Məhkəmə qərarları › İş №2(009)-359/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-359/2020

12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-359/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili A.H.Hacalıyevin, Cavabdeh 3-cü şəxs Ş.R.Mürsəlovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 45 saylı evin, 86 saylı mənzilinə şəxsi mülkiyyət hüququ əsasında malikdir və onun mülkiyyət hüquqlarının Bakı şəhər İH TİMHQİ ÖM seriyalı, 023003 saylı qeydiyyat vəsiqəsi ilə təsdiq olunmuşdur. Mənzilin iki otaqdan ibarətdir və tam tamir olunmuşdur. 2017-ci ilin payızında üst mərtəbədə yerləşən, yəni ünvan 1 mənzil 89 ünvanında yerləşən mənzildən onun mənzilinə 5 gün ardı kəsilmədən su axıdıldıqdan sonra onun və ailəsinin öz mənzillərində rahat yaşamaqları mümkünsüz olub. Su axıdılmasından sonra mənzilinin vəziyyətinin kifayət qədər korlanması ilə yanaşı, üst mərtəbə yerləşən 89 saylı mənzilin döşəməsində gəzərkən evdə səsdən nə oturmaq, nə də gecələr yatmaq mümkün deyil. Belə ki, 89 saylı mənzildə atılan hər addım döşəmənin beton arakəsməyə vurduğu zərbədən səs (“şok səs”) yaradır və həmin səs onun 86 saylı mənzilində eşidilir. Aydındır ki, qonşu mənzillərdən bir-birinə səslərin keçməsi mümkündür. Lakin bu mənzildən gələn səs normal qəbul etdikləri səs deyil, qurultu effektli səsdir. Həmin mənzildə döşəmədə sakit gəzərkən onların evdə elə səs yaşanır ki, sanki sanki üst mənzildə döşəmə dağılır. Addımları döşəməyə bir az daha yüksək təzyiqlə vuraraq qəzəndə isə onların mənzildə hansı şəraitin yarandığını yəqin ki, mənzildə rekonstruksiya işləri zamanı döşəmənin yenidən təmiri ilə bağlı müvafiq normaların tələblərinin gözlənilməməsidir. Belə ki, 89 saylı mənzilin mülkiyyətçisi mənzilində yenidənqurma işləri apararaq, ümumi istifadədə olan binanın çardağını öz mənzilinə birləşdirilib və bu səbəblə də mənzilində divarların yerini dəyişdirib və çardığı çıxmaq üçün mənzilində nərdivan tikib. Qonşu mənzildən su axıdılması nəticəsində dəyən ziyan əsas etibarılə aşağıdakılardan ibarətdir: mətbəxin tavanı və kafel ilə örtülməyən yuxarı hissəsi (tavan təqribən 6,2 kv.m. təşkil edir), mətbəxə bitişik olan vanna otağının bir hissəsi, vanna otağına və mətbəxə bitişik olan mənzilin giriş hissəsinin bir hissəsi, vanna otağına və mətbəxə bitişik olan yataq otağında 1-1,5 kv.m. sahə tam yararsız vəziyyətdə düşmüşdür. Su axıntısının mənbəyi kimi cavabdehə məxsus mənzilin vanna otağına və mətbəxin arasında olan divarda yerləşən borudan su sızıntısı olan bilər, bu da ola bilsin qonşuların divarları söküb onların konstruksiyasını dəyişməsilə bağlı ola bilər. Bütün bunlardan əlavə mənzilə onun layihəsində nəzərdə tutulmayan sanitar qovşaq əlavə edilib, mənzilə su axıntısı nəticəsində döşəmənin parket hissəsində əyintilər və yerindən boşalmalar yaranmışdır ki, evdə hərəkət zamanı döşəmə səsi udmaq əvəzinə onu da daha da gücləndirir və bu da onun dəvət etdiyi mütəxəssis tərəfindən təsdiq edilmişdir. Mənzilin yenidən qurulması zamanı nüvvədə olan normalara əməl edilməsi, yükdaşıyıcı divarların sökülməməsi böyük şübhə yaradır ki, bu da nəinki onun üçün, elə cavabdeh üçün də və binanın sakinləri üçün də təhlükə yaradır. Mənzildə yenidənqurma işlərinin aparılmasının yalnız müvafiq səlahiyyətli dövlət qurumların qərarları əsasında və təhlükəsizlik, texniki və s. normaların tələblərinə riayət edilməklə aparılmasını tələb edir. Qanunvericiliyin normalarına əsasən yenidənqurma işlərinin qonşuların hüquqlarının və müvafiq texniki və s. normaları pozduqda və qonşuların və s.həyatı üçün təhlükə yaratdıqda, yenidənqurma işlərinin aparılmasına icazə verilmir. O, dəfələrlə cavabdehə bu barədə bildirmişdir ki, rəsmi məktub da yazmışdır, lakin heç bir nəticəsi olmamışdır, cavabdeh bütün bu işləri görəcəyini söz versə də, ceç bir addım atmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh şəxsi mülkiyyətində olan mənzilin layihədə nəzərdə tutulmuş əvvəlki vəziyyətə qaytarılması, döşəmədə hərəkət edərkən gələn normadan artıq səslərin qarşısının alınması və ona dəymiş 7500 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, maddi ziyan kimi göstərdiyi 7500 manata cavabdehin mənzili ilə onun mənzili arasında səsboğma işlərinin həyata keçirilməsinə sərf olunan xərc kimi də göstərilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, iddiaçının mənzilinə onların mənzilindən su axmışdır. Su axarkən qonşuya dəyən ziyan aradan qaldırılması üçün ona müraciət etmişlər. İddiaçı isə bildirmişdir ki, heç bir şey lazım deyil. Səslə bağlı isə bildirir ki, 3 dəfə onların otağında gəzərkən iddiaçının mənzilində səs yaranmasını müəyyən etmək üçün yoxlama keçirilmiş, o özü iddiaçının mənzilində oturmuş, qonşusuna yuxarıda gəzməyi xahiş etmiş, lakin səs eşitməmişdir. Əlavə tikililər əvvəlki mülkiyyətçi tərəfindən həyata keçirilmiş və bu barədə müvafiq sərəncam vardır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs qismində izahatı alınmış X4 göstərmişdir ki ,o cavabdehin oğludur. Anası evi 2017-ci ildə ona bağışlamışdır. Lakin bu günədək bağışlama müqaviləsi əsasında evi öz adına keçirməmişdir. Həqiqətən qonşuya onların evindən su axmışdır, lakin qonşu su axma nəticəsində ziyanın cüzi olduğunu bildirib onların təmir etmək təklifini qəbul etməmişdir. Otaqda gəzərkən qonşuda səsin eşidilməsi ilə bağlı bildirir ki, qonşunun təklifi ilə həm otaq, həm pilləkənə kavrolit alınaraq salınmışdır. Parketin dəyişdirilməsinə onların maddi imkanı yoxdur. Rekonstruksiya işləri isə əvvəlki mülkiyyətçi tərəfindən həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş ÖM seriyalı 023003 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin 86 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 45 saylı evin 89 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının kserosurətindən görünür ki, Cavabdeh Səbail rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus Bakı şəhəri, Səbail rayonu, Üz.Hacıbəyov küçəsi, 45 saylı evin 89 saylı mənzilinin yaşayış və qeyri-yaşayış sahəsinin yenidən ölçülərək şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsinə icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 45,89 saylı mənzil, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ümumi sahəsi 59,8 kv.m. olmaqla həqiqətən Cavabdeh Hidayt qızının mülkiyyətindədir. Yerində yenidən ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 89 faktiki 2 otaq, yaşayış sahəsi 40,3 kv.m., ümumi sahəsi 85,9 kv.m.-dir. Ölçülərdə yaranmış fərq mənzilin əvvəlki sahibi tərəfindən uzun illər əvvəl aparılmış rekonstruksiya işləri səbəbindən yaranmışdır (bu barədə 4 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli aktı əlavə olunur). Göstərilənləri nəzərə alaraq Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 89 faktiki 2 otaq, yaşayış sahəsi 40,3 kv.m. ümumi sahəsi 85,9 kv.m. hesab edilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhər 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və Cavabdeh ilə X4 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 mənzil 89 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m. olan mənzilini X1 bağışlamışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 4748 saylı xx.xx.2020-ci il tarixli rəyinə əsasən: - 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 86 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 89 saylı mənzilin isə 86 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 86 saylı mənzilin yaşayış otağının və mətbəx tikilisinin tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin 86 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 89 saylı mənzildən su axıdılığı və nəticədə 86 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 89 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq 86 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 86 mənzilə su sızması 89 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi və ya su, kanalizasiya, istilik boru xətlərində qəza yaranması səbəbindən baş verə bilər. 86 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 621,0 manat məbləğində müəyyən olunmuşdur. - 2-ci sual üzrə: 89 saylı mənzildə hərəkət zamanı 86 saylı mənzildə hər hansı səs yaranmamasının eşidilməsini müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. - 3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin 89 saylı mənzilinin daxilindən binanın çardaq hissəsinə giriş-çıxış üçün örtük tavasında boşluq açıldığı və həmin sahədə 3 tikili inşa edildiyi müəyyən olunmuşdur. - 4-cü sual üzrə: 89 saylı mənzildə və mənzilin damında aparılan yenidənqurma işləri, əlavə çəkilən kommunikasiya xətləri binanın digər mənzilləri və onların sakinləri üçün hər hansı bir təhlükə yaradıb-yaratmaması Fövqəladə Hallar Nazirliyinin elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə- tədqiqat işləri aparılmaqla müəyyən oluna bilər. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin 86 saylı mənzilin hazırki mülkiyyətçisidir, Cavabdeh isə həmin evin 89 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh həmin mənzili 2017-ci ildə tarixdə oğluna bağışlasa da, həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində hələ onun onun adınadır. Məhkəmə qeyd edir ki, cavabdeh mülkiyyətində olan mənzili özgəninkiləşdirsə də, bu hal onun hazırki tələb üzrə subyektiv cavabdehlik daşımaması kimi qiymətləndirilə bilməz. Belə ki, 89 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində hələ də cavabdehin adına qeydiyyatdadır. Eyni zamanda 89 saylı mənzildə aparılmış rekonstruksiya işlərinin təsdiq edilməsi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamı da Cavabdeh ilə bağlı verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh hazırki tələb üzrə subyektiv cavabdehlik daşıyan şəxsdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə cavabdehin mülkiyyətində olmuş mənzilin faktiki 2 otaq, yaşayış sahəsi 40,3 kv.m və ümumi sahəsi 85,9 kv.m kimi hesab edilmişdir. Yəni mənzilin hazırki vəziyyəti və texniki göstəriciləri qanunidir və mənzilin ölçülərində yaranmış fərq mənzilin əvvəlki sahibi tərəfindən uzun illər əvvəl aparılmış rekonstruksiya işləri səbəbindən yaranmışdır. Göründüyü kimi mənzildə aparılan rekonstruksiya işləri cavabdeh tərəfindən deyil, mənzilin əvvəlki sahibi tərəfindən aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2017-ci ildə cavabdeh tərəfindən aparılmış dəyişikliklərin nəticəsində üst mərtəbədən onun mənzilinə su axıdılmış və bunun nəticəsində onun mənzilinə 7500 manat ziyan dəymişdir. Bundan başqa, cavabdehə məxsus mənzilinin döşəməsində gəzərkən səsdən onun mənzilində rahat yaşamaq mümkün deyil. Cavabdeh özünə məxsus mənzilində yenidənqurma işləri apararaq, ümumi istifadədə olan binanın çardağını öz mənzilinə birləşdirib və bu səbəbdən mənzilində divarların yerini dəyişdirib və çardağa çıxmaq üçün mənzilində nərdivan tikmişdir. Bu səbəbdən o, cavabdehə məxsus olan mənzilin layihədə nəzərdə tutulmuş əvvəlki vəziyyətə qaytarılması, döşəmə hərəkət edərkən normadan artıq səslərin qarşısının alınması və dəymiş ziyan kimi 7500 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehə məxsus olmuş mənzilin layihədə nəzərdə tutulmuş əvvəlki vəziyyətə gətirilməsi hissəsi üzrə qeyd edir ki, həmin tələb əsassızdır. Belə ki, iddiaçının mülkiyyətindəki mənzilin faktiki sahəsi Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 104 saylı sərəncamı ilə icra hakimiyyəti nəzdində daimi fəaliyyət göstərən idarələrarası texniki komissiyanın xx.xx.2016-cı il tarixli, S-60-091 saylı rəyi ilə təsdiq olunmuşdur. Digər tərəfdən mənzildə aparılmış yenidənqurma işlərinin iddiaçının hər hansı mənafeyinin pozulması ilə nəticələnməsi, eyni zamanda binanın ümumi dayanıqlığına təsir göstərməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yəni cavabdehə məxsus olmuş mənzildə aparılmış rekonstruksiya işləri müvafiq icra hakimiyyəti orqanının sərəncamı lə təsdiq olunduğu üçün, həmin yenidənqurma özbaşına hesab edilmir. Belə olan halda iddia tələbi cavabdehin mülkiyyətində olan mənzilin layihədə nəzərdə tutulmuş əvvəlki vəziyyətə qaytarılması hissəsində əsaslı hesab bilməz. Məhkəmə iddia tələbinin döşəmədə hərəkət edərkən normalan artıq gələn səslərin qarşısının alınması barədə tələbi üzrə qeyd edir ki, 89 saylı mənzildə hərəkət zamanı 86 saylı mənzildə hər hansı səs yaranması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Digər tərəfdən 89 saylı mənzildə hərəkət zamanı 86 saylı mənzildə yaranan səsin dözülməz olması və həmin səsin normadan yüksək olması ilə bağlı da sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda iddiaçı bu səslərin normadan artıq olmasına istinad edərək onların qarşısının almasını tələb etməkdə haqlı hesab edilə bilməz. AR Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, 89 saylı mənzildə hərəkət zamanı yaranan səsin 86 saylı mənzilin mülkiyyətçisinin əhəmiyyətli dərəcədə hüquqlarını pozmursa, iddiaçı bu səslərin gəlməsini qadağan etməsini tələb etməkdə haqlı deyil. Məhkəmə iddia tələbinin su axıdılması nəticəsində 7500 manat ziyanın ödənilməsi barədə tələbi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin 86 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 89 saylı mənzildən su axıdılığı və nəticədə 86 saylı mənzilin tikililərinə ziyan vurluğunu müəyyən edilmişdir. 86 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirərək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 621,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mənzilinə su axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi kimi 7500 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 621 manat məbləğində tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 621 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülkihüquq məsuliyyəti daşıyır. Bu səbəbdən iddia tələbi 7500 manat dəymiş ziyanın tutulması hissədə qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 621 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 621 manat (altı yüz iyirmi bir) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xercinin əvəzi kimi 150 (yüz əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar