Məhkəmə qərarları › İş №2(009)-37/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-37/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-37/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, X1 İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat vurulmuş ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda onun 14 saylı mənzili 2-ci mərtəbədə, cavabdehin 16 saylı mənzili isə 3-cü mərtəbədə yerləşir. O öz mənzilini təzə təmir etdirmişdir. 2022-ci il dekabrın əvvəllərində cavabdeh, ona xidmət edən kanalizasiya xəttini təmizlətdirmədiyinə görə çirkab suların onun mənzilinə axmasına səbəb olmuşdur. Nəticədə yaşadığı mənzilin tavanı, divarları və döşəməsinin bir hissəsi yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən, ona xeyli ziyan vurulmuş, mənzili yenidən təmir edilməlidir. Təmir üçün təxminən 10.000 manat xərc çəkilməsi tələb edilir. Cavabdehin təqsirli hərəkəti nəticəsində bu ziyan vurulduğuna görə, ziyanın əvəzini o ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qimən qəbul etmiş və bildirmişdir ki, ondan yuxarı mərtəbədə yaşayan qonşular kanalizasiyaya nəsə atırlar və nəticədə onun kanalizasiya xətti tutulur və çirkab suları onun mənzilinə və oradan da alt mərtəbədə yaşayan iddiaçının mənzilinə axır. Lakin o, yuxarı mərtəbədə yaşayan qonşunun bu hərəkətləri barədə heç yerə müraciət etməmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 5 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı evin 14 saylı mənzilinin sahibi İddiaçı ərizəsi əsasında mənzilə baxış keçirilib. Baxış zamanı məlum oldu ki, üst mərtəbədə yerləşən 16 saylı mənzildə kanalizasiya xətində tutulma baş verdiyindən, 14 saylı mənzilə çirkab su axıntısı olmuşdur. Bunun nəticəsində də 14 saylı mənzilin tavan, döşəmə və divarların bir hissəsi çirkab su ilə islanmışdır. Mənzil yeni təmir edildiyindən, mənzilə ziyan dəymişdir. Tərəflərindən görülən tədbirlər nəticəsində, 16 saylı mənzildən baş vermiş kanalizasiya tutulması, həmin ünvana dəvət edilən Su və Kanalizasiya İdarəsinin əməkdaşları tərəfindən kanalizasiya xətti təmizlənmişdir. Dəymiş ziyanla bağlı 14 saylı mənzilin sahibinə məhkəmə orqanlarına müraciət etməsi məsləhət görünmüşdür. İş materiallarında olan Səbail rayon MKTB-nin 5 saylı MKİS-nin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli, çıx-52 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı evin 16 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, ********** saylı çıxarışına əsasında Cavabdeh mülkiyyətindədir. Göstərilən mənzildə Cavabdeh xx.xx.2012-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8141 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı evin 14 saylı mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 14 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 16 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 14 saylı mənzilə su sızması 16 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 16 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı evin 14 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1564,0 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu baş verməlidir, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılması nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 1564 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 1564 (bir min beş yüz altmış dörd) manat və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X3, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar