Məhkəmə qərarları › İş №2(009)-350/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-350/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-350/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 19.03.2021-ci il tarixli müqaviləsinə əsasən HP markalı komputer almış və nəticədə 1452 (min dörd yüz əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1815 manat (12 ay x 110 manat + 495 manat ilkin ödəniş) olan HP markalı komputer üçün ümumilikdə 1452 (min dörd yüz əlli iki) manat olmaqla, 1320 (min üç yüz iyirmi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 132 (yüz otuz iki) manat cərimə miqdarında borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 495 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı HP markalı komputer üçün 1320 manat əsas borc, 132 manat cərimə, ümumilikdə 1452 manat borcun, 34,52 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 19.03.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh HP markalı komputer 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 110 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1815 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 16.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 19.03.2021-ci il tarixli müqavilə üzrə 1320 manat əsas, 132 manat cərimə, cəmi 1452 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 19.03.2021-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 1815 manat olan HP markalı komputer pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni computer Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 1320 manat əsas borc, 132 manat cərimə, ümumilikdə 1452 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 19.03.2021-ci il tarixli 22390942 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.12.2021-ci il tarixə yaranmış 1320 manat əsas, 132 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,52 manat, cəmi 1486,52 (min dörd yüz səksən altı manat, əlli iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar