Məhkəmə qərarları › İş №2(009)-366/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-366/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-366/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı "xxxx" BOKT QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5738,77 (beş min yeddi yüz otuz səkkiz manat, yetmiş yeddi qəpik) manat, faiz borcu üzrə 3929,12 (üç min doqquz yüz iyirmi doqquz manat on iki qəpik) manat olmaqla, cəmi 9667,89 (doqquz min altı yüz altmış yeddi manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 116,68 (bir yüz on altı manat altmış səkkiz qəpik) dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1076 saylı, 10 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh1 arasında 19.03.2014-cü il tarixdə, 134 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti verilmişdir. 19.03.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh1 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kreditin təminatı kimi zamin Cavabdeh2 ilə Bank arasında 19.03.2014-cü il tarixdə, 134 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana 8000 (səkkiz min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. (5.4 bənd). “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka əsas borc üzrə 5738,77 (beş min yeddi yüz otuz səkkiz manat, yetmiş yeddi qəpik) manat, faiz borcu üzrə 3929,12 (üç min doqquz yüz iyirmi doqquz manat on iki qəpik) manat olmaqla, cəmi 9667,89 (doqquz min altı yüz altmış yeddi manat səksən doqquz qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. “X4 Edilməsi Agentliyi” MMC 05.03.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 “əsas və faiz borcunun qaytarılması tələbinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli 2(004)-2750/2019 saylı qərardadı ilə iddiaçı “X4 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh1 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. “X4 Edilməsi Agentliyi” MMC 07.06.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli 2(004)-2750/2019 saylı qərardadının ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 26.06.2019-cu il tarixli 2(004)- 2750/2019 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Bundan başqa İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC sənədlərin əsillərini məhkəmədən götürərək yenidən 26.08.2019-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “əsas və faiz borcunun qaytarılması tələbinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli 2(004)-5706/2019 saylı qərardadı ilə İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “əsas və faiz borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli 2(004)-5706/2019 saylı qərardadından İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC tərəfindən şikayət verilmiş, şikayət Bakı şəhəri Yasamal Rayon məhkəməsində təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 21.10.2019-cu il tarixli, 2(103)-13156/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(004)-5706/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: (6.1) Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; (6.2) Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; (6.3) Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. İlkin iddia üzrə vaxtında məhkəməyə müraciət olunma, həmçinin yenidən məhkəməyə müraciət olunan zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.03.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 sonuncu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Xətai Filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2014-cü il tarixli, 134 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcluya 24 ay müddətinə, illik 20% hesablanmaqla 8000 (səkkiz min) manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Xətai Filialı ilə Cavabdeh2 arasında imzalanmış 19 mart 2014-cü il tarixli, 134 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 19 mart 2014-cü il tarixli, 134 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan 19.03.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 7.918 manat məbləğində pulu kassa məxaric orderinə imza etməklə "xxxx" ASC-nin Xətai Filialından götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT QSC-nin 3-11/2638 saylı 05 noyabr 2021-ci il tarixli arayışından görünür ki, 06.10.2021-ci il tarixə Cavabdeh1 "xxxx" QSC-yə olan əsas borc üzrə 5738,77 (beş min yeddi yüz otuz səkkiz manat, yetmiş yeddi qəpik) manat, faiz borcu üzrə 3929,12 (üç min doqquz yüz iyirmi doqquz manat on iki qəpik) manat olmaqla, cəmi 9667,89 (doqquz min altı yüz altmış yeddi manat səksən doqquz qəpik) manat məbləğində təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai Filialının 14.12.2017-ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh1 ******************** saylı hesabı üzrə sonuncu ödənişi 23.05.2014-cü il tarixdə icra edilmişdir. İş materiallarında olan “X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X2 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 11 avqust 2015-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 1.1.-ci maddəsindən görünür ki, “X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının tabeliyində "xxxx" Açıq Səhmadr Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə "xxxx" QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli Müqavilənin 1-ci maddəsində qeyd edilmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azrbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq "xxxx" QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da "xxxx" QSC-yə güzəşt edir. İş materiallarında olan “X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 21 fevral 2019-cu il tarixli bildirişlə Cavabdeh1 və Cavabdeh2 cəmi 11.468 manat borcun olması bildirilmişdir. İş materiallarında olan “X4 Edilməsi Agentliyi” Məhdud Mısuliyyətli Cəmiyyətinin Cavabdeh1 ünvanladığı 31 avqust 2020-ci il tarixli 4210 saylı bildirişlə Cavabdeh1 cəmi 9.667,89 manat borcun olması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 mart 2022-ci il tarixli 05/76 738/13 saylı məktuba əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh1 28.05.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 11 mart 2022-ci il tarixli 05/1646-11 saylı məktubundan görünür ki, Cavabdeh1 adına vərəsəlik işi açılmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Xətai Filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2014-cü il tarixli, 134 nömrəli kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 20% hesablanmaqla 8000 (səkkiz min) manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, həmçinin "xxxx" ASC-nin Xətai Filialı ilə Cavabdeh2 arasında 19 mart 2014-cü il tarixli, 134 nömrəli zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 19 mart 2014-cü il tarixli, 134 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və nəticədə Banka əsas borc üzrə 5738,77 (beş min yeddi yüz otuz səkkiz manat, yetmiş yeddi qəpik) manat, faiz borcu üzrə 3929,12 (üç min doqquz yüz iyirmi doqquz manat on iki qəpik) manat olmaqla, cəmi 9667,89 (doqquz min altı yüz altmış yeddi manat səksən doqquz qəpik) manat məbləğində borcu yaranmışdır. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu "xxxx" QSC-yə güzəşt etmişdir. Həmçinin müəyyən edilmişdir ki, borclu Cavabdeh1 28.05.2014-cü il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin Xətai Filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2014-cü il tarixli, 134 nömrəli kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 20% hesablanmaqla 8000 (səkkiz min) manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi borclu Cavabdeh1 28.05.2014-cü il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.03.2022-ci il tarixli qərardadı ilə icraata borclu Cavabdeh1 aid hissədə xitam verilmişdir. Məhkəmə, iddia tələbinin borcun zamin Cavabdeh2 tutularaq "xxxx" BOKT QSC-nin xeyrinə ödənilməsi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə bağlanılmış 19.03.2014-cü il tarixli zaminlik müqaviləsinin 12.2-ci maddəsinə görə borclu borc verənlə bağladığı 18 mart 2014-cü il tarixli 130 №-li kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu, və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar borc verənə ödəyənədək bu Müqavilə qüvvədə olur. Cavabdeh1 19 mart 2014-cü il tarixli 134 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının son tarixi 19 mart 2016-cı il kimi müəyyənləşdirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 19 mart 2014-cü il tarixli, 134 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin Cavabdeh2 qarşı əsas öhəliyin icrası vaxtı (16 mart 2016-cı il) çatdığı gündən bir il ərzində - 16 mart 2017-ci il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Məhkəmə, qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş və zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən cavabdeh zamin Cavabdeh2 qarçı irəli sürülən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığından, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 116,68 (bir yüz on altı manat, 68 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" QSC BOKT-un Cavabdeh2 “borc tələbi” barədə iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar