyd etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş. Digər tərəfdən aldığı xəsarətlə bağlı əmək fəaliyyəti məşğul ola bilməməsini, avtomaşının mülkiyyətçiçsinə hər ay 600 manat pul ödənilməsini, əmək qabiliyyətinin məhz 4 ay müddətində itirməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda kredit müqaviləsi və mülkiyyətçi qarşısında olan öhdəlik üzrə yaranmış borcun cavabdehdən tələb edilməsi əsalı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçının sağlamlığına vurulmuş ziyana görə sığorta şirkəti tərəfindən ödənilməyən 1500 manat xərcin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı sağlamlığına 1500 manat ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçı özü etiraf etmişdir ki, hadisədən sonra ona tibbi xərclərlə bağlı 1000 manat ödəniş edilmişdir. Digər tərəfdən iddiaçı sığorta şirkətinin ödəməli olduğu ziyanı cavabdehdən tələb edir. Belə ki, iddiaçı iddia ərizəsində sağlamlığına vurulmuş ziyanın sığorta şirkəti tərəfindən ödənilməli olmasını göstərir və həmin ziyanın sonuncu tərəfindən ödənilmədiyindən, onu cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh, o halda sığorta şirkətinin ödəmədiyi ziyana görə cavabdehlik daşıya bilər ki, sığorta şirkəti sığorta müqaviləsinə görə həmin ödənişi cavabdehin özünə etsin. Yaxud qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin ziyana görə cavabdehin öhdəliyi müəyyən edilsin. Lakin belə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, iddia tələbi 1500 manat pulun tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmə iddiaçının 4 aylıq evin tələbatı ilə bağlı 1200 manat və fizioterapiyaya çəkdiyi xərcə görə 250 manat pulun tutulması tələbləri üzrə qeyd edir ki, həmin hissədə də tələblər təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin xərclərin çəkilməsi ilə bağlı da hər hansı mötəbər sübutlar təqdim etmədiyindən, həmin hissədə tələblər əsassız hesab edilməli və təmin edilməməlidirdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə “Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyana görə 1280 (bir min iki yüz səksən) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar