Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-393/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızıınn katibliyi ilə, İddiaçının nümayəndəsi R.H.Tağızadənin, Cavabdeh1, onun vəkili Vəkil, Cavabeh Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 03.09.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 22,5 faizdən çox olmamaq şərti ilə 36 ay müddətinə 18900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti 03.09.2018-ci il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzili 03.09.2015-ci il tarixli SİP 70025050 saylı ipoteka müqaviləsinə əsasən yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 03.09.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 15.03.2020-ci il tarixinədək Cavabdeh1 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 17.471,79 ABŞ dolları əsas borc, 13.835,50 ABŞ dolları faiz borcu, 12.112,34 ABŞ dolları cərimə borcu və müqavilənin bitdiyi tarixdən 15.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1358,37 ABŞ dolları məbləğində borc olmaqla, cəmi 44778 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.471,79 ABŞ dolları əsas borc, 13.835,50 ABŞ dolları faiz borcu, 12.112,34 ABŞ dolları cərimə borcu və müqavilənin bitdiyi tarixdən 15.03.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1358,37 ABŞ dolları məbləğində borc olmaqla, cəmi 44778 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünanında yerləşən 12 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin yaşayış sahəsinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayədəsi həmçinin izahatında göstərmişdir ki, ekspert rəyi sübut növlərindən biridir. Məhkəmə tərəfindən müqayisəli şəklində qiymətləndiriməlidir. Hesab edir ki, iddia tələbində əsas və faiz borcu ilə bağlı rəqəmlər reallığı əks etdirir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, banka borcu olduğunu inkar etmir. Biznes fəaliyyəti ilə məşğul olmuşdur, kredit də bu məqsədlə götürülmüşdür. Lakin devalvasiya baş verdiyi və sonradan biznes fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün maddi imkansızlıq ucbatından banka olan borcu vaxtında qaytara bilməmişdir. O bankın səlahiyyətli şəxsinə müraciət edərək 10000 ABŞ dolları birdəfəlik ödəniş etmək şərti ilə yerdə qalan məbləği hissə-hissə aylıq ödənilməsi ilə bağlı razılığa gəlinməsini xahiş etsə də, onun bu xahişi nəzərə alınmamışdır. Tələb olunan əsas borc hesab edir ki, 14 min civarındadır. Həmin hissədə tələb şişirdilmişdir. Digər hissələrlə bağlı isə ekspert rəyi ilə razıdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, digər cavabdeh onun kürəkənidir. Ev onun mülkiyyətindədir, maddi çətinlik səbəbindən Samir borcu ödəyə bilməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Kreditor» qismində İddiaçı ASC ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh1 arasında bağlanmış 03.09.2015-ci il tarixli 70025050 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22,5%-lə, 18.900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 03.09.2015-ci il tarixli 70025050 No-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 03.09.2015-ci il tarixli 70025050 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 1 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak “FM Consulting” tərəfindən 03.09.2015-ci il tarixdə tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən 45.000 manat likvid dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya RX ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş üzrə LPO İddiaçı ASC-nin tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 23.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən və həmin ərizə üzərində aparılmış qeyddən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş 29.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə LPO İddiaçı ASC tərəfindən verilmiş 18.03.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15.03.2020-ci il tarixə əsas borcu 17.471,79 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış 13.835,50 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 12.112,34 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1358,37 ABŞ dolları borc, cəmi 44778 ABŞ dolları borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08.04.2021-ci il tarixli 9/1418 saylı rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 03.09.2015-ci il tarixli,70025050 No-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 03.09.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 26.973,92 ABŞ dolları, o cümlədən əsas borc - 17.730,40 ABŞ dolları, faiz borcu – 9.243,52 ABŞ dolları müəyyən edilmiş, 15.03.2020-ci il tarixə (iddia tarixinə) 28.333,25 ABŞ dolları, o cümlədən əsas borc - 17.730,40 ABŞ dolları, faiz borcu – 9.243,52 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1.359,33 ABŞ dolları müəyyən edilmişdir. İş üzrə “X1” MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlak obyektinin hazırki dövrə olan orta bazar və likvid qiymətinin müəyyən edilməsinə dair 21.04.2021-ci il tarixli, 030/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 70.000 manat, likvid qiyməti 65.000 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 03.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22,5% dərəcəsi ilə 18.900 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi Bank, borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında 03.09.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki,Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. İrəli sürülmüş tələbə əsasən iddiaçı Cavabdeh1 17471,79 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 13835,50 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən 15.03.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1358,37 ABŞ dolları və 12112,34 ABŞ dolları cərimə borcu, cəmi 44778 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 17730,40 ABŞ dolları, faiz borcu 9243,52 ABŞ dolları və müqavilənin bitdiyi tarixdən 15.03.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1359,33 ABŞ dolları təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 17471,79 ABŞ dolları, faiz borcu kimi müqavilə müddətinin sonunadək hesablanmış 13835,50 ABŞ dolları, illik 5% müqavilə müddətindən sonrakı müddət üçün 1358,37 ABŞ dolları məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və illik 5 faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və illik 5 faiz borcunun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 13835,50 ABŞ dolları məbləğində faiz borcun tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 13835,50 ABŞ dolları faiz borcunun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən tutulmalı olan faiz borcu ekspert rəyi ilə müəyyən həddə, yəni 9243,52 ABŞ dolları məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 12112,34 ABŞ dolları cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (dəbbə borcu) miqdarı 426,32 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun Cavabdeh2 mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Göstərilən Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. “FM Consulting” tərəfindən 03.09.2015-ci il tarixdə tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən əmlakın likvid dəyəri 45.000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilin likvid dəyəri 65.000 manat müəyyən edilmişdir. Məhkəmə hər iki rəyə hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə “X1” MMC-nin verdiyi rəy əsas götürülməlidir. Belə ki, ipoteka predmetinin qiymətləndirilməsi barədə “xxxx” MMC tərəfindən verilmiş rəy 2015-ci ildə tərtib edilmiş və həmin vaxtdan hazıra kimi daşınmaz əmlak bazarında əmlakların qiymətlərində əsaslı dəyişikliklər baş vermişdir. Belə olan halda, eyni zamanda “X1” MMC tərəfindən tərtib edilmiş rəy ipoteka predmetinin hazırki vaxta olan likvid dəyərini əks etdirdiyi üçün, mənzilin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilən likvid dəyər nəzərə alınmaqla hərraca çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin evin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsində təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində Cavabdeh2 tərəfindən boşaldılmalı, əks təqdirdə Cavabdeh2 məcburi qaydada mənzildən çıxarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh2 ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində mənzil üzrə qeydiyyatdan çıxmazsa, bu halda onun istifadə hüquqları məcburi qaydada itiriləmlidir. Məhkəmə ipoteka predmeti olan mənzil satıldıqdan sonra ona təhvil verilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən əsaslıdır. Belə ki, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan və boşaldıldıqdan sonra LPO İddiaçı ASC-yə deyil, mənzili almış şəxsə təhvil verilməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə habelə qeyd edir ki, Cavabdeh1 tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində də pul tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri də Cavabdeh1 aid edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 03.09.2015-ci il tarixli 70025050 saylı kredit müqaviləsinə əsasən 17471,79 ABŞ dolları əsas borc, 9243,52 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1358,37 ABŞ dolları faiz borcu, 426,32 ABŞ dolları cərimə borcu, cəmi 28500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul tutulsun. Cavabdeh1 tutulacaq pul məbləği Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 65.000 (altmış beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılsın. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 94 saylı evin 12 saylı mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın, Cavabdeh2 həmin mənzildən çıxarılsın və mənzil onu almış şəxsə təhvil verilsin. Cavabdeh2 mənzil satıldıqdan 1 ay sonra mənzildən qeydiyyatdan çıxmazsa, onun istifadə hüquqları 10 təqvim günü müddətində məcburi qaydada itirilmiş hesab edilsin. Cavabdeh1 dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pul tutulsun. Cavabdeh1 “X1” MMC-nin (“xxxx” ASC, kodu: 510277, Müxbir hesab: AZ98NABZ********************, VÖEN: **********, SWİFT BİK: NİCBAZ22, H/h: AZ69NİCB**********0001A40090) xeyrinə qiymətləndirmə hesabatının verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-393/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-393/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver