Məhkəmə qərarları › İş №2(009)-40/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-40/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-40/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı - Cavabdeh qızına qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qızına qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X18 ilə 22.11.2008-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları - 23.03.2010-cu il təvəllüdlü oğlu X13 və 15.02.2015-ci il təvəllüdlü oğlu X16 dünyaya gəlmişdir. O, ailə qurandan ünvan 1 ünvanına köçmüş və hal-hazırda da orada yaşayır. Onun cehiz əşyaları da həmin ünvanda yerləşir. Həmin mənzilə mülkiyyət hüququ cavabdehin adınadır. Dəfələrlə olduğu yer üzrə qeydiyyata alınmağına dair cavabdehə müraciət etmiş olsa da, cavabdeh onun həmin mənzilə qeydiyyata düşməsinə süni şəkildə maneəçilik törədir. Göstərilən normalardan və işin faktiki hallarından görünür ki, onun iddia tələbi qanuni və əsaslıdır. Belə ki, hər hansı xırda sənədləşmədən tutmuş, seçki hüququnun təmin edilməsinə qədər yaşadığı yer üzrə qeydiyyata alınmağı zəruridir. Bununla bərabər bildirmək istəyir ki, X18 və övladları da həmin mənzildə qeydiyyatdadırlar. Yaşayış yeri üzrə qeydiyyata alınmağının əsaslarından biri də mənzildən istifadə hüququnun tanınmasıdır. Faktiki olaraq o, qeyd edilən mənzildə 10 ildən artıq müddətdir yaşamağı ilə istifadə hüquqlarını həyata keçirir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qızı iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, anası X8 1960-cı ildən 7 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evdə yerləşən yaşayış sahəsi 12 kv.metr olan 14a saylı mənzildə yaşamışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 833 saylı, 07 may 1996-cı il tarixli sərəncamı ilə 24 nömrəli binanın həyətində yerləşən yaşayış sahəsi 18,5 kv.metr olan 2 otaq anası Q.Hüseynovanın istifadəsinə verilərək 24 nömrəli evin yaşayış sahəsi 30,5 kv.metr olan 3 otaqlı 14 A nömrəli mənzilinin kirayəçisi hesab edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2035 saylı, 29 dekabr 1997-ci il tarixli sərəncamı ilə 24 nömrəli evin yaşayış sahəsi 14 kv.metr olan otağı anası Q.Hüseynovanın istifadəsinə verilərək, 24 nömrəli evin yaşayış sahəsi 26 kv.metr olan 2 otaqlı 14 A nömrəli mənzilinin kirayəçisi hesab edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1208 saylı, 30 iyul 1998-ci il tarixli sərəncamı ilə 24 nömrəli evin həyətində yerləşən sahəsi 9,0 və 6,5 kv.m olan qeyriyaşayış sahəsi təsərrüfat məqsədilə anası Q.Hüseynovanın istifadəsinə verilmişdir. 1998ci ildə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 nömrəli evin ümumi sahəsi 60,9 kv.m olan yaşayış sahəsi 26 kv.metr olan 2 otaqlı anası X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və onun adına seriya MH 163180 nömrəli, 07.10.1998-ci li tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 nömrəli evin yaşayış sahəsi 30,5 kv.metr olan 3 otağı isə qardaşı, hazırki iş üzrə iddiaçının qayınatası X10 adına rəsmiləşdirilərək həmin mənzilə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24, mənzil 14 ünvanı verilmişdir. X19 vəfatından sonra 2010-cu ildə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24-də yerləşən 14 saylı mənzil vərəsəlik yolu ilə X4 adına rəsmiləşdirilmişdir. Hazırki iş üzrə iddiaçı da Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24-də yerləşən 14 saylı mənzildə yaşamışdır. O, anası Qalina Hüseynova, həyat yoldaşı X20 və oğlu X17 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24-də yerləşən 14 A saylı mənzildə yaşamışdır. 23 noyabr 2010-cu il tarixdə 41 saylı dövlət notariat kontorunda bağlanmış və Reyestrdə 4 Ə-821 nömrə ilə qeyd edilmiş mənzilin bağışlama müqaviləsinə əsasən anası X8 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evdə yerləşən 14 A saylı mənzilini ona bağışlamış və DƏDRX tərəfindən onun adına seriya MA ******* saylı 17.12.2010-cu il tarixli çıxarış verilmişdir. Bağışlama müqaviləsi bağlanılarkən notariat kontoruna qeyd olunan mənzilə dair 8 saylı MKİS-dən alınmış 794 saylı 08.10.2010-cu il tarixli arayış təqdim edilmişdir. Həmin arayışda da ünvan 2 ünvanında qeydiyyatda olanlar kimi X8, Cavabdeh qızı, X17 və X20 göstərilmiş, iddiaçı və onun ailə üzvləri onlarla birlikdə yaşamamışlar. 20 fevral 2015-ci il tarixdə anası Qalina Hüseynova vəfat etmiş, anasının vəfatından sonra yaşadığı mənzili təmir edərək X14 xahişi ilə ona aylıq 200 manata kirayəyə vermişdir. 2019-cu ilin fevral ayında mənzili satmaq qərarına gələrək Ramiz Hüseynovun mülkiyyətində olan mənzildən çıxmalarını tələb etmişdir. Lakin, onlar mənzildən çıxmaq istəməmiş, Ramiz onu şantaj edərək mənzil satılacağı təqdirdə ondan 10.000 manat pul alacağını bildirmişdir. Həmin vaxtadək onların onun mənzilində qeydiyyatda olduqları barədə nə onda nə də, MKİS-də heç bir məlumat olmamışdır. 08.04.2019-cu il tarixdə 2 saylı ASAN xidmət mərkəzindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 232670 nömrəli arayışdan məlum olmuşdur ki, onunla qonşuluqda Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evdə yerləşən 14 saylı mənzildə yaşayan X6, 15.02.2015-ci il təvəllüdlü X16, 23.10.2010-cu il təvəllüdlü X13 və 21.07.1984-cü il təvəllüdlü X14 ünvanı kimi onun ünvanı qeyd edilmişdir. Bundan sonra 8 saylı MKİS-ə müraciət edərək həmin şəxslərin ünvanı barədə arayış verilməsini xahiş etmişdir. 8 saylı MKİS-dən alınmış 589 saylı, 11.04.2019-cu il tarixli arayışdan da məlum olur ki, X6, X16, X13 və X14 ünvanı yaşadıqları Bakı şəhəri, Şeyx Şamil küçəsi, ev 24, mənzil 14 göstərilmişdir. Nə anası X8, nə də o, X6, X16, X13 və X14 mülkiyyətində olan mənzilə qeydiyyata alınmasına razılıq verməmişlər. Lakin, adları qeyd olunan şəxslər başqa ünvanda yaşamış olsalar da, bu günədək onun xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Buna görə də o, əlavə kommunal xidmət haqqı ödəmək məcburiyyətində qalmış və onun mülkiyyət hüququnu məhdudlaşmışdır. Buna görə də, cavabdehlər X6, X16, X13 və X14 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin 14A saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzil sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı onun ailə üzvü deyil, nə o, nə də onun ailə üzvləri heç zaman onunla birlikdə yaşamamış, onun mənzilində ona aid heç bir əşya yoxdur. Cavabdeh qızı etiraz təqdim edərək həmçinin göstərmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən ünvanda guya 2008-ci ildən yaşadığını bildirmiş və cehiz əşyalarının ona məxsusluğunu qeyd etmişdir. Halbuki, o, mərhum anası Hüseynova Qalina ilə birgə anasının dünyasını dəyişdiyi günədək, 2015-ci ilin mart ayınadək birlikdə ünvan 4 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. O, anasının yeganə sağ qalan övladı (varisi) olduğu üçün sözügedən əmlak 2010-cu ildə bağışlama müqaviləsinə əsasən onun adına rəsmiləşdirilmişdir. Anasının vəfatından bir neçə ay sonra evi təmir edərək kirayə vermək qərarına gəlincə onunla qonşu evdə ünvan 5 ünvanda yaşayan mərhum qardaşının oğlu İddiaçı həyat yoldaşı olan X2 verilməsini dəfələrlə təkid etdikdən sonra aylıq 200 manata razılaşaraq ona kirayə vermiş, 4 il ərzində vaxtı vaxtında kirayə pulu ödənilmişdir. 2019-cu ilin fevral ayında evi satacağını bildirdikdə Ramiz həmin evə onun və anası Ludmilanın qeydiyyatı olduğunu bildirərək kirayə haqqını dayandırmaqla yanaşı onu evdən qovaraq təhqir etmişlər. O, bu barədə aidiyyəti qurumlara eləcə də, 30.05.2019-cu il tarixdən etibarən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə onların istifadə hüququna itirilmiş hesab edilməsi və mənzilin boşaldılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. X15 bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia tələbi təmin edilməmişdir. Eləcə də, həmin iddia tələbi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya və Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən qüvvəsində qalmışdır. Hazırki iş üzrə Ramizin həyat yoldaşı iddiaçı Yevgeniya Valeryevna ona qarşı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Verilmiş iddia ərizələrindən, eləcə də iş mateallarında bəlli olur ki, o, qanuni mülkkiyyətindən məhrum olunmaqla yanaşı qarşı tərəfin əsassız iddiaları ilə məhkəmələrdə süründürməçiliyə məruz qalmaqdadır. Hər üç işin halları onu göstərir ki tərəflər ailəlikcə ona qarşı əsassız iddialar irəli sürməklə onu bezdirmək, mülkiyyətindən qanunsuz məhrum etmək, qanunsuz yolla evinə qeydiyyata alınmalarının əsil səbəbini ört bastır etməyə çalışırlar. Hesab edir ki, Yevgeniya Valeryevnanın iddiasının heç bir hüquqi əsası yoxdur və iddia rədd olunmalıdır. Məhkəmə iddiaçınnı izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ seriyalı, 458713 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X9 arasında 22.11.2008-ci il tarixdə nikah bağlanmış və həmin nikah 3918 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 12516456 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 23.03.2010-cu il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 12095254 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 15.02.2015-ci il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli, 2(009)-1959/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X18 Cavabdeh qızına qarşı “mülkiyyət hüququnun və mülkiyyət hüququna əsas olan əqdin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair 23.11.2010-cu il tarixində ünvan 6t kontorunda 4Ə-821 reyestr nömrəsi üzrə X8 ilə Cavabdeh qızı arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh qızı tərəfindən həmin mənzilə dair alınan mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddiaçı X14 – Cavabdeh qızına qarşı “mülkiyyət hüququnun və mülkiyyət hüququna əsas olan əqdin ləğvi” tələbinə dair iddiası rədd edilmişdir. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2(103)- 1192/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli, 2(009)-1959/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(102)-4020/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2(103)-1192/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 60,9 kv/metr, yaşayış sahəsi 26.0 kv/metr, yardımcı sahəsi 34,9 kv/metr 2 otaqlı olan Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzili 12.12.2010-cu il tarixdə Cavabdeh qızının adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X18 22 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 23.03.2010-cu il tarixdə X13 və 15.02.2015-ci il tarixdə X16 adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh qızının qardaşı oğlu X14 arvadıdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzil 12.12.2010-cu il tarixdə Cavabdeh qızının adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Hazırda İddiaçı ailə qurduqları vaxtdan iddiaçı Cavabdeh qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzilinə köçməsini və ailəsi ilə birlikdə həmin mənzildə yaşamasını, uşaqlarının da həmin ünvanda yerləşən evdə doğulub yaşamalarını iddia edərək digər qanun normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, Mənzil Məcəlləsinin 30.4 və 30.5-ci maddələrinə istinad edərək cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya olan etirazında digər dəlillərlə yanaşı, iddiaçının onun ailə üzvü olmamasına və iddiasının heç bir hüquqi əsası olmamasına əsaslanaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı X18 ilə 22 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurması, eləcə də Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzilin Cavabdeh qızının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı iddiaçının izahatı və iddia ərizəsinin və iddia ərizəsinə etirazın məzmunu ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cümaddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.” Məhkəmə qeyd edir ki, İddiaçı ailə qurduğu vaxtdan (2008-ci ildə) Cavabdeh qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, ev 24, 14A saylı mənzilinə köçməsini və ailəsi ilə birlikdə həmin mənzildə yaşamasını, uşaqlarının da həmin ünvanda yerləşən evdə doğulub yaşamalarını iddia etsə də, bu halları təsdiq edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Lakin, iddiaçının qeyd etdiyi xüsusatlar həqiqətə uyğun olsa belə, iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları baxımından mübahisəli mənzilə onun istifadə hüququ yarana bilməzdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (MM 228.2) Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. (MM 228.5) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2 və 228.5-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.” Həmin Qərarın 1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” «Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir - mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları. Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırkı İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh qızının ailə üzvü olmamaqla, onun qardaşı oğlunun arvadıdır. İddiaçı mübahisəli mənzil üzrə mülkiyyətçinin ailə üzvü olmamaqla yanaşı, eləcə də onunla mülkiyyətçi arasında Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, yəni mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmadığından onun mübahisəli mənzilə hər hansı bir istifadə hüququ da yarana bilməzdi. Belə bir razılaşmanın olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2 və 228.5-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bundan başqa iddiaçı, Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları ilə yanaşı, həmçinin Mənzil Məcəlləsinin də 30.4 və 30.5-ci maddələrinə də istinad etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazında digər hallarla yanaşı həmçinin göstərmişdir ki, “onun anasının vəfatından bir neçə ay sonra (2015-ci ildə) evi təmir edərək kirayə vermək qərarına gəlincə onunla qonşu evdə ünvan 5 ünvanda yaşayan mərhum qardaşının oğlu İddiaçı həyat yoldaşı olan X2 verilməsini dəfələrlə təkid etdikdən sonra aylıq 200 manata razılaşaraq ona kirayə vermiş, 4 il ərzində vaxtı vaxtında kirayə pulu ödənilmişdir. 2019-cu ilin fevral ayında evi satacağını bildirdikdə Ramiz həmin evə onun və anası Ludmilanın qeydiyyatı olduğunu bildirərək kirayə haqqını dayandırmaqla yanaşı onu evdən qovaraq təhqir etmişlər. O, bu barədə aidiyyəti qurumlara eləcə də, 30.05.2019-cu il tarixdən etibarən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə onların istifadə hüququna itirilmiş hesab edilməsi və mənzilin boşaldılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. X15 bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia tələbi təmin edilməmişdir. Eləcə də, həmin iddia tələbi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya və Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən qüvvəsində qalmışdır.” Məhkəmə iddiaçının mübahisəli mənzilə 2008-ci ildə köçməsi və həmin vaxtdan orada yaşaması barədə məhkəməyə sübut təqdim edilmədiyini, həmçinin iddiaçının ailəsi ilə cavabdeh arasında məhkəmə mübahisələrinin olduğunu nəzərə alaraq, cavabdehin iddiaya olan etirazının dəlillərini inandırıcı hesab edir və belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzilə onun ailəsinə mənzil kirayə verildikdən sonra, yəni 2015-ci ildə köçmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə 2015-ci ildə (kirayəyə verilməsi ilə) köçməsi halında da həmin vaxt qüvvədə olan (01 oktabr 2009-cu il tarixdən qüvvəyə minən) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları baxımından da onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin məzmununa görə, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.” Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarı ilə belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Məhkəmə qeyd edir ki, 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (30.2) Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. (30.5) Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçı mənzilin mülkiyyətçisi olan cavabdehin (iddiaçı cavabdehin qardaşı oğlunun arvadı olmaqla) ailə üzvü olmamaqla, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyildir. Məhkəmə iddiaçının və cavabdehin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüquqları Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları ilə yanaşı, həmçinin Mənzil Məcəlləsinin də 30-cu maddəsinin müdəaları baxımından yaranmamışdır. Əks mövqe mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozmuş olar. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və “istifadə hüququnun tanınması” tələbinə dair iddiasının əsassız olması nəticəsinə gəlir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qızına qarşı ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qızına qarşı ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar