Məhkəmə qərarları › İş №2(009)-348/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-348/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-348/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 13880 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü ilin noyabr ayının 14-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1699,7 manat əsas borc, 364,53 manat faiz borcu və 2435,88 manat cərimə borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 76,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4577,01 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2435,88 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 1217,94 manat məbləğində tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1699,7 manat əsas, 364,53 manat faiz borcu və 1217,94 manat cərimə borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 76,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3359,07 manat məbləğində vəsaitin və ödənilmiş 53,59 manat dövlət rüsumunun İddiaçı ASC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdehlər tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 17% dərəcəsi olmaq şərti ilə, 36 ay müddətinə 13880 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 1699,7 manat əsas, 364,53 manat faiz borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 76,9 manat məbləğində əldən çıxmış fayda və 1217,94 manat cərimə borcu olmaqla, cəmi 3359,07 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında bank tərəfindən Cavabdeh 13880 manat məbləğində pul verilmişdir. Cavabdeh həmin pul məbləğindən istifadə etmiş, lakin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Təqdim olunmuş maliyyə arayışından belə məlum olur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 1699,7 manat əsas, 364,53 manat faiz borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 76,9 manat məbləğində əldən çıxmış fayda və 1217,94 manat cərimə borcu olmaqla, cəmi 3359,07 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas borcunun və faizinin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 1217,94 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (dəbbə borcu) miqdarı 158,87 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC -nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1699,7 manat əsas, 364,53 manat faiz borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 76,9 manat məbləğində əldən çıxmış fayda və 158,87 manat cərimə borcu, həmçinin 43 manat dövlət rüsumu, cəmi 2343 (iki min üç yüz qırx üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar