Məhkəmə qərarları › İş №2(009)-357/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-357/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-357/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ya qarşı «20000 manat ziyan və 1500 manat məbləğində əmək haqqı» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulan ziyana görə 20000 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixli NK-059/18 saylı Əmr əsasında, fəhlə vəzifəsində işə qəbul olmuşdur. Həmin şirkətdə bir ildən çox müddət işlədiyi zaman hər zaman nizam-intizamlı və heç bir zaman daxili qayda pozuntusuna onun tərəfindən yol verilməmişdir. 2019-cu ilin iyul ayında işlədiyi sahədə iş zamanı xəsarət almış və nəticədə belində və sol ayağında ağrılar şiddətlənmiş, qaməti əyrilərək, keylənmədən əziyyət çəkməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə “Medikal” hospitalda fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyat üzərində icra edilmişdir. Bütün bu məsələlər barəsində müəssisəyə vaxtı-vaxtında məlumat vermiş və 2020-ci ilin fevral ayına kimi ambulator kitabçadan çıxarışlarıda mövcuddur. Uzun müddət keçəndən sonra, yəni 2020-ci ilin iyun ayında işlədiyi müəssisəyə gedərək əmək kitabçasını geri istəyən zaman orda onun xəbəri olmadan, həmçinin onun tərəfindən imzalanmadan güya xx.xx.2019-cu ildə öz xahişi əsasında işdən azad olmuşdur. Lakin bu həqiqəti əks etdirmir və burda hansısa bir əməkdaş tərəfindən saxtakarlıq vardır. Həmçinin uzun müddət qanunsuz olaraq onun əmək haqları ödənilmir, iş zamanı aldığı xəsarətin sığorta və işəgötürən tərəfindən kompensasiya edilməmiş və qanunsuz onu işdən çıxarmışlar. Bu səbəbdən onun sağlamlığına vurulan ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək Cavabdeh MMC-dən onun sağlamlığına vurduğu ziyana görə 20000 manat, ödənilməmiş 1500 manat məbləğində əmək haqqını, ümumilikdə 21500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən Cavabdeh MMC-yə fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixə kimi yük qaldıran kranın qaldıra biləcəyi yükləri qaldırmışdır. İşlədiyi sahədə yıxılmışdır və ayağı çıxmışdır. Natiq bəydən icazə aldıqda, həkim çağırmalı olduğu halda iş saatının sonuna kimi gözləməyimi demişdir. İşdən çıxdıqdan sonra Qobustanda sınıqçıya getmiş və ayağı 1 həftə gipsdə qalmışdır. 1 həftə sonra onu işə çağırmışlar. Ona ağır qaldırmaq olmasa da, Natiq bəy ağır işlər gördürürdü. Beləliklə, ayağında yenidən şiş yaranmışdı. Həkim 10 günlük müalicə yazdı, lakin müalicənin sonunda ağrı da keçmədi, şiş də yatmadı. Sonradan MRT yoxlanışından keçdikdə belində yırtıq olduğu müəyyən olunmuşdur. Səbəbi isə yıxıldıqdan sonra ağır yük qaldırmağı idi. xx.xx.2019-cu il tarixdə Medikal Hospitalda cərrahi əməliyyat olunmuşdur. Onun işdən çıxma barədə ərizəsi olmadan onu işdən çıxarmışlar. İş zamanı aldığı xəsarət sığorta və işəgötürən tərəfindən kompensasiya edilməyib. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Həmin zaman o işləməsə də, hadisə barədə topladığı məlumata əsasən iddiaçı 2019-cu ilin aprel ayında işə düzəlib və 2 ay sonra belində yırtıq olduğunu bildirib. İşlədiyi zaman taxta və onun kimi çəkisi az olan yüklər qaldırıb. Bu qədər qısa müddətdə və az çəki ilə beldə yırtıq ola bilməz. 50 fəhlə ixtisası sahəsi mövcuddur, onlardan sadəcə biri iddiaçıya aiddir, yəni, ən aşağı dərəcəli yük qaldıran. Eyni zamanda iddiaçıya artıq 10.000 manat yardım edilib. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən şahid Salmanov Röyal Hilal oğlu izahat verərək bildirmişdir ki, iddiaçı kimi o da, Cavabdehndə çalışmışdır. 2019-cu ilin avqust ayının sonundan oktyabr ayının əvvəlinə kimi, təxmini ay yarım işləmişdir. Kran olmayanda sərəcəni (inşaat materialı) tək daşıyırdılar. 4 nəfərin daşımalı olduğu panolu (inşaat materialı) 2 nəfərə daşıdırdılar. Prosesdə iştirak etmə səbəbi, həddindən artıq ağır yükləri işçilərə daşıtdıqlarını məhkəmənin nəzərinə çatdırmaqdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən şahid X5 izahat verərək bildirmişdir ki, "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətində təhlükəsizlikdə işləyir. Külək olanda işçiləri evə göndərirlər. Kran işləməyəndə 2-3 gün və ya 1-2 saat işləmədikləri olur, yaxud həmin zaman işçilərə yüngül işlər gördürürlər. İddiaçı fəhlə kimi işləyirdi. Xəstəxanaya da o aparmışdır. O başqa tikintidə idi, çağırdıqda gəlmişdir və həkimə aparaq demişdir. Qan və kəsik olmadığı üçün həkim çağırmamışlar. Bel ağrısı olduğunu dedilər, öncədən də beli ağrayırdı. İşə təzə gələn zaman bel ağrısından şikayətlənmirdi. Sağlamlıq barədə arayışı olmalıdır, işə götürülən zaman alırlar. İddiaçı işə götürülən zaman arayış alınıb-alınmadığını dəqiq bilmir. Müdiriyyət ona yönəltdikdən sonra, özəl xəstəxanaya aparmışdır. Yoxlanışlardan keçdikdə həkim yırtıq olduğunu dedi. Müdirlə danışdıqda, həkim nə deyirsə onu etməklərini bildirdi. Əməliyyat oldundu və bütün xərcləri şirkət qarşıladı, iynə-dərmanın da alıb vermişlər. Əməliyyatdan iki gün sonra taksi pulun verib evinə göndərmişdir. Mütəmadi telefon ilə əlaqə saxlayırdılar. 2 ay sonra problem olduğunu dedi və yenidən həkimə getmişlər. Həkim ayağa qalxmağını, gəzməyini dedi, əgər ağrıyırsa başqa səbəbi olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X9 izahat verərək bildirmişdir ki, briqadir işləyir. Axşam gəldikdə ağrıdığını görmüşdür, dayısına zəng etmək istədiyini bildirdiyi üçün dayısına məlumat vermişlər. İşçilər işə götürülən zaman sağlamlıq arayışı alınır, bu işlərə o baxmadığı üçün iddiaçının arayışının olub-olmaması barədə məlumatlı deyil. Belə olan halda müdiriyyətə məlumat verilir. Ona aidiyyatı olmadığı üçün müdiriyyətə xəbər vermişdir, onlar əməliyyat və digər xərcləri qarşılamışlar. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən şahid X6 izahat verərək bildirmişdir ki, briqadir işləyir. O iddiaçını ağır qaldırmaq üçün məcbur etməmişdir. 2-3 kilo ağırlığında taxta qaldırırlar. Süpürmək, zibilləri yığmaq kimi yüngül işlər görürlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən şahid X7 izahat verərək bildirmişdir ki, briqadir işləmişdir. Hadisə olan günü orda olmuşdur, preparator gətirməyə göndərmişlər, o zaman beli tutmuşdur. Gecə vaxtı idi təcili tibbi yardım çağırmamışlar, dayısına zəng etmişlər, gəlib aparmışdır. Preparator təxmini 7 kiloqram olur, 2 metrlik sərəcə 50 kiloqramdan bir az artıq olur. Kran daşıyır, bəzən lazım olanda fəhlə də daşıyır. O sərəcə daşımağını görməmişdir. Sağlamlıq barədə arayışı yəqin ki olar. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən şahid Ağayev Dövlət Ağarza oğlu izahat verərək bildirmişdir ki, xəsarət aldığını gözlə görməmişdir, panol daşıyan zaman olduğunu demişlər. İşçilər danışan zaman, sonrakı gün bilmişdir. Panol 30-40 kiloqram ağırlığında olur. 3 metr uzunluq, 90 sm eni olur. Valideynləri zəng edib pis olduğunu dedikdə rəhbərliyə bu barədə məlumat vermişdir. Sonradan Emil onu əməliyyata apardı. Məhkəmənin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli iclaslarında cavabdehin nümayəndəsindən iş üçün əhəmiyyətli olan sənədlər (əmək müqaviləsi, işə qəbul və işdən azad olunmağa dair əmrlər, vəzifə təlimatı, işə qəbul olan zaman sağlamlığı barədə arayış, işçi sığorta olunubsa sığorta şəhadətnaməsi, iddiaçıya edilmiş ödənişləri təsdiq edən sübutlar və s.) istənilmiş, lakin cavabdeh tərəfindən bu sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Səbail rayon prokurorunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Medikal Hospitalın ******* sayı epikrizindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə belində və sol ayağındakı ağrıdan, qamətin əyilməsindən və keylikdən müraciət etmişdir. xx.xx.2019-cu il il tarixdə spinal anestiziya altında xəstəyə L5 soldan hissəvi hemilaminoektomiyası. L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra sol pəncənin parezi qalmaqdadır. Xəstə yaşayış yeri üzrə nervopatoloqun ambulator nəzarətinə yazılır. Fiziki gərginlikdən qorunmaq məsləhət görülmüşdür. İş materiallarında olan Medikal Hospitalın Cavabdeh MMC təqdim edilməsi üçün xx.xx.2019-cu il tarixdə arayış vermişdir. İş materiallarında olan reseptlərdən görünür ki, nevropotoluq tərəfindən müalicələr almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 459.2-ci maddəsinə əsasən əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir. Həmin Məcəllənin 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Obyektiv həqiqətin tapılması zəruri olan icraatdan fərqli olaraq, mülki prosesdə tətbiq olunan formal həqiqət prinsipinə görə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə hesab edir ki, tapşırılan işin icrası zamanı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq iddiaçıya 5000 manat cavabdeh tərəfindən ödənilməlidir. 1500 manat əmək haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində əmək müqaviləsinin xitam verilməsi əsasları mübahisələndirilmədiyindən hazırda qiymət verilə bilinmədiyi üçün bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5000 (beş min) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar